Baş infeksionistdən uşaqlarla bağlı HƏYƏCAN TƏBİLİ

22:06 11-02-2021 234

“Son vaxtlar koronavirusla (COVID-19) bağlı poliklinikalara müraciət azalıb”. milletinsesi.info-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı uşaqlar üçün nəzərdə tutulan planlı peyvəndin vaxtı keçib: “Bu peyvəndlər edilməlidir. Təcrübə göstərir ki, uşaqlar arasında həssaslıq olduğu üçün qızılca, məxmərək və digər xəstəliklər yenidən alovlana bilər. Onlar mütləq planlı peyvənd olunmalıdır. Valideynlər bu haqda ciddi düşünsünlər və övladlarını təqvim üzrə peyvənd etdirsinlər. Beş yaşa kimi uşaqlar maskadan istifadə etməməlidirlər”.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun sözlərinə görə, maskadan düzgün istifadə etmək lazımdır: “Maskanın üz tərəfinə əlimizi vurub, sonra üzünə toxunacaqsa, bu zaman virusa yoluxacağıq. 5 yaşa qədər uşaq kontingentinə bunu izah etmək çətin olur. Bunun üçün onlar maskadan istifadə etməməlidir. 6-11 yaş arası uşaqlara müəyyən izahedici söhbətlər aparmaqla, onlara maskanı taxdırmaq mümkündür. Maska düzgün istifadə edilsə, effektiv nəticə ola bilər”.

“Təhsil müəssisələrində yuxarı sinifdə oxuyan məktəblilərin maska taxması məcburidir. Məktəbəqədər və kiçik siniflərdə maska taxılması valideynin öhdəliyinə verilir. Peşə, orta ixtisas məktəblərində, eləcə də ali məktəblərdə bu məcburidir”, - deyə o əlavə edib.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, koronavirus (COVID-19) vaksininin peyvənd təqviminə salınması təkcə Azərbaycanda deyil, bütün dünyada müzakirə olunur.

Onun sözlərinə görə, bunun üçün koronavirus pandemiyasından xilas olmalıyıq: “Bundan sonra peyvəndin özünün necə aparması izlənilməlidir. Düşünürəm ki, bu infeksiya daim bizimlə yaşayacaq. Ola bilsin ki, hansısa ölkədə infeksiya yenidən alovlana və sönə bilər. Əsas məsələ bu infeksiyanı keçirən insanlarda immunitetin nə qədər davamlı olmasıdır”.

“Peyvəndin nə qədər müddət təsirli olması da izlənilir. Əgər bu 6-9 ay çəkirsə, o zaman yenidən peyvənd vurula bilər. Hər bir ölkə bunu nəzərə alıb, COVID-19 peyvəndini təqvimə sala bilər. Bunun üçün zaman lazımdır”, - deyə o əlavə edib.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, koronavirus (COVID-19) mutasiya edir və bu, çoxsaylıdır. Bu mutasiyalar yenə baş verəcək.

Onun sözlərinə görə, bu zaman virusun xüsusiyyətləri dəyişə bilər: “Yeni mutasiya olunmuş virusa yoluxan uşaqların xəstəliyi necə keçirməsi insanları narahat edir. Yeni mutasiyalarda yoluxma sürətinin artması sübut olunub. Amma xəstəliyin ağırlaşması, ölüm hallarının artması və sair kimi fikirlər öz təsdiqini tapmır”.

Baş infeksionist qeyd edib ki, uşaqlar arasında vaksinasiya prosesi aparılmır:

“Çünki onlar risk qrupuna aid deyil. Vaksinlərin təhlükəsizliyi və effektivliyi uşaqlar arasında öyrənilməyib. Burada sadə qaydalara əməl edilməsi, əllərin yuyulması, qoruyucu vasitələrdən istifadə edilməsi vacibdir. Belə yolla uşaqlar arasında xəstələnmə hallarını müəyyən qədər məhdudlaşdıra bilərik”.