Müşfiqabad qəsəbəsində evlər belə qanunsuz tikilir

22:18 13-02-2021 360

Qanunsuz tikililər problemi son on illərdir ki, aktuallığını qorumaqdadır. Xüsusi ilə də paytaxt, paytaxtətrafi qəsəbələrdə, eləcə də Abşeron, Sumqayıt və digər iri şəhərlərdə bu problemə daha çox rast gəlinir.

Medianın, ekspertlərin bu problemi mütəmadi ictimailəşdirməsi və aidiyyatı dövlət orqanlarının gərəkən hüquqi addımları atması da hələ ki, son nəticə ilə yekunlaşmır. Səbəb sadədir...

Qanunsuz tikililərdə maraqlı olan səlahiyyət sahibləri nəfslərini ya boğa bilmirlər, ya da bunu istəmirlər.

Xatırladaq ki, qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq, sifarişçi tikintiyə icazə almaq üçün Bakı şəhər inzibati ərazisində olduqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, digər şəhər və rayonlarda olduqda isə yerli icra orqanına müraciət edir.

Ərizəyə əlavə olunan sənədlər bunlardır:Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, Tikinti layihəsi və sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti.


Müşfiqabad qəsəbəsinin öz qanunları var?


Qanunsuz tikililərlə bağlı yenixeber.org-a yeni məlumatlar daxil olub. Bu dəfə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində geniş vüsət alan qanunsuz tikililərlə bağlı...

Öncə bilməyənlər üçün qısa arayış: Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr. 1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunaraq xalq şairi Mikayıl Müşfiqin şərəfinə adlandırılmışdır. Ərazisi – 58.8 km2 , Əhalisi –10000 nəfər civarındadır.

40 ilə yaxın zamanda, xüsusi ilə də son 20 ildə bu qəsəbə yeni tikililərlə dəyişdi, böyüdü, sakinlərinin sayı kəskin artdı... Bəs necə böyüdü? Yeni həyət evləri hansı qaydalarla tikildi və tikilməkdədir? Bəlli norma və qanunlara nə dərəcədə əməl olundu və olunmaqdadır? Bu prosesə məsul şəxslər vəzifə borclarına necə əməl etdilər və etməkdədirlər? Və s.

Bütün bu sualların cavabları ilə bağlı ziddiyyətli məlumatlar dolanmaqdadır. Məlumatlarda Müşfiqabad qəsəbəsində yeni həyət evlərinin tikintisində yumşaq desək bəlli qaydaların pozulmasından, kimlərinsə özəl maraqları səbəbindən bələdiyyə mülkiyyətini “seçilmişlər”ə satmasından bəhs olunur. Və bu “özəl seçimlər” də tikinti normalarının pozulması, küçələrin salınmasında kobud pərakəndəliklə, kommunikasiya xətlərinin çəkilişində problemlərin yaşanması ilə nəticələnir...Başqa sözlə məlumatlardan belə məlum olur ki, bu qəsəbənin öz qanunları var(?)

Qəsəbədən yenixeber.org-a verilən məlumata görə Akif və Nəriman adlı şəxslər zamanında böyük bir yaşayış sahəsini-Məcburi köçkünlər şəhərciyi ilə üzbəüz ərazini-hansısa yollarla “zəbt edə biliblər”. İndi də aidiyyatı strukturların sayəsində özlərinə sərf edən kimi satıb, “əridirlər”...

Bütün bu prosesdə isə Müşfiqabad Bələdiyyəsinin sədri Vüqar Əliyevin və Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının Müşfiqabad qəsəbə üzrə nümayəndəsi Coşqun Bayramovun da adı hallanır.

Bu şəxslərin adları daha çox qanunsuz tikililərə XEYİR-DUA verməkdə diqqəti çəkir. Hətta 2020-ci ilin əvvəllərində bir Ağdaş rayon sakininin “2700 dəfə get-gəldən sonra” tikintiyə razılıq ala bildiyi də verilən məlumatlar sırasındadır...

Məlumatlar sırasında diqqət cəlb edən faktorlardan biri də budur ki, bu ərazidə qeydiyyatsız olan evlər bələdiyyə tərəfindən müəyyən maraqlar naminə qeydə alınır...

Bu məlumatlarla bağlı əməkdaşımız Müşfiqabad qəsəbəsində olub, müəyyən araşdırmalar da aparıb. Qəsəbə sakinləri Akif və Nərimanın havadarlarının “krışa”lığı ilə özfəaliyyəti nəticəsində qarşılaşdıqları kommunal problemlərdən və digər infrastruktur layihələrindən kənarda qalmalarından gileylidirlər...

Paytaxtın 20 km-də, ilin-günün bu vaxtında bu kommunal və infrastruktur problemləri ilə yaşamaq sadəcə mümkünsüz görünür.

Bu və digər məlumatlarla bağlı həm bələdiyyə sədri Vüqar Əliyev, həm də icra nümayəndəsi Coşqun Bayramov bizimlə telefon söhbətində məlumatları təkzib edib, bəhs olunan ərazinin adıçəkilən vətəndaşlara aid olduğunu bildirdilər. Qanunsuz tikililərə icazə verməklə, bu ərazidə yaşayan sakinlərə hansısa arayışların verilməsi və s. bu kimi hərəkətlərin də onların səlahiyyəti çərçivəsində olmadığını xatırlatdılar...

ev musfiqabadev musfiqabad1ev musfiqabad2

Qarşıdakı günlərdə rayon rəhbərliyinin və digər strukturların da mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.

Mənbə yenixeber.org