Yaradanın LÜTFİ

20:34 10-02-2021 225

Həyat – Allahın bizlərə bəxş etdiyi ən böyük lütfdür, hakimi isə zamandır

 Ah... bəzən bir dəqiqəsi bitib-tükənməyəcək qədər uzun olan zamanımız, bir anda su kimi axıb elə keçir ki, bu keşməkeşli həyatın dolanbaclarından boylandığımızda səhvimizlə, düzümüzlə ömür adlı yolun sonuna gəldiyimizin fərqinə varmırıq. Amma mühüm olan bu deyil. Mühüm olan həyat adlı yükün ağırlığından az da olsa, azad olmaq üçün başımızı yastığa qoyarkan zaman- zaman “ nə itirdim, nə qazandım” deyə, özümüzü sorğu-suala çəkdiyimiz məqamlardır. Bu məqamlarda, bəzən təəssüf hissi keçirdiyimiz , bəzən də qürurlandığımız anlar olur.

Ümmansız zaman dənizinin ömür qayığında səyahətə çıxdığımız gecənin qaranlığının və səhərin aydınlığının canlı şahidləri oluruq. Bizə məxsus olan bu ömür rəngləri ilk baxışdan göründüyü kimi, yalnız ağdan və qaradan ibarət deyil. Bu iki rəngin qarışığından doğan onlarla rəng çaları taleyimizə qarışır.

Məntiqimizin alqıladığı reallıqla, xəyallarımızda canlandırdığımız qeyri reallıqların çarpazlaşması bizi Eynşteyn fəlsəfəsindən yola çıxdığımız zaman nisbiliyindən Lütfü Zadənin içimizdə var olan, amma ifadə edə bilmədiyimiz məntiqimizin qeyri-səlis nəzəriyyəsi ilə qarşı-qarşıya qoyur.

Biz Aristotelin qərar verdiyi “yalnız yalan və yalnız doğu” kateqoriyasından yüksələrək, məntiq adlı idrakımızın - mütləq və dəyişməyən yalnız Allahdır deyərək, öz həyat rənglərimizin çeşidli çalarlarından göy qurşağı yaradırıq. Beləliklə, mütləq dərəcə kateqoriyasından azad olaraq kamil məntiqə yetişib kəşflərə yol açırıq.

Hər birimizin öz dünyamızda idrakımızın çata bildiyi pik nöqtələr var. Bu nöqtələr bəsitdən mükəmmələ doğru boyüyür. Hər kəs öz dünyasında Tanrının ona bəxş etdiyi lütfü qədər kəşflərə yol açır. Bəziləri isə bəşəriyyətin taleyini dəyişə biləcək mühüm kəşfləri ilə yadda qalır – Allahın bəşəriyyətə lütfü olan Lütfi Zadə kimi. O, artıq həyatda deyil...

Lakin çoxlarından fərqli olaraq mütavaze, çalışqan, səbrli və qeyri-adi istedadı sayəsində əldə etdiyi uğurlari ilə həm bu dünyada, həm də axirətdə əbədi həyat qazanıb. Bəli, belə unikal insanlar hər zaman yaddaşlarda yaşayır, tarixə düşür, bəşəriyyətin yaddaşına həkk olur. Azərbaycanın qürur mənbəyi olan Lütfi Zadə bizdən çox uzaqlarda, okeanın o tayında ədədi olaraq gözlərini dünyaya yumsa da, yeni bir həyata başladı. O həyat, onu bundan sonra tarixdə yaşadacaq qədər əbədidir.

Lütfi Zadə kim idi? -Tolerant fəlsəfəyə əsaslanan aralıq kateqoriyaların mövcudluğunu sübut edən, dünyanı təəccübləndirən qeyri-səlis məntiq nəzəriyyəsi arada qalaraq, aşkardakı səhnədə görünməyən çalarlarının hüquqlarını tanıdan və bərpa edən fenomen insan!

“Konfliktlərin həll olunması, həqiqətin aşkarlanması, hesablamaların dəqiqliyi aralıq fazalara əhəmiyyət verilmədən aparıla bilməz” fikrini irəli sürən böyük insanın bu nəzəriyyəsi ilk olaraq Yaponiyada istehsal olunan texniki avadanlıqların böyük əksəriyyətinin üzərində tətbiq olundu. Bu uğurlu cəhdin arxasınca Amerikanın hava hücumundan qorunmasının yenidən qurulması məsələsi gündəmə gələndə Kasko adında bir alim həmvətənlərinə bu nəzəriyyəni tətbiq etməyi təklif etdi.

Məsrəfi trilyon dollar vəsait hesabına başa gələn işlər bu gün, bu nəzəriyyə sayəsində Çinə ildə yüz milyardlarla gəlir qazandırır. Lütfi Zadənin bu nəzəriyyəsi Azərbaycanda da yüksək qiymətləndirildi. Bu nəzəriyyə yalnız texnoloji sahələrdə tətbiq olunmaqla bitmədi, incəsənətə də, yol açdı. O, Vaqif İbrahimoğlunun yaratdığı, qurucusu olduğu “Yuğ” teatrının səhnəsində psixosoft teatr ənənəsinin tərkib hissəsinə çevrildi.

İllər keçdi, “qeyri-səlis ömür ümmanının” məntiq kateqoriyasına dayanaraq “Amerika adlı aralıq kateqoriyasından” yola çıxan fəxrimiz Lütfü Zadənin son hədəfi də elə Azərbaycan oldu. Bu yerdə minillərin sınağınnan sıxmış xalqımızın...

Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı - el bayatısını yada salmamaq günah olardı...

1921 – ci il fevralın 4 -də Bakıda anadan olmuş, dünyanın elm nəhəngi Lütfi Zadənin bu günlərdə 100 - cü ildönümü tamamlandı. Görkəmli alimin 100 illik yubleyi munasibətilə Milli Kitabxanada Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq “ Lütfi Zade -100” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, rəsmi sənədlər, fotolar, müəllifi olduğu kitablar, həmçinin, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Bəli, bu gün öz kəşfləri ilə dünyanı heyrətə gətirən Allahın bəşəriyyətə bəxş etdiyi LÜTFİNİN yorğun ruhu doğma vətən torpağında rahatlıq tapıb...

 Şahnaz Salehqızı

[email protected]