"Ağıllı şəhər"i harada qurmalı?

 

20:14 17-02-2021 270

Belə layihələrin hədəfi əhalinin probleminin həlli olmalıdır

 Son zamanlar dünyada "Ağıllı şəhər" (Smart City) layihələri aktuallaşıb. Dünyanın aparıcı ölkələri - Böyük Britaniya, ABŞ, Yaponiya və Çində bu layihələrin tətbiq edilməsinə daha çox maraq göstərilir. Göründüyü kimi, "Ağıllı şəhər" layihələrini əsasən yüksək texnologiyalara sahiblənən ölkələr reallaşdırır. Lakin istisnalar da var. Məsələn, Qazaxıstan belə bir layihəni artıq reallaşdırıb - mükəmməl şəkildə qurula bilməsə də, layihə gerçəkləşib. Türkmənstan da layihələndirməni başa vurub, bu ilin sonuna qədər işə başlayacaq.

Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlar əsasında idarə edilir. Belə ağıllı cihazlar telefonlar, avtomobillərıin sensorları və ya kompüterlər də ola bilər. Bu cihazları kifayət qədər məlumatla təmin etdikdə, şəhəri idarə edən məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərinə başlaya bilərlər. Belə şəhərlərdə bütün fəaliyyət internet üzərindən alınan informasiya əsasında reallaşır. Digər tərəfdən ağıllı şəhərlərdə ətraf mühitin qorunması məsələsi önə çəkilir, əhalinin enerjiyə olan tələbatı alternativ və bərpa edilən enerji (günəş, külək, su və s.) mənbələri hesabına ödənilir. Bulud yığma texnologiyalarının inkişafı ilə birlikdə məlumatların yığılması çox uyğun bir qiymətlə qarşımıza çıxır. Ağıllı şəhər layihəsinin arxasındakı məntiqin də bu olduğunu düşünsək, çox da bahalı bir layihə hesab edilmir. Lakin ənənəvi infrastrukturları olmayan, şəhəri bünövrədən tikmək gərəkirsə, sözsüz ki, belə layihələr daha çox maliyyə tutumuna malik olur.

Toplanan məlumatların növü ağıllı şəhərin ehtiyaclarına görə dəyişə bilir. Ən sadə nümunə havanın keyfiyyətinin ölçülməsi və bu məlumatlar əsasında bölgədə dəyişikliklər edilərək astma xəstələrinə kömək edə bilmələridir.

Sinqapur "ağıllı şəhər" infrastrukturunun inkişafına xərclədiyi vəsaitlərin həcminə görə, hələ də dünya lideridir. Yaponiyanın paytaxtı Tokio bu göstərici üzrə ikinci yeri tutacaq. Üçüncü və dördüncü yerlərdə müvafiq olaraq Nyu-York və London şəhərləri qərarlaşıb. "IDC" şirkətinin proqnozuna görə, bu il yuxarıda adıçəkilən meqapolislərdən hər biri "ağıllı şəhər" proqramlarına 1 milyard dollardan çox vəsait xərcləyəcəklər.

1.6 milyon əhalisi olan Ninsya vilayətinin İnçuan (Çin) mərkəzi, 3000 nəfər əhalisi olan Fudzisava (Yaponiya) şəhəri, 192 min nəfər əhalisi olan Milton-Kins (Böyük Britaniya) şəhəri, 5.5 milyon nəfər əhalisi olan Sinqapur (Sinqapur) meqalopolisi, 300 nəfərin yaşadığı Əbu-Dabi şəhərinin qəsəbəsi Məsdər (BƏƏ) dünyanın elit "ağıllı şəhər"ləri sırasındadır.

Dünyanın ən çox əhali yaşayan ağıllı şəhəri Sinqapur, dünyada Asiya pələngləri sayılan ölkələrinə hər cəhətdən liderlik edir. Ümumiyyətlə, dünyada nou-xauların ən çox tətbiq edildiyi ölkə Sinqapur sayılır. Gəlirlərinin strukturuna görə ölkələr şərti olaraq dörd qrupa bölünür - nou-xau (intellekt) istehsal edən ölkələr, nou-xauları tətbiq edən ölkələr, xammal hasil edən və aqrar ölkələr. Bu qrupların gəlirlərinin həcmi də bu ardıcıllığa yuğundur. Yəni nou-xau istehsalçıları ən çox, aqrar ölkələr isə ən az gəlirə malikdir. Sinqapur öz qrupunun lideridir. Bəlkə də elə buna görədir ki, Sinqapurun "ağıllı şəhər" layihəsi dünyada lider sayılır.

Azərbaycanda da "ağıllı şəhər" layihəsinin gerçəkləşəcəyi hələ ötən ilin əvvəllərindən gözlənilən idi. Çünki prezident İlham Əliyevin Sərəncamına əsasən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda bu öz əksini tapıb. Belə ki, Milli Fəaliyyət Planında 2020-2021-ci illər ərzində "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılacaq və pilot layihənin həyata keçirilməsi imkanlarının müəyyən ediləcəyi qeyd edilib. Layihənin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Lakin son zamanlar ağıllı şəhər layihəsi istiqamətində verilən qərarlar onu göstərir ki, sozügedən qurumların apardığı araşdırmaların nəticələri nəzərə alınmayıb. Çünki adı çəkilən dövlət qrumlarının araşdırmaları ötən ilin mart-aprel aylarından başlayıb və həmin vaxt hələ torpaqlarımız düşmən tapdığı altında idi. Bu səbəbdən də araşdırmaçılar Zəngilan rayonunun Ağalıq kəndi ətrafında araşdırma apara bilməzdilər. Artıq indi hamıya bəllidir ki, ölkədə ilk "ağıllı kənd" layihəsi yuxarıda qeyd etdiyimiz, ermənilər tərəfindən darmadağın edilən Ağalıqda reallaşacaq, prezident layihənin icrasına start verib.

