Azərbaycan buğda ixracına gömrük rüsumunu artırdı: Qərar çörəyin bahalaşmasına səbəb olacaq

12:06 19-02-2021 270

Qərara əsasən, 1000 kq buğdaya görə 200 ABŞ dolları rüsum alınacaq


Azərbaycanda un istehsalı ilə məşğul olan şəxslərə satılan məhsulun hər tonuna görə fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 (otuz beş) manat məbləğində subsidiya veriləcək. Bu barədə Baş nazir Əli Əsədovun fevral 17-də imzaladığı qərarda deyilir.

Qərar “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" adlanır.

Eyni zamanda, Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq. Bu qərar 2021-ci il mayın 1-dək qüvvədədir.

Azərbaycana idxal edilən buğda gömrük rüsumundan azaddır. İdxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycan çox az miqdarda buğda ixrac edir. Bu qərarın da formal olduğunu düşünür: "Azərbaycan çox az miqdarda buğda ixrac edir. Baş nazirin qərarı da görüntüdür. Ona görə bu barədə danışmağa dəyməz".

Vahid Məhərəmovun sözlərinə görə, Rusiyadan idxal olunan buğdanın da qiyməti bahalaşacaq və bu, Azərbaycanda çörəyin bahalaşmasına səbəb olacaq.

O, Azərbaycanda buğda qıtlığının olduğunu da deyib: "Azərbaycana 2019-cu ildə 1 milyon 584 min, ötən il isə 1 milyon 260 min ton buğda idxal olunub. Bu o deməkdir ki, cari ildə daha çox buğda idxal olunacaq. Çünki keçən il 511 min ton istehsalımız azalıb. Bu mənada guya ölkədən buğda çıxmasının qarşısını almağa çalışacaqlar. Məsələ ondadır ki, buğda ixracı çox cüzi olduğundan qərara ehtiyac yox idi".

Ölkədə hələ də korrupsiya və rüşvətxorduğun aradan götürülmədiyini deyən V.Məhərrəmov bildirdi ki, çörək bişirmə ilə uzun müddətdir ki, məşğul olan sahibkarlara öz bizneslərini genişləndirməyə, yeni avadanlıqlar gətirməyə imkan verilmir: “Bu gün ən çətin durumda olan məhz bu cür sahibkarlardır. Amma Bakıda təxminən 5-ə yaxın yeni zavod -çörək istehsal edən müəssisə istifadəyə verilib ki, bunlar da oliqarxlara məxsusdur. Həmin zavodlarda müasir avadanlıqlardan istifadə olunur, dövlət büdcəsi hesabına həmin təşkilatlara tamamilə aşağı faizli kreditlər verilir. Hətta bu zavodlara yardımlar da edilib. Bu zavodlarda istehsal olunan çörək onsuz da əhaliyə yüksək qiymətə təklif olunurdu.

Onlar zavod çörəyi istehsal etmirdilər. Onlar təxminən 250 qramını 50 qəpikdən təklif edirdilər. O sahibkarlar qiymət artımını vaxtı ilə həyata keçiriblər. Bizim apardığımız araşdırmalar göstərdi ki, çörəyin topdan satış qiymətinin yarım kiloqrammı 18, bir kiloqrammı isə 36 qəpiyə başa gəlir. Halbuki yarım kiloqramlıq çörək 40 qəpiyə təklif olunurdu. Burada digər xərcləri, daşınmasını, şəbəkələrə paylanmasını da nəzərə almaq lazımdır”. 

V.Məhərəmmovun sözlərinə görə, çörəyin qiymətinin artımını şərtləndirən amillər milli valyutanın dəyərdən düşməsi oldu. Yəni çörək istehsalçıları həm də özləri istehlakçılardır: “Biz əvvəl də deyirdik ki, çörəyin qiymətini artıran amillər heç də istehsal vasitələri olmayacaq. Manatın dəyərdən düşməsi bir müddət çörəkçiləri təzyiq altında saxladı. Amma onlar da bir istehlakçı kimi bazara üz tutur. Suyun, benzinin və dizelin son zamanlar qiymətinin artması da bu sahəyə təsir etdi. Ümumilikdə respublikadakı vəziyyət çörəyin qiymətinin artmasını şərtləndirdi”.