50 milyon pul ayrılan Şamaxı-Çöl Göylər yolunun acınacaqlı vəziyyəti...

11:16 21-02-2021 423

8 saylı Yol İdarəsinin müdiri Əliheybət Şirinovun Şamaxı- Çöl Göylər yolunun çəkilişi zamanı dövlət büdcəsindən ayrılan pulları mənimsədiyini iddia edilir. Bununla bağlı Cəbrayıl rayon sakini Əliyev Əliheydər redaksiyamıza şikayət məktubu və video-müraciət ünvanlayıb. 

Şikayət məktubunda vətəndaş Əliyev Əliheydər qeyd edir ki, Şamaxının “TENDER KRALI”na çevrilən Əliheybət  Şirinovun çəkdiyi 53 km Şamaxı-Çöl Göylər yolu 16 il zəmanətlə təhvil verildiyi halda, yol heç 4 il keçmədi pis vəziyyətə düşdü: "Təkcə bu yolda bir ay ərzində yanacağı satıb 30-40 min qazanc əldə edən Əliheybət Şirinov və oğlu  Şirinov İsmayıl bununla dövlətə  300 mindən çox ziyan vurduqlarının fərqində belə deyillər."

Sonra Cəbrayıl rayon sakini Əliyev Əliheydər bildirib ki, yüksək tonnajlı katoklar titrəmə ilə işlədiyinə görə yanacağı çox işlədir: "Buna görə də bu katoklardan az istifadə edirlər. Bəlkə də heç istifadə etmirlər, bu yanacağın pulu mənimsənilir.  Buna görə də yolda keyfiyyətdən danışmaq belə olmaz. Bu yolun çəkilişinə 53 milyon pul ayrılıb.

Gəlin bu yolun çəkilişinə, keyfiyyətinə nəzər salaq. Yolun kənar hissələrinə su ötürücüləri qoyulmayıb, dövlət layihəsinə görə asfaltın qalınlığı 18-19 sm olmalı olduğu halda,  aldadıcı bir şəkildə yolun qollarını 17-18 sm, orta hissəsini isə 2-3 sm ölçüdə vuraraq ayrılan milyonlar mənimsənilir.

Asfaltın altına vurulan xammalın qalınlığı 70-75 sm olmalıdır ki, asfalt deformasiyaya uğrayanda ən azı 70 sm-dən sonra torpaq qatına çıxsın.  Amma diqqətlə nəzər salsaq, 2 sm-dən sonra torpaq qatına çıxdığını görərik. Yolun qırağına qəsdən xammal balans ehtiyatı ( sabes, korbanat və s. ) tökürlər ki, guya yolun altı bununla işlənib."

Şikayət məktubunda vətəndaş bildirir ki, əslində ölkə başçısını aldadırlar, o materiallardan asfaltın altına işlənilməyib. 53 km yolun çox hissəsinin üst aşırımı vurulmayıb:  "Üst aşırımı layihədə  7-8 sm olduğu halda, realda 1-1,5 sm təşkil edir. Yolun eni layihə üzrə 9 metr olsa da, 1,5-2 metr kəsilib. Yolun sıxılma normativi  90-95  olmalıdır, hətta  80-85 olsa belə asfalt vurmaq olmaz. Amma bunlar  60-70 üstündən asfalt vururlar ki, bu da qəti şəkildə olmaz və deformasiyaya gətirib çıxarır.

Yol xammalın nəmliyi normativə görə 5% olmalıdı, əgər 7-10-dan çox  olarsa, dərhal ordan çıxarılıb qurudulmalıdır. 1 kq gil 1m2  ərazini 22-25 il nəmlikdə saxlayır. Bütün Çöl Göylər yolu əsasən gil qatlı ərazilərdən ibarətdir, heç bir qabaqlayıcı tədbir görülmədən vurulan asfalt buna görə də deformasiyaya uğrayır."

Cəbrayıl rayon sakini Əliyev Əliheydər onu da qeyd edib ki, 8 saylı Yol İdarəsinin müdiri Əliheybət Şirinovun çəkdiyi yolları “Azəravtoyol”, şəxsən Saleh Məmmədov  necə təhvil götürür, sənəd üzərində yol var, amma reallıqda yox dərəcəsindədir:

"Saleh Məmmədovun bu işdə ortaq  marağı nədir ki, Əliheybətin korrupsioner işlərinə göz yumur, onları ört-basdır edir. Bəs Şamaxı Yol İstismar İdarəsi nəyin müqabilində bu yolları kor-koranə qəbul edir?".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə atia.az