İnanc, düşüncə və təsəvvür mərəzi

20:32 17-02-2021 315

İnsanı gizli-gizli gəmirən və yavaş-yavaş mənəvi ölümə sürükləyən müdhiş bir bəlanın adıdır, şübhə. İnanc, düşüncə və təsəvvürdə bu mərəzə düçar olan şəxs maddi və mənəvi cəhətdən iflic olur.

 Şübhənin növləri, məna və mahiyyəti

 Əksəriyyət hesab edir ki, şübhə xəstəliyi iki əsasa söykənir:

1) Sərbəst şəkildə (iradi) mənimsənilən və klassik anlamda şəkkə (ərəbcə reybilik), hissə söykənən şübhəçilik. Skeptisizm, yəni obyektiv gerçəkliyin dərkinin mümkünlüyünə şübhə edən fəlsəfi konsepsiya da bu növ şübhəçiliyə daxildir; 2) Daxili idrak və xarici müşahidədə tərəddüd, qeyri-tarazlıq. Yəni niyyət və düşüncə dəyişikliyi, bilgi, təhlil və tədqiqdə yaranan şübhəçilik. Birinci növ şübhəçilik bir xasiyyət, təbiət dəyişikliyi, obyektiv gerçəkliyin dərkini şübhə altına salmaq, dəlilik, cinə tutulmaq mərəzidir. Onlar barədə Spinoza (v.e.1677) deyib: "Belə şübhəçinin (reybinin) vəzifəsi susub oturmaqdır". Çox doğru kəlamdır. Kaş onlar bu nəsihətə qulaq asıb, heç olmasa başqalarına zərər verməyəydilər. İkinci növ şübhəçilik isə ümumi şübhə və tərəddüdlərdən ibarətdir ki, bunun da müalicəsi mümkündür.

Şübhənin məna və mahiyyətini açıqlayan həz.Əli buyurub: "Şübhəyə, gerçəkliyə bənzədiyi üçün şübhə adı verdilər. Amma Allah dostlarının işığında tam gerçəyi görmək və haqqı bulmaq vardır. Batil gerçəkdən tam ayrılsaydı, onu axtaranlardan gizli qalmazdı. Gerçək də batil olmaq şübhəsindən tam təmizlənsəydi, iddiaçıların dilinə düşməzdi. Fəqət bundan bir ovuc, ondan da bir ovuc alınıb və bir-birinə qatılıb. Bir tərəfdən də Şeytan onları batilə qaldırır". Şübhə min bir tərəddüdün kəsişmə nöqtəsi, görüşdüyü yer olduğu üçün, o, min bir qərarsızlıq və iç-içə kəsişən qarmaqarışığın zühurundan ortaya çıxan  mərəzdir.

Elə məhz buna görə də Rəbbimiz seçdiyi Peyğəmbərimiz (ə)-yə həm də şübhədən uzaq olmağı əmr edib. Bunu Onun: "(Ya Rəsulum!) Quranı inkar edən zümrənin vəd olunduğu yer Cəhənnəmdir. Artıq Sən də onun barəsində şübhəyə düşmə" (Hud,17); 2) (Ya Peyğəmbərim!) Sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan soruş. Haqq sənə sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma! Yoxsa ziyana uğrayanlardan olarsan!" (Yunus 94-95) kəlamları da təsdiqləyir.

Şübhələrini aşa bilməyən bir insan üçün ruh və bədən müstəqilliyindən söhbət gedə bilməz. Onlarda idrak və əxlaq nizamsızlığı, sapmalar adi haldır. Belə insanların sağlam düşünüb, sağlam qərar verməsi müşkül məsələdir. Uğursuzluğa məhkum olan belələrinin son işi fiaskoya uğrayan nəticəyə görə, başqalarını tənqid etmək, onları günahlandırmaqdır.

