Bakı Nəqliyyat Agentliyinin “tender himayədarı” kimdir: nazir müşaviri ilə GİZLİ ƏLAQƏ

12:28 19-02-2021 414
Dövlət başçısı Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi məqsədilə 2015-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmasını qərara alıb.
 
Əhali sıxlığının, intensiv hərəkətin artdığı hazırkı dövrdə Bakı şəhərində nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatının işinin daha da yaxşılaşdırılması, o cümlədən ictimai nəqliyyatın tənzimlənməsi, sərnişindaşıma marşrutlarının optimallaşdırılması və nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı tələblər artmaqdadır.
 
Artıq əminliklə demək olar ki, Bakı Nəqliyyat Agentliyi son illərdə yaradılan strukturlar arasında ən uğursuz və fiaskoya uğramış qurumlardan biridir. Belə ki, cumhuriyyet.az-ın müşahidələrinə, mediada gedən məlumatlara əsasən məlum olur ki, ictimai nəqliyyatdakı xaosu aradan qaldırmaq, parklanmanı təşkil etmək üçün fəaliyyətə başlamış BNA iflas etmiş layihədir.
 
Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA bu illər ərzində nə normal parklanmanı təşkil edib, nə dayanacaqlardakı monitorların işləməsini təkmilləşdirib, nə dayanma-durma ilə bağlı cərimələrin yazılmasında dürüst fəaliyyət göstərir. Parklanma düzgün qurulmadığı halda V.Kərimlinin pulyığanları sürücülərin əsəblərini tarıma çəkməklə, oğrun-oğrun avtomobillərin şəkillərini çəkib aradan çıxmaqla məşğuldurlar.
 
Yeri gəlmişkən, BNA pandemiya dövründə də sınaqdan alnıaçıq çıxa bilməyib. Avtobuslarda sıxlıq, intervalda nöqsanlar, "Baku bus” sürücüləri isə özlərini ağa kimi aparırlar. Ümumiyyətlə, BNA rəhbəri Vüsal Kərimli dövlətin, prezidentin ümid etdiyi layihəni batırıb. Paytaxtda parklanma demək olar ki, heç 30 faiz təşkil edilməyib, yenə qanunsuz şəkildə sürücülərdən pul yığanlar var.
 
Məsələ yalnız parlama, ictimai nəqliyyat sahəsindəki problemlərlə bitmir. BNA-nın fəaliyyəti ilə bağlı ən çox tənqid olunan sahələrdən biri də tenderlərlə bağlıdır. Tenderlərdə qalib olan şirkətlər barədə səthi aparılan araşdırmalar da, yazılanların böyük əksəriyyətinin həqiqət olduğunu açıq-aşkar göstərir.
 
Bununla bağlı "Bakı Nəqliyyat Agentliyinin tender qanunsuzluqlar: milyonlar necə talanır? başlıqlı yazımızda Bakı Nəqliyyat Agentliyinın "imza” atdığı şübhəli tenderlərdən bəhs etmişik. Bu günlərdə isə Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində fəaliyyət göstərən "BakuBus” MMC "Sear Supply” MMC ilə maliyyə dəyəri 85 868 AZN təşkil edən müqavilə imzalayıb.
 
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, müqaviləyə əsasən şirkət "BakuBus” MMC-nin balansında olan xidməti avtomobillərin sürtkü materialları ilə təminatını, dövri texniki baxışı və təmir xidmətlərini həyata keçirəcək. "Sear Supply” MMC BNA-nın sevimli şirkətlərindədir. MMC vaxtaşırı adıçəkilən dövlət qurumunun keçirdiyi tenderlərin qalibi olur. "Sear Supply”nin şübhəli şirkət olması onun mal və xidmətlərindən də görünür. Məsələn indi "BakuBus”u sürtkü yağı və texniki baxışla təmin edən şirkət ötən ilin sentyabrında bu quruma xüsusi geyim formaları satıb. Bunu müqabilində "BakuBus”MMC şirkətə 505 686 AZN ödəyib.
 
Ötən ilin dekabrında isə BNA ilə "Sear Supply” MMC arasında "Piyadalar üçün təhlükəsizlik dirəklərinin (tumbaların) satın alınması, quraşdırılması və 1 (bir) illik texniki xidmət”in həyata keçirilməsi ilə əlaqədar müqavilə imzalanıb. Müvaviləyə əsasən qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA şirkətə 441 084 AZN ödəyəcək. 
 
"Sear Supply”MMC-nin həm geyim formaları, həm sürtkü materialları, həm təhlükəsizlik dirəkləri satması, üstəgəl avtomobillərə texniki baxış həyata keçirməsi maraqlıdır. Ola bilər ki, şirkət çoxprofillidir. Amma belə bir şirkət haqqında hər hansı məlumatın olmaması onun fəaliyyətində qaranlıq məqamların olmasına şübhələri artırır.
 
Agentlik daxilindən ötürülən məlumata görə BNA-nın maliyyə maxinasiyalarının arxasında Adil Məmmədov adlı şəxs durur. 
 
Mühüm nazirliklərin birində yüksək post tutan bu şəxs və onun Vüsal Kərimli ilə əlaqələri haqda növbəti yazımızda…