Xırdalanda "zibilpulu" artırılıb?

21:43 19-02-2021 405

Abşeron rayonu Xırdalan şəhərində məişət tullantılarının yığılması və daşınması üçün əhalidən alınan tariflərin artırıldığı bildirilir. 

MillətinSəsi.info
 xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb.

O qeyd edib ki, artıq şəhərdə adambaşına tələb edilən "zibilpulu" aylıq 50 qəpikdir: “Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, adambaşına aylıq 30 qəpik olmalıdır. Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini "JEK"lər həyata keçirir. Onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir”. 

Ekspert vurğulayıb ki, şəhərdə yaşayan əhalinin sayı barədə dəqiq məlumat yoxdur: 
“Abşeron RİH məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir. Bu vəsait hara gedir və necə rəsmiləşdirilir? Xırdalan camaatına müraciət edərək bildirmək istəyirəm ki, "zibilə" görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.

Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli Qafqazinfo-ya bildirib ki, məişət tullantılarının yığılması və daşınması tariflərinin artırılmasıyla bağlı məlumat həqiqəti əks etdirmir: “Bilirsiniz ki, bununla bağlı tarifləri biz yox, Tarif Şurası müəyyən edir. Ona görə də Tarif Şurasının qərarına əsasən qiymət 30 qəpik olaraq qalır. Heç bir artım yoxdur”.

Qeyd edək ki, Tarif Şurasının qərarına əsasən əhali qrupları üzrə bərk məişət tullantılarının yığılması və daşınması tarifləri adambaşına 30 qəpik təşkil edir.