""TÜRKMƏNÇAY”IN  YARATDIĞI ERMƏNİSTAN"

20:36 17-02-2021 360

(Əvvli ötən sayımızda)

 XIX əsrin birinci rübünədək Cənubi Qafqazda azlıq təşkil edən, demək olar ki, səssiz-səmirsiz şəkildə mövcudiyyətini sürdürən ermənilərin “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra, necə deyərlər, bəxt ulduzu parladı. Rusiya tərəfinin basqısı ilə 10 fevral 1828-ci ildə Qacariyyə iqtidarının İranda “əhdname-ye nəngin” adlandırılan “Türkmənçay” müqaviləsini imzalamasından sonra ermənilərin Qarabağa axını başladı. Obrazlı şəkildə belə söyləmək mümkündür ki, rus çarı I Nikolay Ermənistanın xaç atası oldu.

Türklərə qarşı xüsusi qəddarlığı ilə seçilənlərdən biri Njde Qaragün haqqında bir qədər daha ətraflı məlumat verək. Ermənilərin müxtəlif yerlərdə heykəlini ucaltdıqları, əməllərindən qürur duyduqları, Njde Qaragin adıyla tanınan Arakel Arutyunyan (sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familiyasını Ter-Arutyunyan şəklində dəyişdirib) əli silah tutandan bəri, saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub. Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülüb. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə, 1909-cu ildə  universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə Sibirə sürgün ediləcəyindən qorxan Njde havadarlarının köməyi ilə gizli şəkildə Bolqarıstana qaçıb. (Sonralar isə o özü bu hadisəni  siyasi fəaliyyəti ilə əlaqələndirib). Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşub. I Dünya müharibəsi başlayanda çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq, geri qayıdıb,  silahlı dəstə yaradaraq Anadolu və Azərbaycan türklərinə xüsusi amansızlıqla divan tutub.

1918-1921-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilib. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdi: “1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun  silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış  və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir”. (Bax: Protokol doprosa svidetelə Xoylunüa Arsena Arutönoviça ot 16-qo sentəbrə 1947q.)

1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş həmin şahid Xoylunts bildirib ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atıb.

Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil (?), türk olduqlarını söyləmişdi: “Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılanlar və güllələnənlər haqqında bəhs edərkən, Sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir”. (Bax: Protokol doprosa obvinəemoqo Ter-Arutönəna Qareqina Eqişeviça ot 19-qo sentəbrə 1947 q.)

Njde ömrü boyu Fransada, Amerikada, Rusiyada, Türkiyədə,  İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət alıb, hər yerdə Türkiyəni düşmən bilib. Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri K.Y. Voroşilova ünvanladığı əfv haqqında ərizəsində də ifadə edib: “Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir”. (Bax: http://www.bvahan.com/armenianway/aw/Njdeh_KGB/Part-08.html  s. 145 )

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə Njdeden türklərə qarşı bir alət kimi istifadə edilib. Məsələn, hələ I Dünya müharibəsi başlayanda Çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Njde bu barədə belə yazıb: “Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım.” (Bax: Arxiv Ministerstvo Naüionalğnoy Bezopasnosti Armenii, delo N11278, t. 4)

İranda və Fransada qaçıb gizlənən, daha sonra erməni lobbisinin köməyi ilə Amerikaya gedən Njde heç vaxt türklərə olan nifrətini gizlətməmişdi. Daha sonra məlum qüvvələrin yardımı ilə  Bolqarıstanda vətəndaşlıq statusu qazanan Njde orada da daim türklərə qarşı terror hərəkətləri edib,  II Dünya müharibəsi ərəfəsində könüllü şəkildə faşistlərə xidmət göstərməyə girişib.

Erməni lobbisinin yardımı ilə özünün uydurduğu “tsexakronutyun” ideyası haqqında A. Hitlerə bilgi verib. Bu ideyaya görə, ermənilər ari irqə mənsubdurlar və onların tarixi ərazilərinin bərpasında dünya dövlətləri onlara yardım etməlidirlər. SSRİ-nin, İranın və Türkiyənin ərazisində mifik böyük erməni dövlətinin yaranacağı xəyalı ilə Njde II Dünya  müharibəsində “SS” (Schutzstaffel) qoşunlarında (Waffen SS) erməni hərbi fərarilərindən və əsirlərindən ibarət xüsusi könüllülər dəstəsi təşkil edib, xeyli müddət təkəbbürlə mundirində “SS” devizi  (“Meine ehre hei?t treue”- Şərəfim sədaqətimdir”) daşıyıb. Onun ideyası və təşəbbüsü ilə 1942-ci ilin yayında “Gertruda” kod adıyla Bolqariya və Almaniyanın bərabər şəkildə Türkiyəyə hücum planı da müzakirə edilib hazırlanmışdı. (Bax: Kurt Mehner. Germany. Oberkommando der Wehrmacht, Bundesarchiv, 1944, s.51)

Ermənilərin Azərbaycan türklərinə qarşı düşmən münasibəti, ərazi iddiası, məkrli tutumu SSRİ zamanında da səngiməmişdir. Məsələn, 7 iyun 1945-ci ildə SSRİ Xarici İşlər naziri Vyaçeslav Molotov (1890- 1986) Türkiyə Respublikasının Moskvadakı səfiri Selim Rauf Sarperə ( 1899- 1968 ) Sovet hökumətinin rəsmi notasını təqdim etmişdir. Notada 3 mart 1918-ci ildə imzalanmış “Brest-Litovsk” müqaviləsinin yenidən nəzərdən keçirilməsi, şərqi Anadoludakı bəzi ərazilərin qərbi Ermənistana və Gürcüstana aidliyi məsələsi iddia olunurdu. Erməni katalikosu VI Gevork SSRİ-nin bu “nəcib” təşəbbüsünü alqışlayan təşəkkürnamə yazmağa gecikmədi. (Bax: The Armenians: Past and Present in the Making of National Identity, 2005, p.119).

1946-1948-ci illərdə xaricdən Ermənistan SSR-ə təxminən 100 min erməni köçüb gəldi. İmmiqrasiya edən erməniləri yerləşdirmək üçün 100 mindən çox Azərbaycan türkü Ermənistandan deportasiya edildi. Bu məkrli planın memarı 1937-1953-cü illərdə Ermənistan SSR-in siyasi rəhbəri (Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi) olmuş Qriqor Arutyunyan (1900-1957) idi. Q. Arutyunyanın ağıl verəni isə o vaxtlar Kremldə mühüm vəzifə tutan Mərkəzi Komitənin Siyasi bürosunun üzvü, SSRİ Xarici Ticarət naziri Anastas Mikoyan (1895-1978) hesab olunur. Təəssüf ki, 1947-ci ildə İ.V. Stalin Azərbaycan türklərinin Ermənistan ərazisindən köçürülməsi haqqında 4083 nömrəli planı təsdiqlədi (Bax: A Failed Empire; University of North Carolina Press, 2009, p. 38 ).

SSRİ Nazirlər Sovetinin sərəncamı ilə 1948-ci ildə Ermənistan SSR-də yaşayan 100 mindən çox azərbaycanlı türk  daimi olaraq Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürüldü.

Məqsədyönlü şəkildə hakimiyyətə gətirilmiş boşboğaz, intriqan, maymaq M.Qorbaçovun (ömrü boyu xanımı Raisa Maksimovnanın güclü təsirindən çıxa bilmədiyi üçün ona hörmət əlaməti olaraq “Mişa Raykin” də deyirdilər) zamanında (1985-1991) “aşkarlıq”, “demokratiya” və “yenidənqurma” pərdəsi altında ermənilərin Azərbaycana qarşı yeni səlib yürüşü başladı. Xalqı, guya, ağ günə çıxarmaq istəyən Qorbaçov iqtisadi məsələlər üzrə baş məsləhətçisi Abel Aqanbeqyanın sözü ilə Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsinə qeyri-rəsmi göstəriş verdi.

1998-2008-ci illərdə Ermənistanın prezidenti olmuş Robert Koçaryanın iştirakı və rəhbərliyi ilə 1989-cu ildə  Xankəndində yaranan “miatsum” (birləşmə- ??????? – yəni, Qarabağın Ermənistana birləşdirilməsi) ictimai-siyasi hərəkatı onların ümummilli “dənzdən dənizə” layihəsinin tərkib hissəsidir. Xatırlatmaq lazımdır ki, ermənilər 1923, 1945, 1963, 1977 və 1983-cü illərdə də Qarabağın dağlıq hissəsini müxtəlif bəhanələr altında Ermənistana birləşdirmək təklifi ilə çıxış etsələr də, buna müvəffəq ola bilməmişdilər (Bax: Svante E. Cornell. The Nagorno-Karabakh Conflict. Report No 46, Department of East European Studies, Uppsala University, 1999).

1988-1991-ci illərdə Ermənistan ərazisində yaşayan, təqribən, 300 min soydaşımız öz doğma, tarixi yerlərindən didərgin oldu. 1992-1994-cü illərdə isə Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgəran, Hadrut,  Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və  Qubadlı ərazilərindəki soydaşlarımız öz vətənlərində məcburi köçkün durumuna düşdülər. Beynəlxalq ictimaiyyət, dünyanın ən inkişaf etmiş dövlətlərinin başçıları elə hey “dil tapın, güzəşt edin” tipli məsləhətlər verməklə kifayətləndilər. Ermənilər BMT-nin məlum qətnamələrini heç saya da salmadılar. 2019-cu ilin yayında Xankəndinə gəlmiş N.Paşinyan Cıdır düzündə sərxoş olub “Artsaxi Hayastane, ket – Qarabağ Ermənistandır – nöqtə” bağıranda,ermənilərin havadarları ona bir çəki-düzən vermədilər ki, “ara, Nikol, sus!”

Azərbaycanın dəmir yumruğunun təsirindən nokdaun vəziyyətinə düşmüş Ermənistana qahmar çıxanlar bugünlərdə xaç çevirə-çevirə onlara dirçəliş planı hazırlayır, təsbeh şaqqıldada-şaqqıldada məsləhətlər verirlər. Müxtəlif adlar altında qurudan, havadan yenə də ermənilərə xətri sayılır miqdarda yardımlar edilir, müxtəlif hərbi təyinatlı avadanlıqlar, silah-sursatlar ötürülür, yaraları sarınır. Bir ucdan da ordan-burdan “qaçqın” ermənilər tapıb gətirirlər, doldurulur Xankəndinə, Xocavəndə, Əsgərana, Ağdərəyə. Yəqin ki, nə vaxtsa  orada bir “referendum” keçirmək ssenarisi də hazırlayırlar. Əhrimənə xidmət edənlər unudurlar ki, Azərbaycan  bu haqlı mücadiləsində tək deyildir.  Türkiyə Cümhuriyyəti kimi sədaqətli qardaşı, Pakistan kimi etibarlı hərbi müttəfiqi olan Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgərləri mənfur düşmənə hər an sarsıdıcı zərbələr endirməyə qadirdirlər:

 Zulmün topu var, güllesi var, kal’ası varsa,
Hakkın da bükülmez kolu, dönmez yüzü vardır;
Göz yumma güneşten, ne kadar nuru kararsa
Sönmez ebedi. Her gecenin gündüzü vardır!

 Ramazan SİRACOĞLU, professor