Vətən sevgisindən doğan hünər

20:19 17-02-2021 243

44 günlük Azərbaycan xalqının tarixi zəfərində Astaralı gənclərin də xüsusi yeri vardır. Belə ki, ötən ilin 27 sentyabrında başlanan Qarabağ müharibəsində bu qəhrəmanlar yurdunun igid oğlu Abbas İbrahimli sözün əsl mənasında erməni dığalarına qan qusdurub.

Həmişə vətən, torpaq qeyrəti çəkən kamil insanların sırasında olan, doğma el-obanın dərin etimadını qazanan, köksündə xalqına sevgi dolu ürək daşıyan Abbas İbrahimli Astara şəhərində yaşayır. Onun həyatına məna qatan insanlığın zinəti sayılan saf, ülvi dəyərlərin kökündə əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan ailə mühitində aldığı tərbiyə durur. 2013-cü ildə Astara Pedaqoji Kollecinin Bədən tərbiyəsi və idman fakültəsini atletika müəllimi ixtisası üzrə bitirəndən xalqına fayda vermək, yaxşılıq etmək, özü də yaxşılıq gözündə yaşa dolmaq onun ali məqsədi olur. Nəcib həyat amalı, xeyirxah məqsədləri indi Abbasa Astara rayonunda böyük sevgi gətirib.

Abbas həqiqi hərbi xidmətini Naftalan şəhərində keçirir. Tank əleyhinə tağımda tuşlayıcı vəzifəsini icra edir. Daim nümunəvi xidməti ilə fərqlənir, təlimlərdə əla döyüşçü keyfiyyətləri göstərir. Ən əsası vətən sevgisi, doğma torpağı qorumaq eşqi Abbası sözün həqiqi mənasında zabitlərin, əsgərlərin yanında başıuca edir. O, vətən qarşısında oğulluq borcunu ləyaqətlə verib doğma Astaraya qayıdır. Çay fabrikində, Astara bələdiyyəsində, Əmək Məsələləri Dövlət Komitəsinin Masallı rayon şöbəsində, Astara Rayon İcra və Probasiya şöbəsində çalışır. Abbasın insanları nəcib məqsədlərə yönəltmək istəyini, məramını görüb, onu Astarada Gənclər və İdman İdarəsində gənclərlə iş üzrə nü-mayəndə seçirlər. Və gördüyü işlərdə xalqına fayda vermək əzmi mənəvi dünyasına daxil olmaqla ona xoşbəxt gələcəyin, işıqlı sabahların ünvanını göstərir. Qaldı ki, erməni dığaların Azərbaycanın mü-qəddəs guşəsi sayılan Qarabağ torpaqlarına ədalətsiz təcavüzü vətəni canından, qanından artıq sevən Abbası bir an belə rahat buraxmır, düşməndən qisas alacağı günü gözləyir. Məhz buna görə də İkinci Qarabağ Müharibəsi başlananda ürəyinin istəyini əsas götürərək könülü şəkildə mənfur düşmənə qarşı çıxır.

Abbasın gərgin döyüş günləri Füzulidən başlanır. Dığalar onun sarsıdıcı zərbələrinə tab gətirə bilmir. Qazanılan qələbələr ona yeni güc, qüvvə verir. Daha sonra Xocavənd, Hadrutda Vətən torpağın hər qarışı uğrunda intiqam hissi ilə vuruşur, böyük şücaət göstərir, düşməndən ürəyincə qisas alır. Qubadlıda mərmi partlayışından ağır yaralanır. Hospitalda müalicə olunsa da, şanlı ordumuzun qələbəsinə ürəkdən inanır...

Hazırda Abbas yaşadığı Astarada səmərəli işgüzar fəaliyyəti ilə adamların etimadını doğruldur. Necə deyərlər, adəti üzrə xalq üçün çalışmaq, insanlara fayda vermək onun iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Hələlik qəlpə alnında, yanağında durur. Abbas deyir: «Vətəndən üstün, qiymətli şey yoxdur. 30 ilə yaxın vətənimizin bir parçası işğal altında idi. Prezidentimizin müdrik siyasəti, cəsarəti nəticəsində torpaqlarımız azad edildi. Bu, tarixdə bizim üçün şanlı zəfər oldu. Fəxr edirəm ki, onda bir vətən övladı kimi mənim payım da vardır».

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü