Nazir Muxtar Babayevin nəzərinə: Şəkidə yaşıllığı kürüyürlər, ağır texnika gətirilib

22:16 13-02-2021 351

Şəkinin Bideyiz kəndi yaxınlığındakı yaşıllıqların qırılmasına yenidən başlanılıb. Məlumatı ekoaktivist Cavid Qara verib.

O bildirib ki, 2020-ci ildə bu qırıntını ictimaiyyətin dəstəyi ilə yarım saxlaya bilmişdilər: “Saxlananadək xeyli miqdarda ağac və kol kürünmüşdü. Ancaq buna görə heç kəs cəzalanmadı, amma heç olmasa dayandılar. İndi yenidən iştaha gəliblər. Əraziyə çoxlu sayda ağır texnika cəlb edilib. Vaxtında dayandıra bilməsək hər keçən gün hektarlarla meşə zolağını itirəcəyik”.

Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov Meydan TV-yə bildirib ki, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində fındıq bağı salınır: "Bu, Milli Meşə Proqramına uyğun şəkildə aparılır. Açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradılır. Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır”.

Namik Xıdırov qeyd edib ki, meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər: “Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı, yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq”.

Ötən il həmin ərazilərdəki ağaclar kəsilən zaman Şəkinin Bideyiz və Baqqal kəndinin sakinləri Meydan TV-yə meşələrin məhvinə qarşı olduqlarını bildirmişdilər. Hətta kənd sakinləri bununla bağlı etiraz olaraq aidiyyatı qurumlara, Meşə İdarəsinə, Şəki Şəhər İcra Hakimiyyətinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdilər.

Yaxınlıqlarındakı meşələrin qırılmasının qarşısının alınması üçün bir tədbir görülməsini xahiş etmişdilər.

Sakinlər deyirlər ki, ərazidə iş görən şirkətin adı “Monte Forre” MMC-dir: "Həmin meşələrdəki ağaclar isə əsasən, qoz, fısdıq, palıd, armud, sarağan ağaclarıdır".

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri özündə birləşdirən “AGA Group” 1994-cü ildə təsis edilib.

“Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park” şirkətə məxsusdur.

Şirkətin rəsmi saytında deyir ki, zamanın, iqtisadi göstəricilərin və istehlakçının tələblərinə uyğun olaraq, “AGA Group” həm də maliyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və otelçilik sahələrini də fəaliyyət miqyasına daxil edib.

“Monte Ferro Aqroparkı” buna görə 2016-ci ildə təsis olunub və Şimal Qərb regionunda ərazilərində geniş sahəni əhatə edən fındıq bağının salınması layihəsini həyata keçirir.

Bunun üçün 3000 ha torpaq sahəsi əldə edib: “Hazırda kimsənin istifadə etmədiyi, əkinə və bağçılığa yarasız 1485 ha sahədə yeni fındıq bağları salınıb və iş davam edir. 2022-ci ilə kimi fındıq bağlarının ümumi sahəsinin 5000 hektara çatdırılması planlaşdırılır”.

“AGA Group” şirkətindən daha öncə Meydan TV-yə “Monte Ferro Aqroparkı”nın həqiqətən də onların şimal- qərb bölgəsindəki təmsilçisi olduğunu təsdiqləyiblər. Ancaq bölgədə hansı işlərin görüldüyündən xəbərsiz olduqlarını söyləyiblər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiqlənən “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydaları var. Həmin qaydalarda deyilir ki, meşə bitkiləri ilə (ağac, kol, yarım kol) örtülü olmayan ərazilər, ancaq meşə bərpası məqsədi ilə icarəyə verilə bilər və proses yerli icmanın maraqları nəzərə alınmaqla, imtiyazlı şəxslərə üstünlük verməklə ancaq aşkarlıq şəraitində baş tutmalıdır.

Mənbə Meydan TV

mese seki2mese sekimese seki1