Onları bağışlamaq olarmı?

20:28 17-02-2021 423

Söhbət talançı məmurlardan gedir

 Son günlər Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan mövzu dövlətimizi və xalqımızı talayaraq özlərinə topdağıtmaz səltənət quran məmurların həyat tərizidir-onları bağışlamaq olarmı? Bu mövzunun ölkədə rezonans doğurması da təsadüfi deyil.

Prezident İlham Əliyevin iradəsi ilə mənfur ermənilərin üzərində qazanılan möhtəşəm qələbə insanlarda belə bir inam yaradıb ki, dövlət başçımız ölkəmizi həm də quldur və talançı məmurların işğalından qurtaracaq. Prezident İlham Əliyevin ölkədə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, inhisarçılıq kimi hallara qarşı mübarizəni gücləndirmək üçün göstərdiyi səylər də, vətəndaşlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır və dəstəklənir. Çünki Azərbaycanda son illər korrupsiya, rüşvətxorluq, inhisarçılıq, məmur özbaşınalığı elə bir həddə çatıb ki, insanlar, ümumiyyətlə ölkəmizdə hansısa qanunların işləməsinə ümidlərini tamamilə itirmişdilər. Məhz bu səbəbdən də hər kəs, üzləşdiyi hər hansı bir problemin həlli üçün rüşvətin verilməsini əsas şərt kimi qəbul edirdi. Azərbaycanda elə bir şərait formalaşıb ki, burada nəinki məktəb uşaqları, hətta uşaq bağçalarına ayaq açan fidan körpələr belə, artıq rüşvətin nə olduğunu bilir. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə rüşvətin təməli məhz məktəblərdə qoyulur.

 Bu gün Azərbaycanda daha çox rüşvət bataqlığında çapalayan sahələr arasında təhsil, səhiyyə və hüquq-mühafizə orqanları ilk üçlükdə qərarlaşıb.

Misir Mərdanovdan sonra bir neçə nazir dəyişilsə də, təhsil sistemində yaxşılığı doğru heç bir yenilik müşahidə olunmadı. 2005-ci ildə səhiyyə naziri Əli İnsanov, məhz rüşvətxorluq maddəsi ilə həbs olundu. Onun yerinə gələn Oqtay Şirəliyev isə bu sahədə sözün bütün mənalarında anarxiya və xaos yaratdı. Hazırda səhiyyə səhəsi ölkəmizdə rüşvət üzrə bütün rekordları aşıb. Dövlət büdcəsindən bu sahəyə hər il yüz milyonlarla manat pul ayrılır, yeni xəstəxanalar tikilir, ən bahalı avadanlıqlar alınır. Burada çalışanlar isə bütün bunlardan atalarının malı kimi, ancaq öz xeyirləri üçün istifadə edirlər. Dövlət xəstəxanaları açıq bazara çevrilib. Bircə o qalıb ki, Oqtay Şirəliyevdən nazir adını alıb, "bazarkom" qoysunlar.

Azərbaycan hüquq-mühafizə orqanlarındakı rüşvətxorluğun isə nə həddi var, nə də hüdudu. Vilayət Eyvazovun Daxili İşlər naziri vəzifəsinə təyanatından sonra bu sahədə müəyyən müsbət dəyişikliklər hiss olunsa da, vəziyyətin heç də arzuolunan səviyyədə olmadığını etiraf etmək zorundayıq.

O ki qaldı prokurorluq orqanlarına, Zakir Qaralov Baş Prokuror vəzifəsindən uzaqlaşdırılsa da, bu sahədə də hələlik gözlənilən dəyişikliklər müşahidə olunmur. Bunun əsas səbəbi də son illərdə bu sahədə yaranmış rüşvət bataqlığının çox dərin köklərinin olmasıdır. İstər V. Eyvazov, istərsə də Kamran Əliyev bu kökləri tam təmizləmək üçün hələ çox tər tökməli olacaqlar.

Dövləti çökdürən, xalqı hakimiyyətdən narazı salan təkcə rüşvətxorluq deyil, həm də gözəgörünməz xərçəng xəstəliyi kimi, dövlət idarəçiliyinin bütün strukturlarını cənginə alan korrupsiyadır. Rüşvət sadəcə olaraq ayrı-ayrı insanların varlanmasına, davranışlarının dəyişməsinə səbəb olursa, korrupsiya yüksək vəzifə tutan məmurların küllü miqdarda asan pullar talamaqla harınlamasına yol açır və bununla da dövlət idarəçiliyi sisteminə ciddi zərbə vurmuş olur.

