Birinci Qarabağ Müharibəsinin qəhrəmanlıq səlnaməsindən

20:11 17-02-2021 333

Əfsanəvi kəşfiyyatçı - polkovnik-leytinat Bəhram Atakişiyev nəsillərə ornəkdir

 Otuz ildən sonra Vətən torpaqlarının işğaldan azad edilməsi hamıda sevinc və qürur hissi yaradır. Bu torpaqların azad edilməsi uğrunda qəhrəmanlıq göstərən şəhid və qazilərimizin şəninə səlnamələr, şeirlər yazılır və mahnılar bəstələnir. Bu da vətəndaşlarımız, şəhidlərimizin yaxınları, qazilərimiz üçün vacib ruhi qidadır. Heç şübhəsiz ki, Müzəffər ordumuzun hər bir əsgəri tərifə layiqdir və belə də olmalıdır.

Hələ məntiqi sonluğa çatmayan bu savaş 27 sentyabr 2020-ci ildə deyil, 90-cı illərin əvvəllərində, xain qonşularımızın Vətən torpağına göz dikdiyi vaxtdan başlayıb. Birinci Qarabağ savaşında Azərbaycan torpaqları Rus hərbi birləşmələrinin köməyi ilə işğal edildi. Azərbaycan 12 may 1994-cü il tarixdə atəşkəs sazişinə imza atmaq mcburiyyətində qaldı. Ermənistan siyasi hakimiyyətinin və Minsk Qrupunun tez-tez təkrar etdiyi "status-kvo"nun açıqlaması budur ki, bu müharibədə məğlub tərəf Azərbaycan, qalib tərəf isə Ermənistandır. Belə bir deyim var, "qələbənin atası çox , məğlubiyyət isə yetimdir". Doğrudan da belədi. Bu otuz il ərzində hamı Birinci Qarabağ müharibəsində satqın axtarışı ilə məğlub olub. Lakin həmin dövrdə yüzlərlə vətən oğlu qəhrəmancasına döyüşüb, düşmənə layiqli cavab verib. Çox təəssüflər olsun ki, o dövrün məğlubiyyət əhval-ruhiyyəsi həmin qəhrəmanlıq səlnamələrini kölgədə qoydu. Çünki hər bir hadisəyə qiymət onun nəticəsinə görə verilir. Amma bu ədalətli yanaşma sayıla bilməz. Düşmən bizdən dəfələrlə güclüdürsə, bizim yeni yaranan, hələ nizamlı təmərküzləşməyə yetişməyən ordumuza qarşı Rusların nizamlı, hər cür təhcizata malik moto-atıcı alayı vuruşursa, burada nəticə əvvəlcədən bəllidir. Lakin həmin bəlli nəticəni görə-görə Azərbaycan igidləri düşmənə qarşı müqavimət göstərdi, onu ağır itkilərə məruz qoydu. Təsəvvür edin ki, ermənilərin Rus ordusunun köməyi ilə 4 ilə aldığı torpaqları Azərbaycan Ordusu altı həftəyə azad etdi. Təkcə bu fakt onu göstərir ki, Birinci Qarabağ müharibəsinin şəhid, qazi və veteranları da böyük qəhrəmanlıqlar göstərib. Bu qəhrəmanlıqlar barədə çox kitablar yazılıb, filimlər çəkilib.

Bu yazıda Birinci Qarabağ müharibəsinin canlı qəhrəmanlarından biri olan Ağakişiyev Bəhram Lətif oğlundan söhbət açacağıq. Bəhram Atakişiyev Qusar rayonunun Gündüzqala kəndində dünyaya göz açıb. Kənddə hamının hörmət etdiyi Lətif kişinin iki qızı, dörd oğlu olub. Lətif kişi dünyasını dəyişəndə böyük oğlu Bəhramın cəmi 15 yaşı vardı. O, anası Nasiyat xanımla bərabər bu böyük ailəni dolandırmaq məcburiyyətində qalıb. O gündən Bəhram Ağakişiyevlər ailəsinin başçısı olur.

Bəhram Ağakişiyev 1 avqust 1966-cı ilə anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Rusiyanın Rostov şəhərindəki Ali Hərbi Məktəbə daxil olub. Bəhram sevdiyi hərb sənətinin sirlərinə yiyələndikdən, peşəkar zabit kimi formalaşdıqdan sonra 1990-cı ildə Vətənə qayıdır. Bacarıqlı zabit olduğuna görə, onu rus ordusundan buraxmaq istəməyiblər, lakin Bəhram israr edib və o ağır günlərdə Vətəninə dönüb. Həmin dövrdə Bəhramın qardaşı Eyvaz da həqiqi hərbi xidmətə çağrılıb, əvvəl Moskvada, sonra isə Ukraynada hərbi xidmət keçib. Bəhram hərbi xidmətdən məzuniyyətə gələn qardaşı Eyvazı da geri dönməyə qoymur, onu da yeni yaradılan Azərbaycan Ordusu sıralarına yazdırır. Beləcə, həmin vaxtdan bu iki qardaş çiyin-çiyinə vuruşmağa başlayır. Eyvaz Ağakişiyevin sözlərinə görə, Bəhram onun qardaşı olsa da xidmətdə o, bunu hiss etdirmirdi, Bəhram komandir, mən isə sıravi əsgər idim.

