SİYASİ HAKİMİYYƏTDƏN QOPMUŞ YAP...

20:22 17-02-2021 270

Hakim partiya Prezidentin apardığı islahatlar kursunda yer ala bilmir

 Mühüm dövlət postlarına irəli çəkilən gənclərin əksəriyyəti niyə partiyasızdır?

 Pandemiya və müharibə hakim Yeni Azərbaycan Partiyasında (YAP) dəyişiklikləri arxa plana keçirdi. 2019-cu ildən etibarən hakimiyyət strukturlarında aparılan islahatlar, kadr dəyişiklikləri, korrupsioner məmurların həbs edilməsi ölkənin əsas siyasi qüvvəsinin yeniləşməsinin qaçılmaz olduğunu gündəmə gətirmişdi. Çünki YAP uzun müddətdir nə cəmiyyətə, nə də elə hakimiyyətin özünə müsbət heç nə verə bilmir.

Ölkənin siyasi həyatında partiyanın fəaliyyəti zəif hiss olunur. Məsələn, YAP Milli Məclisdə 70 deputatla təmsil olunsa da, bir dəfə də olsun qanunvericilik təşəbbüsü ilə çıxış etməyib. Ölkənin, xalqın problemləri, ondan çıxış yolları barədə nə partiyanın özündə, nə də Milli Məclisdə hər hansı müzakirə keçirilməyib. YAP digər siyasi təşkilatlarla da əlaqə saxlamır. Milli Məclisdə və ondan kənarda hakimiyyətin kursunu dəstəkləyən siyasi təşkilatlarla birgə fəaliyyəti yox dərəcəsindədir.

YAP-ın daxilində də dəyişməz monotonluq, durğunluq hökm sürür. Partiya strukturları nə yerlərdə, nə də mərkəzi aparatda diqqət çəkən fəaliyyətlə məşğul olmurlar. Məsələn, deyilənə görə partiya üzvlərinin əksəriyyətini gənclər təşkil etsə də, onların debatlar, müzakirələr keçirdiyini, tələbələrlə, gənclərlə iş apardığını kimsə görməyib.

YAP daxilində siyasi inkişafın heç bir modeli yoxdur. 30 il əvvəlki idarəçilik sistemi daşlaşmış şəkildə qalıb. Siyasətlə məşğul olmaq, siyasi karyera qurmaq istəyən gənclər üçün hakim partiyada heç bir mühit yoxdur.

YAP-ın siyasi qüvvə kimi faktiki yoxluğu 44 günlük Vətən müharibəsi zamanı özünü qabarıq şəkildə büruzə verdi. Partiya rəhbərliyinə daxil olan şəxslər olduqca sönük təsir bağışladılar. Nə orduya dəstək kampaniyalarında hansısa təşəbbüslə şıxış etdilər, nə də Şəhidlərin dəfnində, qazilərin müalicəsində hakim partiya yetkililərini görmək oldu...

Məsələn, YAP-ın icra katibi Əli Əhmədov və müavinləri çiynlərini bircə Şəhidin tabutunun altına vermədilər. Yalnız ara-sıra  dövlət tədbirlərində Şəhidlərin məzarına gül qoymaqla öz vəzifələrini bitmiş hesab etdilər...

YAP yalnız parlament seçkiləri zamanı gündəmdə olmağı bacarır. Bu zaman daxili qruplaşmaların mandat uğrunda amansız mübarizəsi mətbuat səhifələrinə çıxır. Elə bu səbəbdən, ötən ilin fevralın 9-da keçirlmiş növbədənkənar parlament seçkilərində hakim partiya deputatlığa namizəd siyahısını son anda müəyyənləşdirə bildi. Onlarla partiya üzvü namizədliyini irəli sürdüyü üçün YAP-dan qovuldu.