Dünyada ağıllı kənd və şəhər layihələri əhalinin daha rahat yaşaması və daha yüksək gəlirlərə malik olması üçün düşünülüb. Layihə ilk qaranquş olaraq bütün ölkələrdə əhalinin sıx yaşadığı, ağır infrastruktur və işsizlik problemi olan ərazilərdə tətbiq edilir. Ona görə belə ərazilər seçilir ki, orada yaşayan əhalinin yaşayış şəraiti və gəlirləri artırılsın, yəni layihə nəzəri hədəflərdən yayınmasın. Bu minvalla Azərbaycanda ağıllı şəhər layihəsi əhalinin daha sıx yaşadığı, daha çox infrastruktur və işsizlik problemi yaşanan Abşeron iqtisadi rayonunda gerçəkləşməli idi. Burada əhalinin rəqəmsal bilgiləri və sürətli internet də vacib amillərdən biridir. Çünki bu cür infrastruktura malik olan şəhərdə yaşayan hər bir sakin öz istək və arzularını menecerlərə rəqəmsal texnologiyalarla çatdırmalıdır. Bu baxımdan da sözügedən layihənin paytaxt Bakının bir qəsəbəsində və ya bir rayonunda gerçəkləşdirilməsi məqsədəuyğun olardı. Pis-yaxşı, internet bölgələrə nisbətən Bakıda daha sürətlidir, əhalinin intellektual kəsimi təbii olaraq, paytaxtda daha çox məskunlaşıb. Şəhərin kifayət qədər nəqliyyat, infrastruktur və işsizlik problemləri var, üstəlik, pandemiya dönəmində bu problemlərin konsentirasiyası bir qədər də intensivləşib. Bütün bu səbəblər onu deməyə əsas verir ki, ağıllı şəhər layihəsi Abşeron iqtisadi rayonu ərazisində gerçəkləşdirilməlidir.

Bunun əksinə olaraq, sözügedən layihənin ermənilər tərəfindən onilliklər ərzində xarabazara çevrilmiş ərazilərdə reallaşdırılması ilk növbədə layihəni nəzəri hədəflərindən yayındırır. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, ağıllı şəhər və kənd layihələri əhalinin daha rahat yaşamasını və daha çox gəlirlərə malik olmasını hədəfləyir. Bizim analoji layihəni reallaşdırmağa başladığımız ərazidə isə hələ məskunlaşma mövcud deyil. Biz bilmirik ki, bu ərazidə kimlər yaşayacaq və onların gəlirləri hansı səviyyədə olacaq. Biz layihənin həyata keçiriləcək məkanı olaraq işğaldan azad edilmiş əraziləri seçməklə, ağıllı şəhər layihəsinə bir suvenir kimi yanaşırıq. Lakin dünyada bu layihə suvenir kimi deyil, problemlərin həlli üçün reallaşdırılır. Başqa sözlə desək, belə layihələr problemi olan şəhərlərdə reallaşdırılır ki, həm problem həll edilsin, həm də layihənin xərcləri azalsın. 

Bütün bunlarla yanaşı, hələ heç kimin yaşamadığı ərazilərdə elit kənd və şəhərlər salmaq ideyası vətəndaş cəmiyyətində bir sıra düşüncə assosasiyalarının yaranmasına gətirib çıxarır. Belə ki, hələ heç kimin məskunlaşmadığı işğaldan azad edilmiş ərazilərdə oliqarx-məmurların yaratdığı aqro-parklar tərəfindən yüz minlərlə hektar sahələr kənd təssərüfatı təyinatı ilə becərilməyə başlanıb. Kim inana bilər ki, keçmiş məcburi köçkünlər bərpa edilmiş ərazilərdə məskunlaşandan sonra aqro-parkların zəbt etdiyi torpaqlar onlara qaytarılacaq? Əlbəttə, bu heç vaxt baş verməyəcək, çünki rayonlarda pambıq əkmək adı altında aqro-parklar tərəfindən zəbt edilən torpaq sahələrinin heç biri sonradan əvvəlik sahiblərinə qaytarılmadı. Belə çıxır ki, işğal altından azad edilmiş ərazilərdə salınan ağıllı şəhər və kəndlərdə oliqarx-məmurların tarlalarında çalışan işçilər yaşayacaq?

Bir məqamı da qeyd edək ki, Azərbaycanın bu tip layihənin (ağıllı şəhərin bir elementi) reallaşdırılmasının acı təcrübəsi var. Bir neçə il əvvəl Bakı şəhərində Nəqliyyatin İntellektual İdarə Edilməsi layihəsi reallaşdırıldı. Layihəyə yüz milyon dollara yaxın vəsait xərcləndi, amma o layihənin bəhrəsindən bu gün əsər-əlamət yoxdur, yalnız dayanacaqlarda asılmış qeyri-işlək vəziyyətdə olan monitorlar gözdağı kimi qalmaqdadır. Arzu edək ki, növbəti intellektual layihələrin taleyi buna bənzəməsin, ançaq o vaxtdan indiyə qədər dövlət idarə etməsində əsaslı dyişiklik gözə görünmür -yalnız Nəqliyyat Nazirliyi ləğv edilərək rabitə nazirliyinə birləşdirilib.

 Akif Nəsirli