Məmur, məmur, yenə də məmur...

20:10 17-02-2021 486

Cidanı çuvalda gizlətmək olmaz

 Dünyanın elə bir ölkəsi yoxdur ki, orada dövlət məmuru olmasın. Deməli, dövlət varsa, orada mütləqdir ki, məmur da olsun. Dövlət məmurlarının vətəndaşlardan fərqi ondadır ki, onlar dovlətdən aldıqları maaş müqabilində dövlətə və xalqa xidmət edirlər. Dövlət məmurlarının bir vəzifəsi də, vətəndaşların problemlərinin həllində onlara yardım etməkdir.

Azərbaycanda isə vəziyyət tamamilə başqadır, burada hansı bir problemlə üzləşirsənsə, həmin problemi yaradanın dövlət məmuru olduğunu görürsən. Buna görə də insanlarda belə bir fikir formalaşır ki, dövlət məmurlarının əsas vəzifəsi dövlətə və xalqa xidmət deyil, onlara problem yaratmaqdır. Burada onların hansı məqsəd güddükləri də heç kimə sirr deyil.

Prezident İlham Əliyevin çıxışlarına, tövsiyyə və tapşırıqlarına belə, məhəl qoymayan bu məmur çetesi, sanki başqa quvvələr tərəfindən idarə olunur və onların əmirlərinə müntəzirdirlər. Əks təqdirdə, onların bu əməllərini heç cür anlamaq mümkün deyil. Prezident tapşırır ki, "sizin vəzifəniz xalqa xidmət etməkdir", onlar isə xalqa zülm etməkdən sanki zövq adırlar. Görünəni odur ki, bu məmur çetesi üçün Azərbaycan qanunları da, heç bir əhəmiyyət kəsb etmir. Maraqlıdır ki, son zamanlar belə məmurların bir qisminin həbsi də, digərləri üçün dərs olmur, bundan nəticə çıxarmırlar. Əksinə, daha da azğınlaşırlar. Bəzi rayonların icra hakimiyyəti başçılarının şəhid, qazi ailələrinə münasibəti də, məhz bu azğınlıqdan qaynaqlanır və onlar artıq ayaqlarının altını belə görmürlər.

Burada mərhum prezidentimiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir sozü yadıma düşdü: "Azərbaycan kiçik bir ölkədir və burada kimin kim olduğunu hər kəs çox gözəl bilir". Bu gün dövlətdə mühüm postlar tutan məmurların da kimliyi, fəaliyyəti, gördüyü işlər və törətdiyi əməllər də hər kəsə məlumdur. Bunları gizlətmək mümkün deyil, heç onların özləri də bunu gizlətməyə səy göstərmirlər. Əksinə, bizim bəzi məmurlarımız o qədər harınlayıblar ki, bütün ehtiyat hisslərini belə itiriblər və nəyinki cidanı, malikanələrini, istehsalat müəssisələrini, min hektarlarla torpaq sahələrini belə, kimdənsə gizlətməyə cəhd etmirlər... Onlar da gözəl bilirlər ki, "cidanı çuvalda gizlətmək olmaz". Azərbaycan məmurlarının ümumi xarakteri barədə bu qədər.

İndi də gəlin ölkədə baş verən pisliklərdə, yaranan problemlərdə onların rolunu təhlil edək.

Yadınızdadırsa, bir müddət əvvəl dizel yanacağının və benzinin qiyməti artanda bir çox məmurlar və deputatlar mediada, tetekanallarda çıxış edərək xalqı əmin etməyə çalışırdılar ki, bu artımın digər sahələrə təsiri olmayacaq. Lakin bir müddət sonra Tarif Şurasının qərarı ilə əhaliyə satılan içməli suyun qiyməti nə az, nə çox düz iki dəfə qaldırıldı (diqqətinizə çatdırım ki, Tarif Şurasi idarə heyətinin üzvlərinin hamısı nazir müavinləridir). Lakin məmurların dediklərinin əksinə olaraq, yanacağın və suyun qiymətinin artmasından bir müddət sonra, bütün digər məhsulların, ələlxüsus da ərzaq məhsullarının qiymətinin artdığını müşahidə etdik və hələ çox edəcəyik. Belə də olmalıydı, bu təbii bir prosesdir. Bazar iqtisadiyyatı şəraitində bunun başqa yolu yoxdur. O ki qaldı, bəzi məmurların "süni qiymət artımı"na yol verilməyəcəyi baradə nağıllarına, bu da vətəndaşların gözünə kül üfürməkəndən başqa bir şey deyil. Bazar iqtisadiyyatında "süni qiymət artımı" anlayışı ümumiyyətlə yoxdur.

