Oğru məmurların "yoxa çıxan" varidatı...

20:26 10-02-2021 225

Xalq oğurlanan milyardların ona qaytarılmasını istəyir

2005-ci ildən bəri Azərbaycan hökumətinin ünlü-dürlü məmurlarının rüşvət və korrupsiya suçu ilə həbs edilməsi, artıq ənənəvi xarakter alıb. Müəyyən dövrlərdə bu proses bir qədər səngiyib və zaman-zaman yenidən aktuallaşıb. Bu ənənənin bünövrəsi səhiyyə naziri Əli İnsanov və iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbs edilməsi ilə qoyuldu. Hərçəndi onların həbsini ilkin səbəbləri tamam başqa məsələ idi. Sonrakı illərdə artıq müxtəlif ranqlı çox sayda dövlət məmurlarının həbsinə şahidlik etdik. Bu siyahı nazirdən tutmuş icra başçısı, muzey direktoruna qədər rəngarəngdir. Son günlər bu ənənəyə üç il əvvəl nazir kürsüsünü itirən Səlim Müslümovun həbs edilməsi ilə rəvac verdilər. Səlim Müslümovun həbsi daha çox maraq və müəmma doğurur. Çünki bu adam hər hansı bir əyintiyə, korrupsiyaya yol vermişdisə, kimdənsə rüşvət almışdısa, nədən üç il bundan əvvəl, nazir kürsüsündən endiriləndən dərhal sonra mühakimə edilmədi? Yəni doğrudanmı Səlim Müslümov öz cinayətlərini elə peşəkarlıqla ört-basdır etmişdi ki, onun araşdırılaraq təsdiqlənməsi üçün ölkənin hüquq-mühafizə orqanlarına üç il vaxt lazım oldu? Səlim Müslümovu peşəkar maliyyəçi kimi tanıyan birisi kimi, bu iddiaya inanmaq olardı, amma bu adamın fəaliyyətini sıravi vətəndaşlar belə, çox aydın görür, müşahidə edirdilər. Bu adam 2006-cı ildən 2017-ci ilə qədər Azərbaycan xalqına şirin nağıllar danışdı, çox mütərəqqi pensiya sistemi quracağı barədə işıqlı vədlər verdi. Hər dəfə pensiya islahatının gedişi barədə mətbuat konfransı keçirəndə, mətbuata açıqlama və ya müsahibə verəndə o, Danimarkanın pensiya sistemini ölkədə quracağını deyirdi. Düzdü, o, Danimarkanın adını çəkmirdi, amma söylədiyi nağıllarla bu ölkənin pensiya sistemini təsvir edirdi. Dünyanın əksər ölkələrində işləyən əhalinin yaratdığı dəyərdən tutulan sığorta haqqından formalaşan vəsait hesabına pensiya verilir, yəni gənc nəsil işləyir, təqaüdçüləri saxlayır. Danimarkada və əksər Avropa ölkələrində belə deyil - hər bir ölkə vətəndaşı işlədiyi dövr ərzində aldığı əmək haqqına uyğun olaraq özünə pensiya kapitalı, daha doğrusu özünə layiqli pensiya qazanır. Səlim Müslümovun 11 il reklam etdiyi, 2017-ci ildə isə arxasından bir təpik vuraraq ləğv etdiyi fərdi hesaba yığılan pensiya kapitalı, məhz Danimarka təcrübəsi kimi məşhurdur. Lakin o, bunu bacarmadı, bəlkə də heç məqsədi də ölkədə belə bir pensiya sisteminin qurulması deyildi. Bəs məqsəd nə idi? Sonradan bəlli oldu ki, mütəxəssislərin dil pəhləvanı kimi tanıdıqları Səlim Müslümovun məqsədi bir neçə il islahat adı altında pensiya kapitalı fonduna pul yığmaq, bunun ardınca isə guya alınmadığına görə, pensiya kapitalı yığımını ləğv edib, yığılan pulları ələ keçirmək olub. Bu sahədən anlayışı olan hər kəs əvvəlcədən bilirdi ki, 2006-cı ildə start verilən pensiya islahatını uğurla sona çatdırmaq mümkün deyil. Çünki ölkə iqtisadiyyatının forması buna imkan vermirdi - sözügedən sistemin işləməsi üçün mükəmməl bazar iqtisadiyyatı modeli işləməlidir. Lakin cənab Müslümov israr edirdi ki, bu mümkündür - 1 iyul 2017-ci ildə pensiya qanunvericiliyinə edilən dəyişikliyə əsasən pensiya kapitalı üçün fərdi hesaba yığım aradan qaldırıldı. Lakin 11 il müddətində pensiya kapitalı kimi yığılan 3 milyard manata yaxın vəsaitin hara xərcləndiyi indiyə qədər hökumətin heç bir hesabatında görünməyib. Əslində, S.Müslümovun ən irimiqyaslı möhtəkirliyi budur. Üç milyard manatın ölkənin maliyyə sistemindən yoxa çıxması mümkün deyil, çünki bu kifayət qədər böyük məbləğdir. Bu, keçmiş nazirin yalnız bir "maxinasiya"sıdır, digərlərini də sadalamaq olar, bunu mütəxəssislər çox gözəl bilir. Maraqlı olan məqam Səlim Müslümovun mühakiməsinin bu qədər gecikməsidir. Ancaq onu da vurğulamaq yerinə düşər ki, mühakiməsi gecikdirilən yüksək ranqlı sabiq məmur yalnız Səlim Müslümov deyil. Məsələn, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun rəhbərlik etdiyi kollektivdə bu qədər cinayətkar tapıldı, amma nazir ittaham edilmədi. Bununla yanaşı, ləğv edilən Nəqliyyat Nazirliyinə uzun müddət rəhbərlik edən, ölkənin ən varlı məmuru sayılan Ziya Məmmədova qarşı da hələ heç bir rəsmi ittaham irəli sürülməyib. Ziya Məmmədov özünü o qədər sığortalı hiss edir ki, hətta müsahibələrində cəmiyyəti ələ salır. O, açıqlamalarından birində deyib ki, Ağsuda heyvandarlıqla məşğulam, dolanmaq lazımdır... Guya bu məxluq dolanmaq üçün heyvandarlıqla məşğuldur. Belədirsə, dövlət büdcəsindən körpu-asfalt adı ilə mənimsədiyin milyardlar hardadır ki, sən dolana bilmirsən? Bəli, Azərbaycan xalqının sərvətini talayıb, indi də xadqı ələ salır.

