Yeni “tender canavarı”nın şirkətlərini kim himayə edir?

22:32 13-02-2021 387

Dövlət satınalmalarında kobud qanun pozuntularından biri də eyni ünvanda və eyni şəxs tərəfindən yaradılan şirkətlərin tez-tez müsabiqələrdə qalib elan olunmasıdır. Qanunlara meydan oxuyan tender mafiyası sərt tənqidlərə baxmayaraq, fəaliyyətini heç nə olmamış kimi davam etdirməkdədir.

Belə tender şəbəkələrinə Bakı, Qafqaz küç., 1A ünvanında qeydiyyata alınan şirkətləri misal göstərmək olar.

Qaynarinfo.az xəbər verir ki, Qanuni təmsilçisi Könül Məmmədova olan şirkətlər satınalmalar haqqında qanunverciliyin tələblərin cavab verməsə də, tenderlərin qalibi elan olunmağa başlayıb.

Adıçəkilən şirkətlərindən biri də “Kip Servis” MMC-dir. MMC bu ilin fevralın 8-də Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi və məbləği 199 min 500 manat məbləğində olan tenderin qalibi olub.

Tenderin şərtlərinə görə, şirkət 50 min ədəd, yaxud bir qutusu 3,90 manata olan kişi prezervativləri tədarük edəcək.

Maraqlıdır ki, 2020-ci ilin mart ayında QİÇS-lə Mübarizə Mərkəzi “Asavem” şirkətindən həmin məbləğdə (199,5 min manat) bu məhsuldan 120 min qutu alıb (1 qutu 1,66 manata). Həmin ilin iyul ayında QİÇS-lə Mübarizə Mərkəzi və “Alkon-111” MMC arasında bir qutusu 1,52 manata olan 40 min prezervativin alınmasına dair müqavilə imzalanıb. Göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi üçün bu il qiymətlər təxminən 3 dəfə bahalaşıb.

Bakının ən məşhur apteklərində 2024-cü ilədək istifadə müddəti olan qoruyucu gigiyenik vasitə N3-ün pərakəndə satış qiymətləri istehsalçı firmalardan (xüsusi gigiyenik sertifikatı olan – red.) asılı olaraq 2-3,5 manat arası dəyişir. Topdansatış qiymətlərində ən azı -25 faiz fərq olduğunu nəzərə aldıqda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bu il “bahalı” qoruyucu (kişi prezervativi – red) alması ciddi şübhələrə əsas verir.

Digər bir tərəfdən 10 manat nizamnamə kapitalına malik KİP SERVİS MMC 28 avqust 2020 tarixində yaradılıb. Bu isə o deməkddir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi satınalmalar haqqında qanunvericiliyi kobud şəkildə pozub. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.

Kip Servis MMC-nin qeydiyyatda olduğu ünvanda keçən il daha 2 şirkət (Qarant-Com MMC və Resta Ltd MMC) yaradılıb. Belə ki, qanuni təmsilçisi Könül Məmmədova olan şirkətlərdən biri və 3 ay bundan əvvəl (26.11.2020 tarixində) yaradılan Qarant-Com MMC indiyə kimi 3 satınalma müqaviləsi bağlayıb.

8№-li sanatoriya tipli internat məktəbinin keçirdiyi içməli suyun daşınması (36000 AZN) və çirkab suyun çıxarılması və daşınması işləri (28400 AZN) üzrə kotirovka sorğularının qalibi Qarant-com MMC olub. Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 №-li ümumi orta internat məktəbinin keçirdiyi və məbləği 7 min 290 manat olan kotirovka sorğusunun qalibi də Qarant-Com MMC olub.

Qeyd edək ki, Qarant-Com MMC 26.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qafqaz, ev 1A–da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədova Könül Malik qızıdır.

Məmmədova Könül Malik qızınin 2020-ci ilin dekabr ayında yaratdığı Resta-Ltd MMC isə hələlik satınalmalarda qalib elan olunmayıb…

Mənbə Qaynarinfo.az