Mil düzünün DƏMİR QANADLI QARTALI

20:08 17-02-2021 387

Polkovnik-leytenant Ramiz Qasımovun

Tərtərdən Şuşaya istiqamətlənən döyüş yolu...

 O, 44 günlük Vətən müharibəsinin dəmir qanadlı qəhrəmanıdır. Sentyabrın 27-də Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı başlayanda usta pilot, polkovnik-leytenant Ramiz Qasımov ən sevincli günlərini yaşayırdı. Onun ən ümdə arzusu Şuşada üçrəngli bayrağımızı dalğalandırmaq idi. Buna görə də Ali Baş Komandan İlham Əliyevin hücum əmrini səbirsizliklə gözləyirdi...

Polkovnik-leytenant Ramiz Qasımovun döyüş yolu Tərtər istiqamətindən başladı. Düşmənin bir çox hədəflərini dəqiq atəşlə məhv etdi. Onun göstərdiyi ustalıq digər uçuş heyətlərində böyük ruh yüksəkliyi yaratdı.

Onunla eyni istiqamətdə döyüşən kapitan Coşqun Rüstəmov deyir ki, polkovnik-leytenant Ramiz Qasımov "SPAYK" uzunmənzilli raketlərlə silahlanmış "Mİ-17" helikopterində uçuşlar həyata keçirirdi: "İlk uçuşunda düşmənin bir çox strateji əhəmiyyətli hədəflərini sıradan çıxardı, həmçinin bir neçə OSA zenit-raket kompleksini və P19 radiotexniki vasitəsini məhv etdi. Düşmənə sarsıdıcı zərbələr endirdikdən sonra atəşə məruz qaldı, helikopteri vuruldu. Ramiz Qasımov, ilk növbədə, digər ekipaj üzvlərini xilas etmək üçün onlara "atılın" komandası verdi. Qolundan ağır yaralanan polkovnik hündürlüyünü sürətlə itirən helikopterin yaşayış məntəqəsinə düşməməsi üçün onu boş sahəyə yönəltdi. Son anda helikopteri paraşütlə tərk etməyə nail olsa da, başından ağır zərbə aldı. Helikopterdən vaxtında atılsaydı, bəlkə də sağ qalardı. Amma o özünü yox, ilk növbədə, ekipaj üzvlərini və mülki əhalini düşündü".

Şəhidin xanımı Günel Qasımova deyir ki, həyat yoldaşının hələ uşaq yaşlarından təyyarə və helikopterlərə xüsusi marağı olub. Bu maraq onu pilot olmasına və yüksək nailiyyətlər əldə etməsinə gətirib çıxarıb: "Öz işini çox sevirdi. Uçuşları ilə fəxr edirdi. Onun uçuşları mükəmməl olanda əhvalı da yaxşı olurdu. Hava şəraiti ilə əlaqədar uçuş ürəyincə olmayanda sakit dururdu və danışmırdı. Ailəsi olaraq biz artıq buna vərdiş etmişdik, əlavə bir söz soruşmurduq. Onun özünəməxsus xarakteri var idi. Dəqiqlik, nizam-intizam əsas şərt idi. Həm də çox savadlı insan idi. Mən fəxr edirdim ki, belə bir zabitin xanımıyam.

Biz 15 il idi ki, evliydik. Gülanə, Gülay, Vaqif adlı övladlarımız var. Ramizin işləri həddindən artıq çox olurdu, buna baxmayaraq, uşaqlarını heç vaxt gözardı etməzdi. Övladlarımız həmişə ata sevgisi görüblər. Uşaqlarının ali təhsilli olmalarını arzulayırdı. Həyatda düzgün mövqe, düzgün yol onun ən vacib hədəfi idi. Vətənə və hərbiyə o qədər bağlı idi ki, oğlumuz Vaqifin onun yolunu davam etməsini istəyirdi. Ramizin işi ilə bağlı çətinlikləri gördüyümə görə, bu məsələdə tərəddüd edirdim. Yoldaşım isə deyirdi ki, yox, Vaqif mütləq hərbi pilot olmalıdır. Mən onun arzusunu yerinə yetirəcəyəm. Bu yolda Vaqifə dəstək olacağam. Əminəm ki, onun ruhu bunu görəcək və hiss edəcək.

Oğlumuza atasının adını qoymuşdu. Onu həmişə "Vaqif kişi" çağırırdı. Qaynatam yoldaşıma demişdi ki, "Qarabağı, Şuşanı almasan, heç vaxt sənə haqqımı halal etmərəm. Torpaqlarımızın azad edilməsində sənin rolun olmalıdır". Ramiz Vətən müharibəsində həm hərbçi, həm də atasının arzusunu yerinə yetirən oğul kimi iştirak edirdi".

Ailəsi polkovnik-leytenantı sonuncu dəfə sentyabrın 16-da görüb, ondan sonra yalnız telefonla əlaqə saxlaya biliblər.

Günel Qasımova: "Vaqif birinci sinifə gedirdi, ayın 15-i gəlib onu məktəbə apardı. Sentyabrın 16-sı səhər saatlarında isə özü yola düşdü. Son danışığımız sentyabrın 26-sı oldu. O, yenə də bizə müharibə barədə heç nə bildirmədi. Sonra eşitdik ki, helikopter vurulub, Ramiz yaralıdır".

Söhbətimizə Mi-17 helikopterinin pilotu, baş leytenant Türkay Qəni ilə davam edirik: "Sentyabrın 27-də polkovnik-leytenant Ramiz Qasımov havaya qalxan ilk pilotlardan oldu. O, düşmənin 3 döyüş texnikasını məhv etdi və 4-cünü sıradan çıxaran zaman helikopteri vuruldu. Biz həmin vaxt efirdə onun iki nəfər heyət üzvünə dediyi "atılın" sözünü eşitdik. Çox narahat idik. Helikopterin vurulmasından sonra onların sağ qalıb-qalmaması barədə məlumatımız yox idi. Daha sonra ekipaj üzvlərinin sağ olduqlarını öyrəndik. Amma Ramiz Qasımov haqqında məlumat ala bimədik. Həmin vaxt mənim telefonuma zəng gəldi. Bu Ramiz Qasımov idi. Səsini eşidəndə şoka düşdüm. Hələ də o səs mənim qulaqlarımdadır. Soruşdum ki, cənab polkovnik, necəsiniz, haradasınız? Dedi, "yaxşıyam, səhhətim normaldır, narahat olmayın". Telefonu rəhbərliyə verdim. Daha sonra komandanlığın tapşırığı ilə Ramiz müəllimin müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasına getdim. Onu reanimasiyada elə vəziyyətdə görmək məni çox sarsıtdı. Biz polkovnik- leytenantı həmişə şux, xidmətdə görməyə alışmışdıq. Xəstəxananın baş həkimi ilə danışdım və Ramiz müəllimin Bakıya aparılmasına ehtiyac olub-olmadığını soruşdum. Bildirdi ki, aparılması daha məsləhətlidir.

Polkovnik-leytenant öz həyatından çox mülki şəxslərin həyatına önəm verdi. Helikopterin vurulduğu yer yaşayış məntəqəsinin üstü idi. O, mülki insanların həyatını fikirləşib, helikopteri həmin istiqamətdən boş sahəyə yönəldib, axırda özü tullanmışdı. Paraşütü açılmışdı, amma bu onun sağ qalmasına bəs etmədi".

Şəhidin xanımının sözlərinə görə, cəsur pilotumuz helikopterdən atılarkən qolundan yaralı olub. Çox qan itirdiyinə görə, həkimlər onu xilas edə bilməyiblər: "25 gün komada qaldı və oktyabrın 22-ci şəhid oldu. İndiyə qədər Ramizin həyatda olmadığına inanmıram. Hər axşam onun işdən gəlmə vaxtını gözləyirik. Dəfn etdiyimiz günün səhnəsi hələ də yaddaşımdan silinmir. Hər gün o anı yaşayıram. Şəkilləri ilə danışıram, sözümü ona deyirəm".

Baş leytenant Türkay Qəni: "Deyirlər, şəhidlər unudulanda ölür. Polkovnik-leytenanat Ramiz Qasımov heç vaxt ölməyəcək, biz onu unutmayacağıq. Onun şəhid olması ilə hərbi hava qüvvələri çox şey itirdi. Silah sisteminin və helikopterin öyrədilməsində əvəzedilməz pedaqoq idi. O, istər Tovuz, Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində daim ön cəbhədə oldu.

Sentyabrın 26-sı bizə məlumat gəlmişdi ki, düşmən əks-hücum əməliyyatları keçirə bilər. Həmin gün Ramiz Qasımov uçuş heyyətini topladı və çıxış etdi. Dedi: "sabah hər şey ola bilər. Burada olan heyət sabah, biri gün tam olmaya bilər. Amma bu sizdə ruh düşkünlüyü yaratmasın. Bizim qarşımızda bir məqsəd var: torpaqlar azad olunmalıdır və şəhid qanı yerdə qalmamalıdır". Sanki ona şəhid olacağı əyan olmuşdu. Biz onun itkisi ilə hələ də barışa bilmirik".

Hər hərbçi ailəsinin özü bir ordudur. Orada gələcəyin vətənpərvər qəhrəmanları böyüyür.

Şəhidin qızı Gülanə Qasımova: "Atam məni rəssam görmək istəyirdi. Çəkdiyim rəsmləri çox bəyənirdi, hətta mənə rəssamlıq ləvazimatları da almışdı. Atamın doğum günündə onun rəsmlərini çəkib hədiyyə etmişdim. Nə yaxşı ki, elə bir qəhrəmanın qızıyam. Çox heyif ki, o, bu gün bizim yanımızda deyil. Yoxluğunu qəbul etmək çətindir. Vətən sağ olsun. Atama və bütün şəhidlərimizə Allah rəhmət etsin".

Şəhidin digər qızı Gülay Qasımova: " Atamın arzusu məni riyaziyyat müəlliməsi görmək idi. Çalışıram ki, riyaziyyat, fizika fənlərini yaxşı oxuyam. Atama söz vermişəm, sözümün üstündə duracağam. Mənim tikiş maşınım var, doğum günümdə atam hədiyyə etmişdi. Deyirdi, sən mənim modelyer qızımsan".

Şəhid oğlu Vaqif Qasımov: "Atam məni hərbi pilot kimi görmək istəyirdi. Onun arzusunu yerinə yetirib, pilot olacağam. O, bizi sevirdi, özü ilə gəzdirirdi. Atamın helikopterini görmüş-düm. Məni onunla tanış edirdi ki, böyüyəndə pilot olum".

Ailənin yaxın qohumu Əhməd İsmayılov isə bildirib ki, Ramiz Qasımova xarici ölkələrdən dəvətlər gəlsə də getməyib. "O dedi ki, Vətənin mənə ehtiyacı var. Azərbaycanın torpaqları işğaldan azad olunmayıb, mən heç yerə gedə bilmərəm. Vətəni balalarından, ailəsindən, hər bir şeydən üstün tutdu. Onun ölümü tək bizim deyil, bütün Azərbaycanın itkisi oldu. O cümlədən, bütün şəhidlərimiz bizim itkimizdir".

Züleyxa Ələkbərqızı