Məsələn, bir vaxtlar eks-nəqliyyat naziri Ziya Məmmədovun dünyada qiymətinə görə analoqu olmayan (o dövürdə bu söz də çox məşhur idi) yol tikintisi layihəsi çərçivəsində inşa olunan Bakı-Rastov avtomobil yolu az bir zamanda elə bir vəziyyətə düşdü ki, dövlət onun yenidən təmir olunması üçün pul ayırmaq məcburiyyətində qaldı. Bu gün isə həmin yol sökülərək yenidən qurulur. Ziya Məmmədov isə heç nə olmamış kimi, Usarda hinduşka otarır (inanan daşa dönsün). Bunun səbəbi də hamıya bəllidir. Yolun qurulması üçün ayrılan vəsaitin böyük hissəsi Z. Məmmədovun korrupsiya fəaliyyətinin qurbanı olub.  

Başqa bir misal, bugünlərdə Tarif Şurasının qərarı ilə əhaliyə verilən içməli (ona isməli demək mümkünsə) suyun qiməti 2 dəfə qaldırıldı. Bunun üçün göstərilən səbəblər  o qədər absurd və gülməli idi ki, səsi Qorxmaz Hüseynovun 200 milyonluq villasından çıxdı. Görəsən, kasıb insanlara suyu 2 qat bahasına satmaq istəyən Qorxmaz Hüseynovun dəniz kənarında hektarlarla torpaq sahələrini zəbt etməklə yanaşı, burada özünə 200 milyonluq villa tikməsindən Tarif Şurası üzvlərinin xəbəri olubmu? Olmamış olmaz!

  1. Q. Hüseynovun "Azərsu" ASC-yə rəhbərlik etdiyi bütün bu illər ərzində dövlət başçısının ona etibar etdiyi sahədə heç bir əməli işin görülməməsinin səbəbi də indi ortaya çıxdı. Sən demə, Qorxmaz əkənin başı özünə villa tikdirməyə qarışıb. Açığı ondan əvvəl "Azərsu" ASC-yə rəhbərlik edən eks-spiker Oqtay Əsədov da ondan geri qalmırdı ha, su puluna bacardığı qədər əl gəzdirib. Bu gün isə həm deputat maaşı, həm də yüksək pensiya alır.

Pensiya dedim, yadıma bu yaxınlarda həbs olunan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov düşdü. Bu adam Azərbaycanda elə bir pensiya sistemi yaradıb ki, xalq ac qalıb, rüşvətxor, korrupsioner məmurlar isə bu "fəaliyyətlərinə" görə dövlətdən ən yüksək pensiya alırlar. Gülməlidir, yoxsa ağlamalı? Hər ikisindən. Çünki ictimai nəzarət olmayan yerdə rüşvət də ayaq açar, korrupsiya da göydə cövlan edər, məmur da heç bir qanun tanımaz.

Mənə, eləcə də bütün Azərbaycan xalqına maraqlıdır ki, bütün bu illər ərzində həmin məmurların törətdiyi əməlləri, qanunsuzluqları bu məmləkətdə bir görən, bilən olmayıb? Olub. Onları birləşdirən, susduran da bu olub-rüşvət və korrupsiya zənciri...

Bu gün bəziləri deyir ki, hansısa bir nazirin, komitə sədrinin, ASC rəhbərinin bəd əməllərinə görə, onminlərlə məmuru ittiham etmək olmaz. Soruşuram. Məgər həmin nazir, komitə sədri, ASC rəhbəri bütün bu əməlləri onlarla birgə törətməyib? Bəlkə onlar kənarda dayanıb baxıblar, heç bir günahları da yoxdur? Hər şeyi görüblər, biliblər və susublar, çünki bu talançılıqdan onlara da pay çatıb.