 "Şübhə dörd dirək üstündə durur"

 Şübhə, xüsusən ictimai nəticələri baxımından çox təhlükəli xəstəlikdir. Ətrafından və ətrafda olan hər şeydən şübhələnən kəs, göz görə-görə min bir problem yaratmaqla həm özünü, həm də ətrafını dibsiz qaranlıq quyuya salır. Hər şeydən şübhələnən lider məsuliyyət qorxusundan fəaliyyətin lazım olduğu an və yerdə geri çəkilər və ya fəaliyyət məqamı və məkanını itirər. Bununla da o, bütöv bir camaatın, ordunun məhv olmasına səbəb olar. Bir sözlə, əhəmiyyətli böyük işlərdə, hərbdə, siyasətdə liderin tərəddüd və şübhələri həm onun, həm də ardınca gedənlərin  işini heçə endirər.

"Şübhə dörd dirək üstündə durur: batil üzrə vuruşmaq, qorxmaq, şübhəyə düşmək, azğınlığa təslim olmaq. Vuruşmağa adət edənin gecəsi sabah olmaz. Qorxanın qarşısındakı dalınca düşər. Şübhə yolunda irəliləyəni o şübhə Şeytanın  ayaqları altına alar. Dünya təhlükələri üzündən azğınlığa təslim olan isə, dünyada da həlak olar, axirətdə də" (həz.Əli). Bu baxımdan şübhəli şəxsin başqası üçün bir istinadgah olması qeyri-mümkündür. Bir sözlə, şübhəçilərin düşüncə və batinində, söz və davranışlarında qətilik, sabitlik yoxdur. Belələri arasında mövqeyini, məsləkini, məsuliyyətini dərk etməyənlər çoxdur. Bəziləri düşünür ki, onlardakı bu hal yalnız iradəsizlikdən əmələ gəlir. Əslində bu durum yalnız iradəsizlikdən doğmur. Şübhəçinin hal və şəraitə uyğun biliyinin olmaması, alternativ variantlardan birini seçə bilməməsi də əsas amillərdən biridir. Şübhəçi, seçimini edə bildiyi keyfiyyətlərilə ötkəm, lovğa, məğrur, qafil cəsarətlinin qəflətən qərar verməsindən daha təhlükəlidir. Hərəkət edənin sakitləşməsi və davranışlarının proqnozu  bir problem olsa belə, heç olmasa o, hərəkətdədir. Şübhəçinin isə hərəkəti dayanmaq, dayanması da hərəkət kimi gözlənilməz olduğu üçün, onun həmlə və geri çəkilməsinə, həm də qərar verib-verməməsinə arxayın olmaq olmaz. Şübhəçi qəfil qərarını bir cəsarət, vəhm və qorxaqlığını isə bir ehtiyat tədbir kimi təqdim edərsə, artıq o, bu xəstə ruh durumu ilə həm özünü, həm də başqalarını məhv edəcək hala gəlir. Şübhə ilə idarə edilən şəxs ailəni dağıdar, dostluğu düşmənçiliyə çevirər, xalqı bir-birinə qarşı qoyar. Bu zaman fitnə hər tərəfi bürüyər. Və nəticədə cəmiyyət nə batili, nə də haqqı görər. Onları bir-birindən ayırd edə bilməz. Tarix sübut edir ki, həlledici anlarda bütöv bir ordu və milləti belə şübhəçiliyə qurban verənlər az olmayıb. Təkzibolunmaz faktdır ki, şübhəyə, zənn və şəkkə uymaqla Şeytana yardımçı olanların "fərasəti" üzündən neçə-neçə ailənin dağılması, dostluq tellərinin qırılması, tayfa və qəbilələrin düşmənçiliyi, hər biri bəşərin kamillik pasportu olan minlərlə mütəfəkkirin öldürülməsi, fiziki və mənəvi əzablara düçar olması bu mərəzin hesabına olub.

 Şübhəli şeylər

 "Halal bəllidir, haram da bəlli. Lakin bunların arasında insanların əksəriyyətinin bilmədiyi  şeylər çoxdur. Kim şübhəli şeylərdən qaçarsa, dinini və heysiyyətini qurtarar. Kim də şübhəli şeylərə qoşularsa, onun durumu qadağan olunmuş yerdə qoyunlarını otaran çobanın durumuna bənzər. Allahın yerdəki qadağa bölgəsi isə, Onun haramlarıdır" (həz.Məhəmməd). Rəbb və Peyğəmbər (ə) kəlamlarına istinad edən İslam şəriətinə görə də, halal və haramlığı açıq şəkildə bildirməyən şeylərə şübhəli şeylər deyilir. Məlumdur ki, islamda haram və halal olan şeylər bəllidir. Bunların ikisi arasında örtülü, mübahisəli, qapalı, bağlı, şübhəli şeyləri bilmək isə çətindir. Həmin səbəbdən, şübhəli şeylərin ətrafında dolanan şəxsin harama girmək ehtimalı daha çoxdur.

