"Gloria Palace" MTK "ŞƏMS" körpələr evini belə uçurtdu

15:00 14-02-2021 351

Cənab Prezident, məni və ailəmi xilas edin!


15 il əvvəl tikilmiş təzə  bina necə qəzalı ola bilər?


Bir neçə ildir  “Pilot Layihə”  adı altında tikinti şirkətləri vətəndaşların şəxsi mülkiyyətində olan obyektlərini, əmlakını heç bir icazə, məhkəmə qərarı olmadan uçurdur. Mülk sahiblərinə hədə-qorxu gəlir, “get, hara əlin çatır şikayət elə”  deyərək, heç bir qanuna, əndazəyə sığmayan hərərkətlər edirlər.

Bütün ölkə mediası bu barədə dəfələrlə yazıb. Cənab, Prezident İlham Əliyev bir neçə çıxışınızda demişdiniz ki, bəzi məmurlar doğru-dürüst infornasiyanın mənə çatmasına imkan vermirlər.

Bu MTK-ların arxasında duranlar harınlamış məmurlardır. Belə məmurlardan biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur. 

Hər gün redaksiyamıza əmlakı uçurdulan, qoçu dəstəsinin təzyiqlərinə məruz qalan vətəndaşlar müraciət edir. Şikayətin sayı bir deyil iki deyil. Vətəndaşların hamısı da son ümid yeri kimi Cənab Prezident Sizi görür. Həmin müraciətlərdən birini Sizə və cəmiyyətə təqdim edirik.

Nəsimi rayonu, Mərdanov Q küçəsi, ev 129 ünvanda olan təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu yazır: “Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “ŞƏMS”  körpələr evi və uşaq bağçasının təsisçisiyəm.

Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Cənab Prezident!

Bu ərazinin torpağı özümə məxsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 15 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir. Bağçanın yaxınlığında hündür binalar inşa edən Gloria Palace  MTK bizə məktub göndərib: “ Sizin bina qəzalı vəziyyətdədir, ofisimizə gəlin”.

Cənab Prezident!

Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası NECƏ QƏZALI  OLA BİLƏR ?

Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb e, cəmi 5 ildir inşa olunub. Baxın, cənab Prezident, bu MTK sahibləri insanların başına bu oyunları açırlar.

Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.

Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də, şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan  gəliblər.

Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə.

Cənab Prezident!

Haqqı və hüququ tapdanan vətəndaşların  son ümid yeri Sizsiniz. Xahiş edirəm məni və ailəmi bu harınlamış, hətta quduzlaşmış, qanun saymayan cinayətkarlardan xilas edəsiniz.

Hörmətlə, təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu

bina

P.S. Məsələ ilə bağlı "Gloria Palace" MTK rəhbəri və adiyyati dövlət orqanlarının məsul şəxsləri ilə əlaqə yaramağa çalışsaqda, bu mümkün olmadı. Qarşı tərəf kimi adları çəkilən dövlət orqanlarının və "Gloria Palace" MTK  rəhbərinində münasibətin ictimailəşdirməyə hazırıq.

milletinsesi.info