Neft mədənlərində yaşayan əhali radiasiyadan əziyyət çəkir

18:37 12-02-2021 288

Ətraf mühit və insan sağlamlığı üçün ən böyük təhlükəni təbii mühitin radioktiv çirklənməsi yaradır. Hava radioaktiv maddələrlə nə qədər çox çirklənərsə, şüalanma təhlükəsi bir o qədər çox artır. Paytaxt Bakıda radiasiya fonu ən yüksək olan sahələr əsasən neft mədənlərinin əraziləridir.

Mütəxəssislər qeyd edir ki, neft quyularının ətrafında radiasiya fonu normadan yüz dəfələrlə çoxdur, elə buna görə də mədən ərazisində əhalinin məskunlaşması tövsiyə edilmir. Lakin hazırda Abşeron yarımadasındakı bir çox neft mədəni ərazilərində minlərlə ailə yaşayır. 

Əhalinin ən sıx məskunlaşdığı sahələrdən biri də Səbail rayonundakı “Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) mədən əraziləridir. Burada elə neft quyusu var ki, ətrafında 3-4 ev tikilib. “20-ci sahə” yaşayış massivinin ərazisindəki vəziyyət isə daha acınacaqlıdır. Təsəvvür edin, burada bəzi evlərlə “kaçalka” arasındakı məsafə bir metrdən də azdır. Hətta bəzi yaşayış evlərinin həyətində, hasarlarına birləşmiş neft quyuları mövcuddur. Halbuki qanunvericiliyin tələbinə əsasən, neft quyusundan azı 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Belə olan halda sual yaranır: Bəs bu qədər insan neft mədənlərinin ərazisində necə məskunlaşıb?


Niyazi İsmayılov

Araşdırmamız nəticəsində məlum oldu ki, vətəndaşların bu ərazilərdə məskunlaşmasının əsas səbəbkarlarından biri neft mədənlərindəki boş torpaqları zəbt edən işbazlardır. Onlar öz səlahiyyətlərindən sui-istifadə edən bəzi məmurlardan da dəstək alaraq bu ərazilərində gecəqondular tikib satmaqla məşğul olurlar. 

Mədən ərazilərini oğurlamaqla özünə “biznes” quran maklerlərdən biri də İsmayılov Niyazi Müzəffər oğludur. Apardığımız kiçik araşdırma ilə Bayıl - “20-ci sahə” yaşayış massivində Niyazi İsmayılovun mədən ərazisində tikib satdığı 20-yə yaxın yaşayış evini müəyyənləşdirdik. Çernyaxovski, Arif İsmayılov, Yüzbəy Mürsəlov, Gülbala Əliyev küçələrində hər addımbaşı Niyazi İsmayılovun tikdirdiyi evlərə, obyektlərə rast gəlinir. Onun özbaşınalığı o həddə çatıb ki, hətta neft hasilatına birbaşa müdaxilələr edir. Təsəvvür edin, Niyazi İsmayılov xüsusi texnika cəlb edərək 34-88 nömrəli işlək neft quyusunun ətrafındakı avadanlıqları kənarlaşdıraraq tikinti üçün hazır vəziyyətə gətirib. Neft mədəninin mühafizəçiləri tərəfindən edilən bütün xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda həmin neft quyusuna 5-10 metr məsafədə 4 ev və 1 obyekt tikib.


Hamlet Məmmədov 

İnsanların acizliyindən istifadə edib, onları aldadaraq pul qazananlardan biri də Hamlet Məmmədovdur. Onun neft mədəni ərazisini zəbt etməklə 30-a yaxın ev tikərək satdığı deyilir. Təbii ki, bu qədər qanunsuz işi o təkbaşına görə bilməz. Aydın məsələdir ki, icazəsiz daşı daş üstünə qoymaq mümkün deyil. Sakinlərin dediyinə görə, Səbail rayonunda bəzi məmurlar Hamletə havadarlıq edir. 

Neft mədəninin mühafizəçiləri sənaye təyinatlı torpaqların zəbt edildiyini aşkarladıqda isə Hamlet Məmmədov ətrafına topladığı adamlarla dərhal hay-küy salaraq münaqişə yaratmağa çalışır. Özünü şəhid Milli Qəhrəman Yelmar Edilovun bacısı oğlu kimi təqdim edərək, qanunsuz əməllərinə göz yumulmasını tələb edir. “Mən iki dayımı şəhid vermişəm” deyərək xalqın torpaqlarını zəbt edib qazanc əldə etməyə çalışır. Yəqin razılaşarsınız ki, şəhidə hörmət qoyan insan belə ucuz, qanunsuz işlərdə onun adından istifadə etməz. Hamlet Məmmədov isə şəhid dayısının adından sui-istifadə edib, sənaye təyinatlı ərazilərdə zəbt etdiyi və insanlar üçün təhlükə mənbəyi olan torpaqları satmaqla haram pul qazanır.

Hazırda Hamlet Məmmədov Elçin Əzizov küçəsində iki evin tikintisini başa çatdırmağa çalışır. Səbail Rayon İcra Hakimiyyəti və 8-ci polis bölməsinin əməkdaşlarının müdaxiləsi ilə qanunsuz tikintilər bir neçə dəfə sökülsə də, Hamlet Məmmədov qanunvericiliyin tələblərini hər dəfə heçə sayaraq tikinti işlərini yenidən bərpa edir. 


Hamlet Məmmədovun Elçin Əzizov küçəsində başa çatdırmağa çalışdığı qanunsuz tikili

Qeyd edək ki, bir vaxtlar “20-ci sahə”də at oynadan maklerlərdən biri də Hamlet Məmmədovun şəriki Rövşən Şirəliyev idi. Sözügedən ərazidə o da boş torpaq sahələrini zəbt edib xeyli sayda qanunsuz ev tikdirərək satıb. Ətrafda yaşayan insanların sözlərinə görə, dələduzluqla məşğul olan Rövşən Şirəliyev artıq həbs olunub.

Sakinlər deyir ki, onlar bu evlərin ucuz olmasına aldanıblar. Üstəlik maklerlər bir çox ailələrə yalan vədlər verib ki, bəs yaxınlıqdakı neft quyusu işləmir, yaxud bir neçə ay sonra həmin neft quyusu söküləcək, bu ərazilər abadlaşdırılacaq və sair. Təbii ki, bunların heç biri gerçəkləşməyib. Hazırda bir çox ailələr bu cür təhlükəli, normal yaşayış üçün heç bir şəraiti olmayan, üfunət qoxulu ərazilərdə məskunlaşdıqları üçün peşman olduqlarını bildirirlər. 


 
Uzun müddət neft quyularının yaxınlığında yaşayan vətəndaşların əksəriyyəti sağlamlığından şikayət edir. Həkimlər deyir ki, radiasiya insan orqanizmində ciddi problemlər yaradır. Sinir sisteminin funksiyaları pozulur, qalxanabənzər vəzini, ağ ciyərləri, mədə-bağırsağın selikli qişasını zədələyir və nəticədə insan bədənindəki hüceyrələr sıradan çıxır. Çox vaxt hüceyrələrin bərpasına orqanizmin gücü çatmır, daxili orqanların fəaliyyəti pozulur, infeksion xəstəliklərə qarşı immunitet zəifləyir və insan həyatı üçün ciddi təhlükə yaranır. Əsrlərlə müalicəyə ram olmayan xəstəliklərdən biri də şiş (xərçəng) xəstəliyidir ki, bütün dövrlərin bəlası sayılıb. Uzun müddət neft mədənlərinin ərazisində yaşayan insanlar yüksək radiasiyaya məruz qaldığından onlarda xərçəng xəstəliyinin yaranma riski artır. Hətta neft buruqlarının yaxınlığında yaşayan vətəndaşlarla apardığımız söhbət əsnasında öyrəndik ki, onlarda tez-tez səbəb olmadan qusma, dəridə səpkilər, baş ağrıları, tüklərin tökülməsi, bağırsaq pozuntuları və sair hallar baş verir. 

Qeyri-qanuni satılan torpaqlarda, evlərdə məskunlaşan insanlar bu təhlükəni əvvəllər bilməsələr də, aylar-illər ötdükdən sonra sağlamlıqlarına dəyən zərbəni anlayırlar, amma artıq çox gec olur. Çünki onlar həmin ərazidə ev, torpaq almağa bir qədər pul xərcləyiblər. Aldanan vətəndaşlar bu yerlərdə kök salır və nəticədə illər ötdükcə bütün ailə yüksək radiasiyanın fəsadlarını öz üzərində hiss edir. 

Bütün bu problemlərdən əziyyət çəkən insanlardan biri də Səbail rayonu Səlyan yolu küçəsində yaşayan Cəmilə Qurbanovadır. İllərdir işlək neft quyusunun yaxınlığında yaşayan Cəmilə xanım çox narahatlıq keçirdiyini etiraf edir, artıq sağlamlığında da ciddi problemlərlə qarşılaşır.

Şahin adlı digər sakin də bu ərazidən ev almasından peşmandır. Deyir yaşadığı evi 5 il əvvəl maklerdən alıb. Ondan sonra bir qədər də xərc çəkərək mənzilini təmir etdirib, lakin evin bir neçə metrliyində neft quyusunun işləməsi divarlarda çat yaradıb. Artıq bütün bu problemlərdən bezdiyini deyən ev sahibi tezliklə evini satıb buradan köçəcəyini bildirdi. 

Evləri neft quysuna yaxın olan ailələr deyir ki, qorxu içində yaşayırlar. Çünki neft quyularında hər an partlayış ola bilər. 

Vətəndaşlarla apardığımız söhbət nəticəsində bir daha əmin olduq ki, insanlar neft buruqlarının ətrafında yaşamağın onların sağlamlılğına hansı fəsadlar törədəcəyindən xəbərsiz olublar. Yalnız illər keçdikdən sonra özlərinin, doğmalarının sağlamlığına dəyən zərəri gördükdə vaxtı ilə səhv addım atdıqlarını anlayırlar. Amma artıq gecdi, atalar demişkən “sonrakı peşmançılıq fayda verməz”.