Xəzər Rayon Gənclər və İdman İdarəsi qanunu pozdu: 3 aylıq şirkətə 2.2 milyon manat verdi

21:28 19-02-2021 432

Gənclər və İdman Nazirliyinin Xəzər Rayon Gənclər və İdman İdarəsi bir gündə eyni şirkəti elan etdiyi 3 tenderin qalibi olduğunu açıqlayıb.

“MillətinSəsi.info” xəbər verir ki, tenderlərin ümumi məbləği 2 milyon 207 min 100 manatdır. Qalib elan olunan şirkət "Tremix-Co" MMC-dir.

Bədən tərbiyəsi və idmanın təşkili ilə bağlı elan olunan tenderlə bağlı şirkətə 2 milyon 157 min 600 manat ödəniləcək.  Müqavilə öhdəliyi 19 fevral 2021 – 31 dekabr 2021-ci il tarixlərini əhatə edəcək.

Eyni adlı - Bədən tərbiyəsi və idmanın təşkili – başlıqlı digər tenderə görə "Tremix-Co" MMC-yə nazirlik 21 min 576, “Gənclər siyasətinə aid mallar və hədiyyələr” adlı tenderə görə isə 27 min 924 AZN    pul ödəyəcək.

Bildirək ki, "Tremix-Co” ötən il dekabrın 9-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Günel Oqtay qızı Qəmbərovadır.

Bu şübhəli tenderə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli şərhinə “korrupsiyanın buynuzu olmur ki?” ifadəsi ilə başlayıb: 

“Tender və dövlət satınalmaları haqqında qanunda açıq yazılıb ki, tenderlərdə iştirak üçün şirkətlərin iş təcrübəsi olmalıdır. "Tremix-Co" 3 ay (!!!) öncə yaranıb, şirkətin saytı da yoxdur. Sayt bir qırağa bu qurumu heç google də tanımır - yaxşı, nə baş verdi ki, təcrübəsiz, fəaliyyəti olmayan şirkətə 2 mln 207 min manatlıq layihə peşkəş edildi?! Bu nə layihədir? "Bədən tərbiyəsi və idmanın təşkili" - bu nə deməkdir?! 2,2 mln manata uşaqlara idman etdirəcəklər, "1, 2, 3, 4 - kim sevirsə idmanı", deyəcəklər?!”.

Nazirlik qanunu pozdu: 3 aylıq şirkətə 2.2 milyon manat verdi