Oliqarxların mülklərini satışa çıxarmasının sirri açıldı: Ölkədən qaçmaq istəyilər

19:06 12-02-2021 351

Keçmiş Vergilər naziri Fazil Məmmədovun mülklərini satışa çıxarmasıyla bağlı xəbər mətbuatın aparıcı mövzusuna çevrilib. Artır iki gündür ki, jurnalistlər və analitiklər bu məlumatı təhlil edirlər. Hazırda ən çox bu sual maraq doğurur: Fazil Məmmədov çoxmilyonluq mülklərini niyə satır?

Yenisabah.az bildirir ki, keçmiş nazir mülklərini satışa çıxaran ilk oliqarx deyil. Bir müddət əvvəl mətbuatda PA-nın sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin də sahib olduğu daşınmaz əmlakın bir qismini satışa çıxardığına dair məlumatlar yayılmışdı. Bundan əvvəl isə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun malik olduğu daşınmaz əmlakın bir hissəsini nəğdləşdirdiyi deyilirdi. O vaxt Ziya Məmmədovun Göyçaydakı 100 hektarlıq nar bağını Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədova satdığı xüsusi olaraq vurğulanırdı. Bu xəbərləri bir o qədər də iri ranq sahibi olmayan keçmiş və indiki məmurlarla bağlı məlumatlar müşayiət etmişdi.

 

Qeyd edək ki, başa vurmaqda olduğumuz həftə ərzində Bakıda bahalı villaların satışa çıxarılmasıyla bağlı informasiyalar da diqqət mərkəzində olub. Araşdırmalar nəticəsində məlum olub ki, əmlak satışıyla məşğul olan saytlarda hər gün onlarla belə elan yerləşdirilir. Qiyməti 600 min - 1,5 milyon manat arasında dəyişən həmin mülklər paytaxtın bahalı yaşayış məntəqələrində inşa olunub. Mülk sahiblərinin keçmiş və yaxud indiki məmurlardan olduğu heç kimdə şübhə doğurmur.

Keçmiş və indiki məmurların, varlı adamların əl-ayağa düşməsinə səbəb nədir? Onlar mülklərini niyə satışa çıxarırlar?

Hesab edirik ki, son 2 ildə ölkədə baş verən hadisələri analiz etməklə bu suallara cavab tapmaq mümkündür. Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən etibarən Azərbaycanda rüşvət və korrupsiyaya qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilir. Antikorrupsiya əməliyyatı onlarla vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsilə nəticələnib. Hazırda 1 keçmiş nazirin, 1 sabiq nazir müavininin və 7 keçmiş icra başçısının məhbəsdə olması da bunu sübut edir. Vaxtilə yüksək post tutmuş və hazırda məhbəs həyatı yaşayan məmurların sırasının daha da genişlənəcəyi istisna olunmur. Keçmiş nazir Səlim Müslümovun həbsindən sonra bu ehtimal daha da qüvvətlənib.

Aldığımız məlumatlara görə, başda Ramiz Mehdiyev, Fazil Məmmədov və Ziya Məmmədov olmaqla vaxtilə hakimiyyətdə yüksək post tutmuş adamların hamısı ölkədə hansı proseslərin getdiyinin fərqindədir. Onlar çox gözəl başa düşürlər ki, tutduğu postla vidalaşmaq heç kimi cinayət məsuliyyətindən azad etmir. Cəmiyyət keşmiş nazir Səlim Müslümovun və onun “sağ əli” sayılan Əjdər Cəbiyevin timsalında bunun şahidi oldu. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün də onların qapısını döyə bilər. Hansı ki, Ziya Məmmədovun istintaqa cəlb olunmasıyla bağlı xəbər böyük ajiotaj doğurmuşdu. Başqa hansı oliqarxların istintaqa cəlb edildiyi açıqlanmasa da, iş adamı Rasim Məmmədovun həbsindən sonra Ramiz Mehdiyevin ətrafındakı halqanın da daraldığını söyləmək mümkündür.

Məlumatlı şəxsin verdiyi bilgiyə görə, bu proses qarşıdakı günlərdə daha da sürətlənəcək: “Əmlak satışıyla məşğul olan saytlarda yer alan elanlardakı mülklərin böyük əksəriyyəti keçmiş və indiki məmurlara məxsusdur. Onlar yaxşı başa düşürlər ki, qeyri-qanuni yollarla əldə etdikləri, saxta tenderlər nəticəsində sahib olduqları mülklər, torpaq sahələri tezliklə əllərindən çıxa bilər. Buna görə də sahib olduqları daşınmaz əmlakı nəğdləşdirib ölkədən qaçmaq istəyirlər”.  

Mənbə Yenisabah.az