Şübhəli şeylərdən çəkinməyə vəra, haramlardan qaçmağa təqva deyilir. Şübhə qorxusu ilə mübahların (edilib-edilməməsində sərbəst buraxılan əməllər) çoxunu tərk etməyə də zühd deyilir. "Biz harama girmək qorxusundan 70 halalı tərk edərdik" (həz.Əbu Bəkr). "Yəqin ilə yatmaq, şübhə ilə namaz qılmaqdan  xeyirlidir" (həz.Əli). Əlbəttə, bu gün adi qaydada namaz qılıb, oruc tutan çoxdur. Lakin əsrin gətirdiyi tərəddütlərə rəğmən islamiyyətin hüdudlarını mühafizə edən, haram və şübhələrə düşməməyə diqqət verən isə azdır. Buna səbəb namaz və orucun xalisinin də, qüsurlusunun da zahirən (görünüşcə) bərabər olmasıdır. Deməli, çıxış yolunu, yəni ibadətin xalisi və qüsurlusunu ayıran fərqi yalnız və yalnız Rəbb əmrləri, Peyğəmbər (ə) kəlamları və onlardan qaynaqlanan şəriətdə axtarmaq lazımdır. "Peyğəmbər (ə) buyurub: "Dinimizin dirəyi, təməli vəradır. Heç bir şey vəra kimi ola bilməz" (İmam Rəbbani, v.e.1624). "40 gün şübhəli loxma yeyənin qəlbi qaralar, ləkələnər" (İmam Qəzzali, v.e.1111). Bu barədə həm də deyilib: "Şübhəli olan bir dirhəmi sahibinə qaytarmaq, min dirhəm sədəqə verməkdən daha əfzəldir". Mark Tvenə (v.e. 1910) görə: "Bir şeyə şübhə edirsinizsə, həqiqəti söyləyin". Hətta ölən itin ağ dişlərini belə sədəfə bənzədən həz.Peyğəmbər buyurub: "İnsanlara şübhə ilə baxmaq ağılsızlıqdır". Yəni niyyət, istək yaxşılıqsa, istənilən insanda yaxşı keyfiyyətləri tapmaq olar. Məşhur filosof, riyaziyyatçı  Dekartın (v.e.1650). "Hər şeyə şübhə  ilə yanaş! - Budur həqiqətin meyarı" - ifadəsi isə, insan fəaliyyətinin xüsusi bölümünə - elmə həsr olunub. Çünki elmdə, xüsusən dəqiq elmlərdə şübhə, zənn, fərziyyələrin mötəbərliyi (və ya mötəbərsizliyi) yalnız təcrübədə yoxlanılır.

