Qarabağ və ətraf rayonlarda torpaq qiymətləri hansı aralıqda ola bilər? - MÜSAHİBƏ

23:59 15-02-2021 306

Hər birimizin səbirsizliklə gözlədiyi əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin tam şəkildə bərpa edilməsidir. Adətən, gənc nəsil bu əraziləri kəşf etmək istəyərkən, ömrünün bir qismini burada keçirən vətəndaşlarımız isə 30 illik həsrəti geridə qoymaq üçün bu prosesin tezliklə başa çatmasını gözləyir. Təbii ki, ərazilərə investisiya yatırmaq istəyənlər də çoxdur. Bəs, Dağlıq Qarabağ və ətraf rayonlarda sadəcə yaşamaq üçün torpaq və ya daşınmaz əmlak sahibi olmaq istəyənlər bunu necə həyata keçirə biləcək? 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı işğaldan azad edilmiş ərazilərdə mülk sahibi olma prosesi, təxmini qiymət aralığının hansı meyarlara uyğun şəkildə tətbiq edilə biləcəyi haqda paralel.az-a danışıb.

- Dağlıq Qarabağ və ətraf ərazilərdə yaşayış massivlərinin salınması və yerləşdirmə prosesi necə aparıla bilər?

- İşğaldan azad olunmuş ərazilərimizdə yeni yaşayış massivlərinin salınması dövlət tərəfindən xüsusi proqram əsasında həyata keçiriləcək. Vətəndaşlar tərəfindən birbaşa satınalmaların, tikinti işlərinin aparılması pərakəndə formada həyata keçirilməyəcək. Yəni, maksimum şəkildə torpaqlardan səmərəsiz və qeyri-təyinatı üzrə istifadə edilməsinin qarşısı alınacaq. Düşünürəm ki, prezidentin çıxışında bu tezisləri müşahidə etdik. Hazırda həmin ərazilər həm iqtisadi səmərəlilik, həm də turistik baxımdan müəyyən qrupların diqqət mərkəzindədir. Bura xüsusi sahibkarlar qrupu da, müəyyən məmur qrupu da daxildir. Ərazilərə tezliklə sahib olmaq uğrunda müəyyən cəhdlər olacaq, lakin dövlət tərəfindən hazırlanacaq xüsusi proqramla bunun qarşısı alınacaq və proseslər sistemli şəkildə həyata keçiriləcək.

- Bu ərazilərdə mülk sahibi olmaq istəyən şəxslər nə qədər vəsait ayırmalıdır?

- Əslində, bu suala indidən cavab vermək müəyyən dərəcədə qeyri-peşəkar olardı. Faktiki olaraq ərazidə nə torpaq, nə daşınmaz əmlak, nə də digər seqmentlər üzrə bazar mövcud deyil. Lakin təqribi demək olar ki, həmin əraziləri Azərbaycanın bir sıra turizm baxımından əhəmiyyətli rayonları ilə müqayisə etmək olar. Məsələn, Quba-Xaçmaz iqtisadi rayonu, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki kimi turizm baxımdan vacib, səmərəli və əhəmiyyətli olan rayonlar və dağ kəndlərindəki qiymətlər təqribən bir sot üçün 2-8 min manat arasında dəyişir. Lakin nəzərə almaq lazımdır ki, Böyük Qafqaz ərazilərində təklif əvvəlki illərlə müqayisədə xeyli dərəcədə aşağıdır. Ona görə də ilkin dövr üçün Dağlıq Qarabağ və ətraf rayonlarında qiymətlər qeyd etdiyim intervaldan da aşağı ola bilər. Lakin sonrakı mərhələdə qiymətlərin fantastik səviyyədə artımı müşahidə olunacaq. Nəticə etibarilə isə qiymətləri sonradan mövcud olacaq bazar tənzimləyəcək. Onu da qeyd edim ki, Dağlıq Qarabağ və ətraf rayonların hər birində eyni qiymətlər tətbiq olunmayacaq.

- Bu ərazilərdə torpaq və ya əmlak sahibi olmaq istəyən şəxslərlə daha əvvəldən həmin bölgədə mülkü olmuş şəxslər arasında fərq qoyulacaq?

- Dövlət tərəfindən təmin olunma prosesində təbii ki, ərazi üzrə qeydiyyatda olma vacibdir. Orada qeydiyyatda olmayan şəxslər isə növbəti mərhələlərdə satınalma yolu il torpaq sahibi ola bilərlər.

Həmin ərazilərdə daşınmaz əmlaka və torpaq mülkünə sahib olan şəxslərin əraziyə qayıdış məsələsi hələ ki, tənzimlənməyib. Bununla bağlı konkret bir qərar yoxdur. Lakin dövlət tərəfindən müzakirə olunan məsələlər var. Bu mülk ya qiymətləndirmə yolu ilə pul şəklində vətəndaşa təqdim olunacaq, ya da həmin ev dövlət tərəfindən inşa olunaraq vətəndaşa təqdim olunacaq. Bu iki variantdan biri istifadə edilə bilər.

Nigar Məmmədova