Yenə nə xəyala dalmısan belə

13:47 21-02-2021 801

Yenə nə xəyala dalmısan belə
Ey mənə güzgüdən boylanan adam
Sanki görməmisən heç zaman məni
Elə bil səninçün ögeyəm.. yadam

Üzündə illərin yorğun yolları
Sanki cığır salıb, üz tutub gedir
Nə qədər qəmlidir ala gözlərin
Suallar içində kiçilib, itir..

Ey mənə güzgüdən boylanan adam
Hanı o qapqara ipək tellərin
O qönçə dodaqlar..o gözəl qamət
Qurbanı oldu mu ötən illərin??

İllər nə qoydu ki, gözəlliyindən
Vaxt vardı baxanlar bir də baxardı
İndi o çuxura düşmüş baxışlar
Bir vaxt..ürəkləri oda yaxardı..

Ey mənə güzgüdən boylanan adam
Bir kimsən yox daha, təmtək qalmısan
Yaman güvənirdin gözəlliyinlə
Payız çiçəyi tək, indi solmusan..

Sil göz yaşlarını , sil daha bəsdi
Həyat bir alovdu..biz əriyən şam
Bir gün gəlmişiksə, bir gün gedərik
Ey mənə güzgüdən boylanan adam..

Muəllif :Mələk Əliqızı