 Rəbbin  şübhəyə saldığı  bədbəxtlər

 Rəbbin şübhəyə tuş gətirdiyi müasir kəslər içində həm həz. İsanın peyğəmbərliyinə şəkk edən (iudazmin bir qolu), həm də onun təbiəti (insan və ya Allah olması) barədə çaşqınlıq içində qalan zümrələri (xristian cərəyanları) misal göstərmək olar. Rəbbin şübhəyə saldığı bu kəslər həz.Məryəmin də oğlu Məsih kimi göyə çəkilməsini iddia etməklə, indi də şübhə içində şübhədə vurnuxmadadırlar. Vatikanın "Qurani-Kərim"in səməviliyini və həz.Məhəmmədin Rəbbin elçisi olduğunu bu günə qədər rəsmən qəbul etməməsi isə həm şübhə içində şübhədə çabalayan, həm də seçimini eqoistliyinə görə edə bilməyən qafil bir qurumun durumundan xəbər verir. Məlum mövzuya 1400 il bundan qabaq toxunan Rəbbimiz buyurub: "Onlar (kafirlər) dedilər: "Məgər ona (həz.Məhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?". Biz elə bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyənlər məhv olar) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi. Biz onu (həz.Məhəmmədi) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq" (Ənam 8,9). Ayələrin təfsirinə görə, həz.Məhəmmədin peyğəmbərliyinə və Quranın səməviliyinə şübhə edən kafirlər iki şərt irəli sürüblər: 1) Həz.Məhəmmədin peyğəmbərliyinə şahidlik edən bir mələk göndərilməlidir. 2) Və ya peyğəmbər adam yox, mələk olmalıdır. Rəbb hər iki ayə ilə onların tələbini rədd edir. Belə ki, insanlara mələk göndərilsəydi, onlar məhv olardı. Çünki heç bir mələk öz qiyafəsində insanlara göndərilməyib. Deməli, insanlara peyğəmbər olaraq  mələk göndərilsəydi belə, yenə də o (mələk),  insan şəklində göndərilərdi. Və beləliklə, Rəbb şübhəyə düşən kafirləri şübhə etdikləri məsələ barədə yenidən şübhəyə salardı. Bu zaman şübhə içində şübhəyə tuş gələn kafirlər həqiqəti heç vaxt anlamazdılar.

Qeyd edək ki, hər iki ayə həz.Peyğəmbərin çox çətin dövrünü - Məkkə həyatını təsvir edir. O zaman Peyğəmbər (ə)-nin ardıcılları az idi və həmin səbəbdən o, Məkkəni tərk etməyə məcbur oldu. Deməli, şübhəni, zənni, şəkki yetişdirən, formalaşdıran əsas amillərdən biri də mövcud ictimai-sosial durumun səviyyəsidir. Bu amil həm Peyğəmbər (ə)-nin vəfatından sonra, həm də ümumən önə çəkən həz.Əli buyurub: 1) "Peyğəmbər (ə)-nin vəfatından sonra bir bölük səhabə geriyə çəkildi. Dönüklük onları həlak etdi. Çünki şübhəyə uymuşdular, zənnə düşmüşdülər. Onlar hər xətanın mədənləridirlər"; 2) "Zaman və zəmanədəkiləri düzgünlük, yaxşılıq əhatə edərsə, haqqında pis bir söz eşidilməyən adam barədə yaramaz bir zənnə (şübhəyə) düşmək, ona zülm etmək deməkdir. Zamanı və zəmanədəkiləri pislik əhatə edərsə, bir insan birisi haqqında yaxşı bir zənnə düşsə, özünü aldatmış olar". Yeri gəlmişkən, bu kəlam tərəddüdlərlə dolu müasir dünyanın hərtərəfli spektrinin çox yığcam və mənalı ifadəsidir. Görəsən rüşvət, sələm, qətl, böhtanın və din adı ilə dünyanın hər iki döşündən süd sağmağın; əyyaşlığın, oğurluğun, yalanın, yaltaqlığın, terror və işğalın tüğyan etdiyi dünyada bir insan digəri  barədə yaxşı zənnə düşsə, özünü aldadarmı?

Etiqadda şəkk-şübhə yaxını (həqiqəti) pozar, imanı yox edər. Bu baxımdan, mükafat və cəza gününə qəti inanc fərd və toplum üçün təkamüldə ilkin şərt və ən əhəmiyyətli faktordur. Bu inanc istiqamətində təklif olunan yolun yaşanması ən ağıllı davranış və ən əhəmiyyətli işlər hesabınadır. Hər bir fərdin düşüncə, təsəvvür və hərəkətlərindəki ziqzaqlar isə əksinə, bir bacarıqsızlıq, şansdan vaxtında istifadə etməmək, bəlkə də bəxt məsələsidir və bu, heç vəchlə fəlakət kimi təqdim edilməməlidir. Fəlakət həmin amillərin neqativ şübhələrdən qaynaqlanmasıdır. Əlacı da, sonu - nəticəni əvvəldən görən obyektiv qərardır. Əks halda, şübhənin fitnəni reallaşdırması qaçılmazdır. "İşlər şübhəli oldumu, sonunu görərək, onun haqqında hökm vermək lazımdır" (həz.Əli).

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru