İİV-ə qarşı effektiv peyvəndlər varmı?

18:51 17-02-2021 216

Bu günə kimi İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) qarşı effektiv peyvəndlərin hazırlanması mümkün olmayıb. Bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, QİÇS-in ötürülməsinin qarşısını alan bir peyvənd olmasa da, dünyanın bir çox aparıcı univerisitetləri, dərman firmaları peyvəndin yaradılması istiqamətində öz işlərini davam etdirməkdədir:

“İİV/QİÇS epidemiyasına qarşı zəruri mübarizə tədbirlərinə donor qanının təhlükəsizliyinin təminatı, tibb müəssisələrdə universal təhlükəsizlik tədbirlərinin tətbiqi, hamilə qadınların İİV-ə müayinə ilə əhatə olunması, anadan uşağa İİV-in ötürülməsinin profilaktikasının aparılması, risk qruplarının İİV-ə müayinəyə cəlb olunmasının genişləndirilməsi, İİV-ə yoluxmuş insanlara İİV/QİÇS-lə bağlı diaqnostika, profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təminatı, ümumi əhali və riskli davranışlı qruplar arasında sanitar-maarifləndirmə işinin genişləndirilməsini şamil etmək olar.

Yoluxmanın qarşısını almaq üçün isə narkotik maddələrdən istifadədən çəkinmək lazımdır. Təsadüfi cinsi əlaqə zamanı qoruyucu vasitələrdən, kosmetoloji prosedurlar (Manikür, tatuaj, pirsinq və s.) zamanı steril avadanlıqlardan, yalnız şəxsi və təzə gigiyenik vasitələrdən istifadə etmək vacibdir”.

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova deyib ki, İİV xəstəliyinə yoluxmanın cəmi üç yolu var: cinsi yolla, parenteral və İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə zamanı.

E.Alməmmədova bildirib ki, insanlar çox zaman bu mövzuda yanlış düşünə bilirlər: “İİV gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması yolları ilə İİV-ə yoluxma mümkün deyil”.

Həkim əlavə edib ki, İİV-ə yoluxmuş insanla homo və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində, yəni cinsi yolla xəstəliyə yoluxmaq mümkündür:

“Eyni zamanda parenteral yolla yəni, İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, eləcə də İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində də xəstəliyə yoluxa bilərsiniz.

İİV-infeksiyasına yoluxma diaqnozunun təyin edilməsi ilə bağlı sualı isə Esmira Alməmmədova belə cavablandırıb:

“İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət İİV-ə yoluxduğu haqda məlumatı olmur. İİV-in diaqnostikası yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər (ekspress-test) İİV-ə yoluxmanın nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. Qeyd etmək lazımdır ki, İİV-ə müayinələr pulsuz və tam anonimdir”.

İnsanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir. Müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

Onun sözlərinə görə, AİDS/QİÇS-in insan orqanizmində inkişaf prosesi fərqlidir:

“İlk növbədə qeyd etməliyəm ki, bu iki anlayışı biri birindən ayırmaq lazımdır. İİV - İnsanın İmmunçatışmazlığı Virusudur. İIV infeksiyası - İnsan İmmunçatışmazlığı Virusu ilə yoluxma nəticəsində inkişaf edən və immun sisteminin getdikcə artan zədələnməsi ilə səciyyələnən infeksion xəstəlikdir.

QİÇS - Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İİV infeksiyasının son mərhələsidir, insanın immun sisteminin zədələnməsi nəticəsində yaranan ağır, çox vaxt müalicə olunmayan ikincili xəstəliklərlə (opportunistik infeksiyalar, bədxassəli şişlər və s.) səciyyələnən mərhələdir”.

E.Alməmmədova İİV infeksiyasının insan orqanizminə təsirindən danışıb:

“İİV insanın immun (müdafiə) sisteminin hüceyrələrində çoxalaraq, onları məhv edir. Nəticədə insanın immun sistemi zədələnir və müdafiə funksiyasını yerinə yetirə bilmir. İnsan orqanizminin müxtəlif xəstəliklərin törədiciləri və bədxassəli şişlərlə mübarizə aparmaq qabiliyyəti zəifləyir. İnsanda sağalması mümkün olmayan ağır infeksion və onkoloji xəstəliklər inkişaf edir. Müalicə tətbiq olunmasa, xəstəlik ölümlə nəticələnir.

Bilməliyik ki, bu xəstəliklərin tam müalicəsi yoxdur. Tətbiq olunan virusa qarşı müalicə- antiretrovirus müalicə (ARV-terapiya) adlanır. ARV-terapiya ömürlükdür, orqanizmin köklü sanasiyasi hələ ki mümkün deyil. Lakin, ARV-terapiya İİV-ə yoluxmuş insanların həyatını uzadır, həyat keyfiyyətini xeyli yaxşılaşdırır. Vaxtında tətbiq olunan ARV-terapiya ölüm hallarının qarşısını alır”.