İtin və qurdun fərqi

20:13 17-02-2021 1359

Bu günümüzə gülək, yoxsa ağlayaq?

 Heç bir işin qulpundan yapışmayan insanların kənardan ona-buna ağıl verməsi heç zaman indiki qədər qıcıq doğurmayıb. Çünki internet dövrüdür, Facebook- dan bunu eyni vaxtda minlərlə insan görür, minlərlə insan tərəfindən paylaşılır, anlaşılır. Quş dimdiyindən tanındığı kimi, indi insan da "statusundan" tanınır. Yəni sosial şəbəkədə yazdığı qeyddən, mesajdan...

 Bir şeyi də deyim ki, insanda qıcıq yaradan bu adamlara birtəhər dözmək olur, lakin qıraqdan sakitcə dayanıb haqsızın uğruna tamaşa edənlərə, əl çalanlara dozmək olmur. Necə deyirlər "əl çalırıq, əl çala- çala alçalırıq".

Belələri bir nəfər, yüz nəfər olsa nə var, çağırıb deyirsən ki, "ay insan, ay kişi, sənin gördüyün işin adı filan şeydir". Adam da bu "filan" şeyi bir xeyli düşünər, bəlkə də yolunu başqa şəmtə salar...

İndi danışacağım əhvalatın təsvir olunduğu əsərin adını yazmayacağam, müəllifinin də. Hesab edirəm ki, onu hamınız oxumusunuz. Bir nəfər görür ki, şəhərdə getdiyi şəmtdə xeyli insan yığışıb nəyəsə gülür. Yaxınlaşır. Görür, balaca bir iti böyük bir it qabağına qatıb qovur. Adamlar da buna baxıb gülür, əl çalır. Bu tamaşanı görən adam isə başlayır ağlamağa. O, zəiflərə gülənlərə "acıyır", ağlaya- ağlaya düşünür ki, məhz bu adamların belə hərəkətləri üzündən həmin şəhərin əhalisi də it günündə yaşayır. Bu "it günündə olmaq" ifadəsi ayrı bir söhbətdir. Biləsuvarda, Cəlilabadda, İmişlidə, Masallıda, Lənkaranda dilimizdəki "it günündəsən", ifadəsi təzadlı görünməyə bilər. Bizdən uzaq olan 186 km məsafədə, Bakıda isə kefi kök, günü ağ, görkəmi, uslubu gözəl olan itlər çoxdur. Məsələ təkcə onların gün- güzaranında deyil ha...

 İnsanların toplum olaraq ağır günlər yaşaması bir yana, böyük şəhərin ən gözəl yerində də uzanıb qalan, büzüşüb duran və itdən pis gündə olan adamları görmək olar. Onların sayı da az deyil. Onları görəndə adam fikirləşə bilər, itə nə olub ki?!

İt...bayaq incə-kübar bir xanımın qucağında daranmış və ətirlənmiş keçdi. Yaxud, maşının arxasından baxa-baxa getdi. Eləsi var quzuya oxşayır, eləsi var, pişiyə. Eləsi də var sanki cüyürdü. Bəzilərinin saçlarına elə düzən verirlər ki, parik olduğunu düşünürsən. Bütün bunlardan sonra adam kiməsə "it günündə" olduğunu deməyə çətinlik çəkir.

Təzadlıdır, elə deyilmi? Lakin daha təzadlısı odur ki, yenə də, deyəsən it insanın ən yaxın dostuna çevrilib ev heyvanı oldu. Amma it mənfi çalar, söyüş yükünü itirmədi. Əsil təzad bundadır. Nə qədər təəccüblü olsa da, təsərrüfatını it vasitəsi ilə qoruyan insan oğlu "it" sözünü söyüş kimi istifadə etdiyi halda, qurda hörmət edir, ona dəyər verir. Niyə belə olduğunu izah etmək üçün tək bir dəlilimiz var. Dəlil deyəndə, söhbət gördüyümüz və bildiyimiz bir gerçəkdən gedir. İt darana da, sampunlanıb- ətirlənə də, qızıl boyunduruq və timsah dərisindən ağızlıq da daşıya bilər. Ailə süfrəsinin qırağında əyləşib, çini qabda quzu əti də yeyə bilər. Kondisionerli "Mersedes"-in arxasında və ya sarışın gözəlçənin qucağında çimərliyə də gedər. Bunların hamısı, bu heyvana verilir. Hamısı sonda pay, yal və sığallanmaq qismindədir. Onun özünün əldə etdiyi, qapdığı, qazandığı, aldığı deyil. Onun qurdan fərqi də budur. Əl və ev heyvanı olmaq ücün əhilləşməyən, qabağına atılan əti yeməyən, başqasının ovuna dişini vurmayan qürurlu həmcinsinin özəlliyi bundadır. İt və ya it günündə olmaq budur! Bu isə məncə həm gülməli, həm ağlamalıdı... Mən sadəcə,  gördüklərimi, bildiklərimi bölüşmək istədim. 

 Əlizadə Nəhmədağaoğlu