Rüşvət yığdığı deyilən icra başçısının xanım müavini danışdı: "Səsləndirilən iddiaları təkzib edirəm"

18:56 17-02-2021 324

Ağstafa rayonunun icra başçısının müavini Lalə Eyyubova həbs edilən sabiq başçı Nizammədin Quliyevin məhkəmə prosesində ona qarşı irəli sürülən ittihamlara cavab verib.

Axar.az-a açıqlama verən Lalə Eyyubova bildirib ki, məhkəmədə şahidlərin rüşvəti bilavasitə ona verməsi barədə səsləndirdiyi iddiaları qəbul etmir:

“Mənim məlumatım olmayan məsələ ilə bağlı heç nə deyə bilmərəm. Şahidlərin rüşvəti mənə verməsi, məhkəmə prosesində dindiriləcəyim barədə səsləndirilən iddiaları təkzib edirəm”.

Qeyd edək ki, Ağstafa rayonunun sabiq icra başçısı Nizammədin Quliyevin vəkili Kamandar Nəsibov açıqlamasında məhkəmədə şahidlərin əksəriyyətinin rüşvəti bilavasitə Lalə Eyyubovaya verdiyini deyib.

Məlumata görə, N.Quliyevin həbsindən sonra Maliyyə Nazirliyi onun Goranboy rayon İcra Hakimiyyətinin başçısı olduğu dövrdə ciddi maliyyə pozuntularına, korrupsiyaya yol verib-vermədiyini araşdırıb. Həmin araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Bilinən odur ki, 2019-cu ildə Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əmək haqqı vermək şərtilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb.

Araşdırmalar zamanı üzə çıxarılıb ki, Nizaməddin Quliyev 300 fəhlənin qısa zamanda işə götürlüməsi haqda hesabat versə də, faktiki olaraq yerlərdə 20-30 nəfər işə cəlb edilib. Qalanları isə “ölü can”lar olub. Yəni hər ay 270-280 nəfərə büdcədən ayrılan məvacib mənimsənilib. 1 fəhləyə ayrılan aylıq maaşın 200 manat olduğunu nəzərə alsaq, Nizaməddin Quliyevin Goranboyda da xeyli büdcə vəsaitini ələ keçirdiyi üzə çıxır. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.

Bundan başqa Goranboy şəhərində küçələrin asfaltlanması üçün büdcədən ayrılan pullar da Nizaməddin Quliyev tərəfindən mənimsənilib. Onun fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçəsindən başqa digər küçələrdə yollar dağınıq durumdadır.

Qeyd edək ki, Nizaməddin Quliyev 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, 5 aprel 2019-cu il tarixində isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda o və müavini Ramiz Tatarov, Yevlaxın sabiq başçısı Qoca Səmədovun cinayət əməllərinin araşdırılması davam edir.