138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

22:26 13-02-2021 225
Ötən il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.
 
Bu, Milli Məclisə daxil olan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb. Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokola isə baxılmaqdadır. 
 
Sənəddə qeyd edilib ki, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek, Ağcabədi rayonu Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb.
 
Həmçinin, Bakı şəhəri Suraxanı rayonu Bülbülə, Qusar rayonu Samur, İmişli rayonu Hacırüstəmli, Ağsatafa rayonu Dağ Kəsəmən, İsmayıllı rayonu Topçu, Daşkəsən rayonu Qabaqtəpə, Sabirabad rayonu Quruzma, Cəlilabad rayonu Muğan, Beyləqan rayonu Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.