Əlbəttə, YAP-ın belə ölüvay mövcudiyyəti cəmiyyəti siyasi inkişafdan saxlayan amillərdən biridir. Partiya özünü siyasi idarəçilikdən tədric etdikcə ölkədə inzibati idarəçilik üsulları daha da möhkəmlənir. Bu da dövlət idarəçiliyinə partiya strukturlarında yetişmiş siyasətçilərin irəli çəkilməsinə deyil, başqa meyarlarla təyinatların verilməsinə gətirib çıxarır.

Təsadüfi deyil ki, son üç ildə hakimiyyətdə aparılan kadr dəyişikliyində YAP kadr bankı rolunu oynaya bilməyib. Mühüm dövlət postlarına irəli çəkilən gənclərin əksəriyyəti partiyasızdır. YAP üzvü olan bir neçə dövlət məmuru isə hakim partiyanın rəhbər strukturlarında təmsil olunmurlar.

Məsələn, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Xarici İşlər naziri Ceyhun Bayramov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, Təhsil naziri Emin Əmrullayev, Mədəniyyət və Turizm naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Qida Təhlükəsizliyi Agentliyinin direktoru Qoşqar Təhməzli, TƏBİB-in icraçı direktoru Ramin Bayramlı hakim partiyanın üzvü deyillər.

Hakimiyyətdə uzun müddət təmsil olunan nazirlərdən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Gənclər və İdman naziri Azad Rəhimovun və Maliyyə naziri Samir Şərifovun da şəxsi məlumatlarında partiyalılıqları göstərilməyib. Səhiyyə naziri Oqtay Şirəliyev isə YAP sıralarındadır. Eləcə də Dini İşlər Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı YAP icra katibinin müavini, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə isə YAP Siyasi Şurasının üzvüdür.   

Son bir neçə ildə irəli çəkilən kadrlardan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev YAP üzvləri olsalar da, partiyanın rəhbər strukturlarında təmsil olunmurlar.

Bundan başqa, Prezidentin 5 köməkçisindən yalnız biri - Kərəm Həsənov hakim partiyanın sıravi üzvüdür. Hikmət Hacıyev, Şahmar Mövsümov, Natiq Əmirov və Anar Ələkbərov isə YAP-a üzv olmayıblar.

Birinci vitse-prezidentin köməkçiləri - Emin Hüseynov, Xaliq Əhədov, Gündüz Kərimov, Elçin Əmirbəyov, Andrey Spilin və Yusif Məmmədəliyev də eyni qaydada partiyaya üzv olmamağı üstün tutublar.

Baş nazirin müavinlərinə gəldikdə, Şahin Mustafayev və Yaqub Eyyubovun bioqrafiyasında YAP üzvü olduqları göstərilməyib.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva YAP sədrinin müavini, Baş nazir Əli Əsədov YAP Siyasi Şurasının üzvüdür. Milli Məclisin sədri Sahibə Qafarova isə partiyanın sıravi üzvü sayılır.

Təqdim olunan məlumatlardan görünür ki, hakim partiya Prezidentin apardığı islahatlar kursunda yer ala bilmir. Onun dövlət idarəçiliyinə töhfələr verəcək kadr bazası yoxdur, cəmiyyətdə nüfuzu da yüksək deyil.

Qısası, hakimiyyət YAP-dan faydalana bilmir, onun demontaj olunmasının vaxtı çoxdan çatıb. Partiya daxilində islahatlar aparılması vacibdir. Vitrinin yenilənməsi, daxili inkişaf mexanizmlərinin formalaşdırılması, cəmiyyətin bütün təbəqələri ilə fəal işbirliyinin qurulması YAP-da həllini gözləyən problemlərin ilk sıralarında gəlir.

Nəhayət, görünən odur ki, YAP qısa müddətdə özünü yeniləməsə, onun siyasi hakimiyyətdəki rolu daha da zəifləyəcək və idarəçilikdən kənarlaşdırılması daha da sürətlənəcək.

Rasim