Yasamal rayon Məhkəməsi AMEA-nın işini yoxlamağa qərar verdi –Akademik mübahisə

11:22 18-02-2021 216
 
Dünən Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədovun sədrliyi ilə AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin işinə bərpa olunması barədə şikayətinə baxılıb.
 
 Yenixeber.org: Məlumata görə, məhkəmənin ilkin araşdırması nəticəsində aşkarlanıb ki, Əlövsət Quliyevin işdən uzaqlaşdırılması qərarında bir sıra qanun pozuntularına yol verilib.
 
İstintaq zamanı aydın olub ki, Əlövsət Quliyev Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işdən çıxarılıb. Halbuki 2021-ci il 21 yanvar tarixində keçirilən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun iclasında bu məsələyə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən baxılıb. Başqa sözlə desək, mübahisəli qərarın istinad nöqtəsi belə saxtalaşdırılıb.
 
Daha ciddi qanun pozuntusu isə İnstitutun Həmkar İttfaqının toplantısında baş verib. Məlumata görə, Əlövsət Quliyevin iştirakı olmadan keçirilən toplantıda İnstitut rəhbərliyinin saxta qərarı təsdiqlənib. Halbuki qanunvericilikdə məsələsinə baxılan şəxsin iclasda mütləq iştirakı tələb olunur. 
 


Üstəlik, Həmkarlar İttifaqının təyinatı bu cür münasibətlərdə rəhbərliyin yox, işçinin hüququnu qorumaq və onun pozulan hüquqları uğrunda mübarizə aparmaq olmalıdır. AMEA-nın Həmkarlar İttifaqı isə Ramiz Mehdiyev səltənətinin saxta sənədlərinı qanuniləşdirən notarial kontoru kimi fəaliyyət göstərir.
 
Əlövsət Quliyevin şikayətində bir sıra qanun pozuntuları aşkarlayan Yasamal rayon Məhkəməsi iddiaları yerində yoxlamaq barədə qərar qəbul edib.
 



Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev ötən ay heç bir əsas olmadan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru, Akademiyanın müxbir üzvü Əlövsət Quliyevi vəzifəsindən uzaqlaşdırmış, onun yerinə adı müxtəlif torpaq alveri mübahisələrində hallanan akademik Qərib Məmmədovu təyin etmişdi. Qərib Məmmədovun yeni vəzifəsində ilk “elmi fəaliyyəti” isə sabiq direktoru İnstitutdan kənarlaşdırmaq olmuşdu. Üstəlik, bu qərar Əmək Məcəlləsinin elə bir maddəsinə əsaslanılaraq verilmişdi ki, Əlövsət Quliyev bir daha özünə iş tapa biməsin. Keçmiş direktor isə İnstituta rəhbərlik etdiyi dövrlərdə dəfələrlə Akademiyanın və digər rəsmi orqanların ən müxtəlif mükafatlarına layiq görülüb. 
 
Ən maraqlısı isə budur ki, bütün qalmaqalların başında Ramiz Mehdiyev dayansa da, Əlövsət Quliyev nədənsə baş akademiki yox, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun indiki direktoru Qərib Məmmədovu məhkəmə verib. Şikayətçi alim bu addımının səbəbini Qərib Məmmədovun baş akademikin beynini korlaması ilə izah edir.


 
Xatırladaq ki, Qərib Məmmədov 2015-ci ilə qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsini icra edib. İddialar görə, bu vəzifədə yol verdiyi ciddi nöqsanlara və korrupsiya əməllərinə görə, nəinki akademikin özü cəzalandırılıb, hətta sözügedən komitə  Prezident İlham Əliyevin sərəncamıyla ümumiyyətlə ləğv olunub. Ramiz Mehdiyev Akademiyaya prezident təyin edildikdən sonra “akademik istedad”ına heyran qaldığı Qərib Məmmədovu Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor vəzifəsinə gətirib. Bunun üçün isə ilk növbədə sabiq direktoru işdən uzaqlaşdırıb. 
 
Baş akademikin böyük “heyranlıq duyduğu” Qərib Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifəsində işləyərkən “göstərdiyi xidmətlərə” görə elmi çevrələrdə “makler-akademik” ünvanı ilə tanınır. Bildirildiyinə görə, onun bu “akademik qabiliyyəti”nin nəticəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bəzi rayonlardakı şöbələrinin rəhbərləri barədə artıq cinayət işləri açılıb. İddialara inansaq, Komitənin fəaliyyətinin araşdırılması zamanı Qərib Məmmədovun da başı ağrıya bilər. İş karyerası xeyli mübahisələrlə dolu olan bu şəxsin AMEA-nın institutlarından birinə direktor təyin olunmasının əsas səbəblərindən biri toxunulmazlıq statusu qazanmaq istəyi ilə də bağlı ola bilər. Bu mənada Qərib Məmmədovun 74 yaşında yenidən “akademik həyat”a geri dönmək marağını hardasa anlamaq mümkündür. Bəs baş akademikin məhkəmələrə düşəcək qədər münahisəli qərarlara imza atması hansı maraqdan irəli gəlir? Bax, bunu anlamaq asan deyil.(ovqat)