Digər həbs edilən məmurlara qarşı da buna bənzər mənimsəmə və korrupsiya ittahamları irəli sürülüb. Bütün həbs edilən yüksək ranqlı dövlət məmurlarının mənimsədiyi vəsaitləri cəmləsək, bu on milyardlarla ölçülən məbləğə bərabər olar. Onda ortaya sual çıxır, həbs edilən məmurların mənimsədiyi, oğurladığı dövlət vəsaitinin taleyi necə olur - bu vəsaitlər sabiq məmurlardan alınırmı, yoxsa həbsi ilə bərabər oğurlanan vəsaitlər də ona bağışlanır? Bu gün Azərbaycan xalqı həmin vəsaitlərin taleyi barədə heç nə bilmir. Hesab edirik ki, hökumət bu barədə ilk növbədə ölkə vətəndaşlarına - cəmiyyətə hesabat verməlidir - bu oğurluq pullar vurulan məmurlara bağışlanırsa, onun da bir məntiqi formalaşmalıdır. Məsələn, dünya təcrübəsində maliyyə amnistiyası aktı var, bəlli bir gündə hökumət elan edir ki, filan tarixə qədər oğurlanan dövlət vəsaitlərini əfv edirik, kimin nə qədər kapitalı varsa, leqallaşdırsın və filan tarixdən dövlət büdcəsinə yaranan vergilərini ödəsin. Dərd burasındadır ki, Azərbaycanda maliyyə amnistiyası da yoxdur, hər məmurun filan qədər oğurluq əmlakı var, ürəyi isə səksəkədədir - korrupsiya və rüşvətxorluq ittahamının növbəsi mənə nə vaxt çatacaq...

Gündə bir məmuru korrupsiya və rüşvətxorluqda ittaham edib, onun daşınan və daşınmaz əmlakını, kapitalının miqdarını bəyan etmək azdır, bu bəyanatlar xalqı razı sala bilməz. Rüşvətxor və korrupsiyaner məmurlarla mübarizə məntiqi sonluğa qədər davam etdirilməlidir. Belə ki, hər bir ittaham edilən məmurun oğurladığı vəsaitlər qəpiyinə qədər dövlət büdcəsinə qaytarılmalı, xalqın rifahına yönəldilməlidir. Azərbaycan kimi varlı neft ölkəsində uşaq pulu verilmir, balaca bir məmurun oğurladığı vəsait bir neçə il uşaqpulu verməyə yetər bəlkə də... Axı bizim məmurlarımız üçün milyon artıq "tum pulu" sayılır, söhbət milyardlardan gedir. Respublikamızda hər uşağa bir il ərzində ayda ortalama yüz manat uşaqpulu vermək üçün bir milyard manat kifayət edir. Amma Səlim Müslümov təkbaşına 2-3 milyard manatı mənimsəyir, atası Yanvar kişi haqqı olmadığı yüksək pensiya ilə təmin edilir və s.

Sonda nəticə olaraq bir daha qeyd edirik ki, Azərbaycan cəmiyyəti oğru məmurların əmlakının siyahısını oxumaqdan, kapitalının məbləğini saymaqdan bezib, xalq oğurlanan milyardların ona qaytarılmasını istəyir.

 Akif Nəsirli