YAMAN DARIXMIŞAM UŞAQLIĞIMÇÜN

18:02 22-02-2021 1035

 

Yaman darıxmışam uşaqlığımçün..
İlahi,nə qədər xoşbəxtdik onda.
Yaman qısa oldu,sanki quş kimi
Uçub əlimizdən getdi bir anda...


Yaman darıxıram uşaqlığımçün..
Hər şeydən xəbərsiz  məsum mələkdik.
Bilməzdik  ayrılıq,kədər,qəm nədir,
Hərəmiz bir çiçək, bir kəpənəkdik.


Yaman darıxmışam uşaqlığımçün,
O vaxt anlamazdıq məhəbbət də var.
Elə bilirdik ki, xoşbəxtdir hamı,
Nə biləydik eşqə xəyanət  də var.


Elə darıxmışam uşaqlığımçün,
Öz dünyamız vardı dünya içində.
Həyat bir dənizdi ucsuz bucaqsız
Yelkənsiz qayıqdlq dərya içində.


Yaman darıxıram uşaqlığımçün,
Anamın  o xoşbəxt,şən səsi  üçün.
Sinəsinə sıxıb bizi isidən,
Atamın o isti nəfəsi üçün.


Yaman darıxıram uşaqlığımçün,
Sızladır qəlbimi dərdi,həsrəti. 
Hələ cingildəyir qulaqlarımda, 
Atamın səs küylü sözü,söhbəti.

Yaman darıxıram uşaqlığımçün,
Yenə o illərə dönəydim kaş ki.
Tutaraq əlindən yorğun yollarda,
Geriyə qaytara biləydim kaş ki.

Canımı verərdim uf da demədən,
Keçmiş illərdəki rahatlığımçün.
Döndərə biləydim zamanı geri ,
Yaman darıxıram uşaqlığımçün...

Müəllif;. Mələk. Əliqızı