TƏBİB: “Açıq havada tək olanda maska taxmaya bilərsiniz” - VİDEO

13:21 12-02-2021 369

“Açıq havada yaxınlığınızda heç kim yoxdursa, tək gedirsinizsə, maska taxmaya bilərsiniz”. milletinsesi.info xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarında sosial məkanlarda maska taxmaq məcburidir. Yəni açıq havada tək gedirsinizsə maska taxmaya bilərsiniz:

"Biz əgər sosial ərazilərdəyiksə, maska taxmaq məcburiyyətindəyik. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sizin sırf inzibati qaydada maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”.

TƏBİB nümayəndəsinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri ərazidən asılı olmayaraq açıq havada maska taxılmadığı təqdirə polis əməkdaşları tərəfindən cərimə tətbiq edildiyini qeyd ediblər. 

“Peyvəndlə bağlı skeptik yanaşmalar yalnız yaşlılar arasında deyil, gənclər arasında da var. Lakin onu demək lazımdır ki, ilk növbədə etibarlı mənbələrdən məlumat alaraq ona güvənmək lazımdır”.

Onun sözlərinə görə, əgər peyvənd insanları 70-90 faiz ölümdən qoruyursa, bu, özü peyvəndlə bağlı şübhəli düşüncələrin olmamasına və sualların meydana çıxmamasına əsas yaradır:

“Peyvənd bizi yalnız xəstəlikdən deyil, ölümdən də qoruyur. Çünki şəxsin xəstəliyi necə keçirəcəyi bəlli deyil. Bəzi gənclər “mən idmanla məşğul oluram, yaxşı qidalanıram, sağlam həyat tərzi keçirirəm” desə də, bunlar insanda immunitetin güclü olmasına və onların xəstəliyi yüngül keçirəcəyinə əsas vermir. Heç kəs bizə xəstəliyi yüngül keçirəcəyimizə təminat vermir.

Buna görə də hər kəs risk qrupuna daxildir. Çünki biz daha əvvəl yaşlı və yanaşı xəstəliyi olanların COVİD-19-u daha ağır keçirdiyini söyləyirdik. Amma zamanla gənc insanlar arasında da COVID-19-u ağır keçirmə və hətta bundan ölümün baş verməsi hallarına rast gəldik. Bu səbəbdən gənc olmağımıza, yanaşı xəstəliyimizin olmamasına güvənməməliyik”.

N.Mustafayeva qeyd edib ki, insanda immunitet anadangəlmə formalaşır. Həyat tərzi immunitetin sadəcə güclü və ya zəif olmasını müəyyən qədər balanslaşdırır.

Xatırladaq ki, Nazirlər Kabinetinin karantin qaydaları ilə bağlı müvafiq açıq havada maska taxmağın məcburi olduğu vurğulanır. 

Bu məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Sorğu cavab olaraq bildirildi ki, mövzu ilə əlaqədar açıqlama veriləcək. 

Könül Cəfərli