Gömrük Komitəsinin ləğvi yenidən gündəmdə – “Süni qiymət artımı yaradır…”

19:05 17-02-2021 369

Son illər dövlət idarəetmə sistemində aparılan struktur islahatları inzibatçılıqda, iqtisadi fəaliyyətin tənzimlənməsində daha yaxşı nəticələrin əldə edilməsinə imkan yaradıb. Mütəxəsislərin əksəriyyəti hesab edir ki, oxşar fəaliyyət istiqamətləri olan dövlət qurumlarının birləşdirilməsi və ya lüzumsuz qurumların ləğv edilməsi səmərə verir.


Bu baxımdan təklif edilən variantlardan biri də gömrük xidmətinin ayrıca yox, digər dövlət təşkilatının tərkibində təşkili ilə bağlıdır. Hesab edilir ki, gömrük xidmətinin nazirlik tərkibində, koordinasiya edilmiş şəkildə fəaliyyəti daha səmərəli ola bilər.

Gömrük xidmətinin həyata keçirilməsinin hansı variantının daha əlverişli olması ilə bağlı fikirlərini Sfera.az saytı ilə bölüşəniqtisadçı-ekspert, keçmiş millət vəkili Nazim Baydəmirli qeyd edib ki, fiskal siyasətin, yəni gömrük və vergi siyasətinin eyni mərkəzdən idarə olunması daha əlverişlidir.

Onun məlumatına əsasən dünyanın əksər ölkələrində vergi və gömrük xidmətləri bir yerdə fəaliyyət göstərir: “Dünyanın əksər ölkəsində “Gömrük Komitəsi” adında bir qurum yoxdur. Rusiyada Gömrük Xidməti, Gürcüstanda Maliyyə Nazirliyinin nəzdində vergi və gömrük departamenti var. Əksər ölkələrdə vergi ilə gömrük xidməti eyni mərkəzdən idarə edilir”.

N.Baydəmirli ölkəmizdə Gömrük Komitəsinin bahalaşmaya “kömək” etdiyini, daxili istehsalı zəiflətdiyini söyləyir: “Gömrük Komitəsinin rəhbərliyi bu və ya digər formada dövlət büdcəsinə ödədikləri vəsaitin ilbəil artdığını xüsusilə vurğulayır, bunu fədəkarlıq kimi göstərir. Amma vətəndaşlarımız, sahibkarlar bilir ki, bu vəsaitlərdəki artım bəyannəmələrin qiymətlərindəki artım hesabına təmin edilir. Gömrük işi elə qurulub ki, sahibkarlardan, vətəndaşlardan daha çox vergi və rüsumlar toplanır. Toplanan vergi və rüsumların bu şəklildə artırılması Azərbaycan vətəndaşlarının həyat şəraitinin pisləşməsinə səbəb olur.

Gömrük siyasətinin əsas məqsədi daxili istehsalı stimullaşdırmaqdır. Bu necə stimullaşdırmadır ki, 2015-2020-ci il ərzində idxal əməliyyatlarından alınan ƏDV iki dəfədən çox artıb. 2015-ci ildə 1,1 milyard manatlıq ƏDV toplandığı halda 2020-ci ildə 2,74 milyard manatlıq ƏDV toplanıb. Bu müddətdə daxildən toplanan ƏDV-nin məbləği isə təxminən 5 faiz azalıb. Bu o deməkdir ki, gömrük siyasəti daxili istehsalı stimullaşdırmayıb. Əslində, bizim iqtisadiyyatımız xarici istehsalçılardan asılı vəziyyətə düşüb və düşməkdə də davam edir”.

Həmsöhbətimiz hesab edir ki, daha ədalətli vergi və rüsumların tətbiqi üçün, eyni zamanda neqativ halların aradan qaldırılması üçün gömrük və vergi siyasəti bir mərkəzdən idarə olunmalıdır: “Gömrük Komitəsi dedikdə insanların beynində regionçuluq, yerlibazlıq, qohumçuluq, rüşvətxorluq, korrupsiya kimi pis fikirlər assosiasiya olunur. Sosial şəbəkələri izləməklə idxalla məşğul olan sahibkarların Gömrük Komitəsinin fəaliyyətindən necə narazı olduğunu görmək mümkündür. Komitə istədikləri bəyannamə qiymətini tətbiq etməklə ölkəmizdə süni qiymət artımını yaradır.

Süni qiymət artımının səbəblərindən biri Gömrük Komitəsinin apardığı yanlış siyasətdir. Sahibkar xaricdən ucuz, əlverişli qiymətə mal tapıb alır, idxal edir. Ancaq gömrükdə bank sənədlərinin, invoisin, müqavilənin göstərilməsinə baxmayaraq özlərinin bildiyi şəkildə gömrük dəyəri müəyyənləşdirilir. Buna görə də daxildə hər şey bahalaşır.
Bu kimi məsələlərə son qoyulması, idarəetmənin düzgün təşkili üçün struktur dəyişikliyi edilməlidir və gömrük xidməti vergilər xidməti ilə bir yerdə fəaliyyət göstərməlidir”.

Mənbə Sfera.az