Biləsuvarda qaz var, amma Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Liseyini odunla qızdırırlar - 7 min pul xərclənib…

10:46 18-02-2021 234

Biləsuvar şəhərində yerləşən K.Ağayev adına Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Lisey odun almaq üçün tender keçirib.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi "Şəhriyar-2008" MMC şirkəti olub və bu şirkət  İnternat Tipli Məktəb Liseyə 6 min 999 manat 85 qəpik dəyərində doğranmış odun satacaq.

Məlumat üçün bildirək ki, Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Lisey əvvəlki illərdə də eyni qiymətə - 6 min 999 manat 85 qəpiyə doğranmış odun alıb.

2020-ci ilin yanvar ayında "Zahid" MMC şirkətindən 6 min 999 manat 85 qəpiyə, 2019-cu ilin noyabr ayında isə "Servis Kompany" MMC şirkətindən 6 min 999 manat 20 qəpiyə odun alınıb.

Maraqlıdır ki, hər iki MMC-nin – həm "Zahid" MMC, həm də "Servis Kompany" MMC-nin qanuni təmsilçisi eyni şəxsdir. Hər iki şirkətin qanuni təmsilçisi Əmənov Cavid Ərəstun oğludur. Bundan başqa hər iki şirkətin hüquqi ünvanı Biləsuvar rayonunun Çaylı kəndidir.

Tenderlə bağlı diqqət çəkən digər məqam isə odur ki, doğranmış odunu satın alan Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Lisey qazlaşma səviyyəsinin 100%-ə çatdığı bildirilən Biləsuvar şəhərində yerləşir.

Xatırladaq ki, ötən il məsələ ilə bağlı açıqlama verən K.Ağayev adına Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü İnternat Tipli Məktəb Liseyin direktoru Mehman Əliyev bildirib ki, məktəbdə təbii qazla işləyən qazanxana sistemi mövcuddur: “Lakin məktəbib bəzi sinif otaqları köhnə olduğu üçün oranı odunla qızdırmağa məcburdular və bu il (keçən il-red) həmin siniflər təmirə bağlanacaq”. 

Amma göründüyü kimi, lisey direktorunun dediyindən fərqli olaraq köhnə sinif otaqları nə təmirə bağlanıb, nə də qazlaşdırılıb. Əvvəlki illərdə olduğu kimi yeni də odun almağa davam ediblər.