Bu gün Azərbaycanda qiymət artımını "qaçılmaz" edən əsas məsələ məmur-oliqarxların inhisarçılıq siyasətidir. Ölkəmizdə bütün istehsalı, idxal və ixracı, biznes və ticarət şahələrini monopoliyada saxlayan da məmur oliqarxlardır. Son bir ildə koronavirus pandemiyası səbəbindən onlar da çox böyük pullar itiriblər və həmin pulları bütün sahələrdə qiymətləri qaldırmaqla, xalqın cibinə girərək konpensasiya etmək istəyirlər. Ölkəmizdə bütün dövlət idarəçiliyi sistemi, məhz məmur-oliqarxların əlində cəmləndiyindən, heç kim onlara təsir edə bilmir. Bu məmur çetesi özlərinin yaratdıqları sistemə o qədər arxayındırlar ki, hətta Prezidentin belə sözünü eşitmirlər.

Ölkəmizdə qiymət artımını şərtləndirən əsas amillərdən biri də, gömrük rüsumlarının çox yüksək olmasıdır. Bu da heç şübhəsiz ki, ölkədə mövcud olan məmur monopoliyası ilə sıx bağlıdır. Monopoliya şəraitində mallara istənilən qiyməti tətbiq edən məmur oliqarxlar, Dövlət Gömrük Komitəsinin idxal olunan məhsullara öz bəyannamə qiymətlərini tətbiq etməsinə etiraz etmirlər. Çünki onlar da həmin şişirdilmiş qiymətləri əhaliyə tətbiq edirlər. Yəni monopoliya bazarında hər kəsin öz yeri var, Gömrük Komitəsinin də həmçinin... Arada itirən, yalnız sadə insanlar olur.   

Əgər biz dövlətimizin normal inkişafını istəyiriksə, ölkəmizi inhisarçı, korrupsioner, rüşvətxor məmur-oliqarxların caynağından qurtarmağı bacarmalıyıq.

Əks təqdirdə, ölkədə sosial ədalətin bərqərar olması mümkünsüz hala gələcək. Bu da öz növbəsində sosial ədalətsizliyə və xaosa səbəb ola bilər.

Cənablar, sosialist inqilabının,"kasıbın qandalından başqa itirəcək bir şeyi yoxdur" şüarını yaddan çıxarmayın!

 

P.S. Bəziləri qiymət artımının Avropa standartlarına uyğunlaşma ilə bağlı olduğunu sübut etməyə çalışırlar. Həmin kəslərə sual edirəm, Azərbaycanda neçə faiz insanların yaşam şəraiti Avropa standartlarına uyğundur? Hansı Avropa ölkəsində 50 il iş stajı olan vətəndaş 300 manat pensiya alır? Bu kimi sualları saysıza qədər artırmaq olar.

Sonda, sadə bir misal. Bizə nümunə kimi sırıdığınız Avropa ölkələrində  adi bir pensiyaçı, pensiya kartı ilə dünya səyahətinə çıxa bilir. Azərbaycan pensiyaçısı isə pensiya ilə kömmunal, dərman xərclərini belə, qarşılaya bilmir. Məhz bu səbəbdən də 65-70, hətta 80 yaşında işləmək məcburiyyətindədir. Bax, sizin bizə sırımağa çalışdığınız Avropa standartları budur. Yaşamımız Azərbaycan, ödənişlərimiz Avropa, əhsən! Xalqa əsl xidmət buna deyirlər! Məmur -oliqarxların girovuna çevrilən Azərbaycanda bundan artıq nə olmalıdır ki?! Ölmək istəyirsən, get Mazandarana, orada ölünü pulsuz basdırırlar. İnanmırsınızsa, şeyx həzrətlərindən soruşun, Azərbaycanda ölu bazarı da onun monopoliyasındadır. 

Düşünün cənablar, düşünün, sonra gec olar!

 Röyal Əsədli