Məsələn, keçmiş vergilər naziri Fazil Məmmədovun əməkdaşları o dövrdə 500-700 manat maaş aldıqları halda, özlərinə 200-300 min manata mənzil, 100-150 min manata avtomobillər alıblar. Eləcə də, digərləri. Adi polis serjantı 100 minlik maşın sürür. Bir soruşan da yoxdur ki, balam, bu pul səndə hardandır? Maraq üçün istənilən polis şöbəsinin qarşısında müşahidə aparın, ən kasıb müstəntiq 100 minlik maşın sürür, mən başqalarını demirəm. Bu pulları rüşvətsiz qazanmaq mümkünmü, bu məmləkətdə?

Azərbaycan qanunlarına görə, dövlət məmuru bizneslə məşğul ola bilməz (başqasının adına iş qurub, onu himayə edə bilər). Amma mənə elə bir yüksək çinli məmur göstərin ki, onun biznes şəbəkəsi yoxdur. Azərbaycanda "xod" gedən biznesmenlər arasında deputatlar da az deyil. Yəni məmur-oliqarxlar deputatlar üçün də əl yeri qoyublar ki, lazım olduğu məqamda onları müdafiə etsinlər.

Prezident İlham Əliyevin son sərt tənqidindən sonra əksər məmurların kürkünə birə düşüb. Bu səbəbdən də onların xidmətində olan deputatlar və media mənsubları vasitəsi ilə cəmiyyətə mesajlar göndərirlər ki, "eks-lərlə ehtiyatlı davranın", "onlar çox güclüdürlər, birləşə bilərlər", "dövlət maliyyə amnistiyası qəbul etməlidir ki, məmurlar taladıqlarını xaricə daşımasınlar" və s. və i.

Bir başqaları isə Gürcüstanın eks-prezidenti M.Saakaşvilinin hakimiyyəti dövründə tətbiq etdiyi islahatların Azərbaycanda da tətbiqini məsləhət görür və insanları inandırmağa çalışırlar ki, bu yolla məmurları xalqa xidmət etməyə sövq etmək olar. Əsla mümkün deyil. İnsan nəfsi o qədər hüdudsuzdur ki, onları bu metodla haqq yoluna qaytarmaq çox çətin məsələdir.

Hesab edirəm ki, məmurların kütləvi həbsi də çıxış yolu deyil. Bu da məlum məsələdir ki, məmur oliqarxların hər birinin geniş biznes və istehsalat sahələri var. Həmin sahələrin idarə olunması ilə də məmurlara yaxın insanlar məşğul olurlar. Buna görə də həmin məmurları həbs etmək yox, xalqdan və dövlətdən taladıqlarını müsadirə yolu ilə əllərindən almaqla, öz biznes və istehsalat sahələrində halal pul qazanmaq imkanı vermək lazımdır. Qoy bundan sonra öz zəhmətləri ilə pul qazansınlar. Onların həbsinin isə nə xalqa, nə də dövlətə heç bir xeyiri yoxdur.

O ki, qaldı maliyyə amnistiyasına, xalqın, dövlətin pulunu heç bir halda kimsəyə bağışlamaq olmaz. Əksinə, ona tapşırılan vəzifədən süi-istifadə edərək, dövlətin və xalqın milyonlarla pulunu mənimsəyən məmurun bütün əmlakı müsadirə olunmalıdır ki, o öz həddini bilsin. Asan yolla var-dövlət qazanan və harınlayan məmur üçün bundan ağır cəza olmaz. Eyni zamanda həmin məmur bütün imtiyazlardan məhrum olunmalıdır. Onlara ödənilən pensiya isə ölkə üzrə minimum pensiyadan yüksək olmamalıdır. Əks təqdirdə ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin heç bir əhəmiyyəti və səmərəsi olmayacaq.

Və sonda. Xalqımızın belə bir misalı var:"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Bu gün ölkəmizdə görün korrupsiya hansı həddə çatıb ki, Azərbaycan korrupsiyasının banisi Rəsul Quliyev də, okeanın o üzün-dən qışqırır ki, o dövrdə belə "bandit"lərə nə rast gəlmişəm , nə də mövcud ola biləcəklərinə inanırdım: "Cəmiyyəti bu kimi insanlardan təmizləmək lazımdır".

Əhsən, deyəsən Amerika xalqdan taladığı pullarla orada kef-damaqda yaşayan bir korrupsioneri az da olsa ağıllandıra bilib.  

 Yusif Seyid