B.Ağakişiyev çevik, tələbkar və dürüst komandir olmaqla yanaşı, həm də çox istedadlı kəşfiyyatçı olub. O, dəfələrlə kəşfiyyat əməliyyatı çərçivəsində düşmənin arxasına keçərək çox dəyərli kəşfiyyat məlumatları əldə edib və bu məlumatlar əsasında uğurlu döyüş əməliyyatları baş tutub. Döyüş yoldaşlarının dediyinə görə, bir kəşfiyyatçı kimi Ağakişiyevin qarşısında keçilməz səngər yox idi, o, sadəcə bir əfsanə idi. B.Ağakişiyev dəfələrlə medallar, ordenlər, fəxri-fərmanlarla təltif olunub, haqqında qəhrəmanlıq səlnaməsini özündə əks etdirən kitablar nəşr edilib, "Cənnət yolçusu" adlı sənədli film çəkilib. "Cənnət yolçusu" filminin təqdimat mərasimi 2019-su ilin avqust ayında baş tutub.

"Cənnət yolçusu" filminin təqdimat mərasimini "Vətənpərvərliyin Təbliğinə Dəstək" ictimai birliyinin sədri Şəmiştan Əlizamanlı açıb. Film haqqında qısaca məlumat verən Ş.Əlizamanlı Bəhram Ağakişiyevin timsalında hər bir veteranın, döyüşçünün xatırlanmalı olduğunu dilə gətirib. Tariximizin canlı şahidlərini, eləcə də, müasir tariximizin qəhrəmanlıq siması olan bu insanların keçdiyi döyüş yollarının gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Bu barədə məlumat verən AVMVİB sədri Füzuli Rzaquliyev bildirib ki, sənədli film qəhrəmanı Bəhram Ağakişiyev ilə bir çox döyüşlərdə olub və o, hazırda təşkilatımızın üzvüdür. Belə döyüşçülərimiz haqqında filmlərin çəkilməsi təqdirəlayiqdir.

Filmin ssenari müəllifi İlham Tumas, rejissoru Nicat Cəlilovdur. Qeyd edək ki "Cənnət yolçusu" filminin çəkilişinin birinci mərhələsi Qusar rayonu, Gündüzqala kəndində Bəhram Ağakişiyevin ailə üzvləri, sinif yoldaşları, döyüş yoldaşları və yaxınlarının iştirakı ilə reallaşıb. Filmin digər epizodları Bakı şəhərində çəkilib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti hesabına ərsəyə gələn film müstəqilliyin ilk illərində baş verən hadisələrdən, xüsusən də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdən, bu döyüşlərin canlı iştirakçısı olan igid azərbaycanlıdan biri Bəhram Ağakişiyevdən bəhs edir. Bəhram Ağakişiyev Qarabağ müharibəsi veteranıdır. O, məşhur "Birinci batalyon"un yaranmasında fəal iştirak edib. Kəşfiyyat taqımının komandiri kimi bir sıra mühüm əməliyyatlarda fərqlənib, döyüş tapşırıqlarını layiqincə yerinə yetirib. Atəşkəs imzalandıqdan sonra Müdafiə nazirliyində, Sərhəd Qoşunlarında xidmətini davam etdirib. Azərbaycan ordusunun ilk milli zabit kadrlarından biri olub.

Prezident Administrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev nitqində Bəhram Ağakişiyevi əsl azərbaycanlı igid kimi xarakterizə edib. Bu cür sənədli filmin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində vacib amillərdən olduğunu bildirib. Qarabağ müharibəsi iştirakçılarının hər birini vətənin igid, qəhrəman oğlu adlandırıb. Onların hər zaman Azərbaycanla birgə yaşayacağına əminlik ifadə edib.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov da filmi yüksək qiymətləndirib. "Cənnət yolçusu" sənədli filmini veteranlara göstərilən diqqət və qayğının göstəricisi adlandıran Cəlil Xəlilov bu kimi filmlərin ardıcıl olacağına inam ifadə edib. Bəhram Ağakişiyev filmin ona, eləcə də, bütün Qarabağ döyüşçülərinə göstərilən etmadın göstərici olduğunu bildirib. B. Ağakişiyev Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanlarının hər zaman xatırlanmalı olduğunu da diqqətə çatdırıb. Torpaqlarımızın azadlğı uğrunda müharibədə qocaman veteranların təcrübəsinin gənc nəslə çatdırmağın vacibliliyini vurğulayıb.

Sənədli filmin kadırlarından da bəlli olur ki, 23 fevral 1995-si ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə məsələ qaldırılır ki, xidmət etdiyi hərbi həssə tərəfindən Bəhram Ağakişiyev "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına təqdim edilsə də o, təltif edilməyib. Ümummilli Lider həmin toplantıda məsələni araşdırmaq üçün Ramiz Mehdiyevə tapşırıq verib. Amma bu tapşırıqdan sonra belə, məsələ həllini tapmır. Bununla yanaşı, B. Ağakişiyev özü də sorğu ilə Müdafiə Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsindən vətəndaşa ünvanlanan 15 sentiyabr 1918-ci ildə göndərilən çavab məktubunda bildirilir ki, xidmət keçdiyiniz hərbi hissə tərəfindən "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilməsi barədə Müdafiə Nazirliyinə təqdimat daxil olmuşdur və barənizdə müvafiq qərar qəbul olunması üçün Müdafiə Nazirliyinin Təltif komissiyasına təqdim edilmişdir: "Komissiyanın qərarı barədə Sizə əlavə məlumat veriləcək". Amma hələ də əfsanəvi kəşfiyyatçımız barədə son qərar verilməyib.

Mahir Abbaszadə