Ölü eşşək və at ətindən hazırlanmış dönər və məşhur “fast food”un digər təhlükələri - FOTO

20:27 23-02-2021 702

Hazırda Azərbaycanda dönər hazırlanması sahəsində özündən söz etdirmiş brendlər meydana gəlmişdir ki, onlarda qiymət-keyfiyyət-təhlükəsizlik balansına riayət olunur. Lakin, təəssüf ki, bu cür yerlərin sayı çox azdır. Eyni zamanda, ölkədə, dönərin dəfələrlə daha ucuz qiymətə satıldığı və bu səbəbdən, tələbatın yüksək olduğu çoxsaylı ticarət nöqtələri və kiçik obyektlər da fəaliyyət göstərir. Amma bu cür dönərlərin istehlakının fəsadları son dərəcə təhlükəli və ağır, bəzən isə hətta ölümcül olur. 

Bu yaxınlarda Azərbaycan Daxili İşlər Nazirliyi qida üçün yararsız ölü heyvan ətinin alveri ilə məşğul olan şəxslərin saxlanılması haqqında məlumat yaydı. Əməliyyat nəticəsində Salyan rayonunda təzə ət kəsimi və satışı adı altında leş satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edildi. Nəzərə almaq lazımdır ki, bu cinayətkar dəstənin üzvləri dəyər-dəyməzinə aldıqları at və iribuynuzlu mal-qara cəsədlərini kəsdikdən sonra Bakıda satırmışlar. Onların bu “ölü əti” satdıqları obyektlər ilk növbədə, küçə bazarları və dönərxanalardır. Belə ki, bu cür obyektlərin sahibləri üçün əsas meyar məhsulun ucuz olmasıdır. Nə küçə bazarları və dönərxana sahibləri, nə də onların tədarükçüləri təhlükəsizlik və keyfiyyət barədə qətiyyən düşünmürlər. 

Burada söhbət kiçik məhsul partiyasından getmir (halbuki bu cür partiyalar da onlarla insanın həyatı üçün təhlükə törədə bilər). Təkcə bu mütəşəkkil cinayətkar dəstənin bir üzvü olan və ət satışı ilə məşğul olan E.Kərimovun fermasında mənşəyi məlum olmayan 10 ton ət aşkar edilmişdir.

Bu heç də ilk hadisə deyil. Belə ki, mütəşəkkil dəstəyə rəhbərlik edən, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov ötən ilin sentyabr ayında saxlanılmışdı. O, qida üçün yararsız, mənşəyi məlum olmayan ətin rayonlardan gətirilməsi ilə məşğul olurmuş. Bu cür nümunələr heç də az deyil.

Bu problem heç də son 1-2 ildə meydana gəlməyib. Hələ 2007-ci ildə mətbuatda ictimai iaşə müəssisələrində mənşəyi məlum olmayan camış ətindən dönər hazırlanması haqqında faktların yayımlanması qalmaqala səbəb olmuşdu. Həmin vaxt aparılmış reydlər nəticəsində onlarla obyektin fəaliyyəti dayandırılmış, 3 obyekt cərimələnmişdi. Digər bir hadisə Nəsimi rayonu ərazisində baş vermişdi. Belə ki, burada ölmüş heyvan ətinin saxlanıldığı qaraj aşkar edilmişdi.

Araşdırma nəticəsində məlum olmuşdu ki, sonradan bu ətlər doğranılır və dönərxanalara paylanırmış. 

Beləliklə, əgər digər ölkələrdə insanlar “pişik ətindən şaurma” ilə bağlı kədərli zarafatlar edirlərsə, biz də “ölü eşşək ətindən dönər” barədə memlər düşünməyə başlamalıyıq. Bu isə, heç də gülməli deyil. Belə ki, bu cür “yemək” hansısa insanın həyatına son qoya bilər. 
Bu cür ölümə görə məsuliyyəti heç kim daşımayacaq. 

Dönər hazırlanmasının ekoloji təmizliyi

Kiçik obyektlərin birində dönərin hazırlandığı ət həqiqətən qonşu bazarda işləyən tanışdan alınıbsa (bir çox hallarda dönərxana sahibləri dönərin ucuz olmasını bununla əsaslandırırlar) bu hələ onun təzə olması və müəyyən edilmiş sanitar-gigiyena normalarına cavab verməsi demək deyil. Çox güman ki, heç bu ət də sözügedən normalara cavab vermir. 

Biz hələ dönər hazırlanması üçün nəzərdə tutulan ətin müəyyən edilmiş vaxt ərzində müvafiq qaydada saxlanması və hazırlanması barədə danışmırıq.

Dönərin əsasən qaz avadanlıqlarında və bir qayda olaraq, kifayət qədər sürətlə hazırlandığını nəzərə alsaq, ətin keyfiyyətli termik emalı barədə danışmağa da dəyməz. Bu o deməkdir ki, əgər ətdə, məsələn, finnoz (parazit xəstəliyi) olubsa, bu birmənalı olaraq özünü dönər yemiş şəxsdə göstərəcəkdir. 

 

Bundan başqa, ət düzgün emal edilmədikdə, tərkibindəki mikroorqanizmlər məhv olmur, əksinə çoxalır. Kiçik dönərxanaların çoxunda müşahidə etdiyimiz hazırlanma texnologiyası isə bu yeməyi sağlamlıq üçün təhlükəli hala gətirir. Bakıda fəaliyyət göstərən yalnız bəzi kafe və dönərxanalarda Türkiyə təcrübəsindən yararlanaraq, ekoloji təmiz dönər aparatlarından istifadə edilir. Bu aparatlarda od ətin keçirilmiş olduğu şişdən metal təbəqə ilə ayrılır. Bundan savayı, elə Türkiyədə (o cümlədən, digər ölkələrdə) dönər hazırlanması üçün elektriklə işləyən aparatlardan istifadə edilir. 

Bizdə isə, əksər hallarda dönər açıq odda - sıxılmış qazın alovunda hazırlanır. Nəticədə, yanma zamanı hasil olan məhsullar ətin üzərinə hopur. Bu o deməkdir ki, dönər həvəskarları ətlə birlikdə böyük həcmdə qətran və “mavi yanacağın” tərkibində olan digər zərərli maddələr qəbul etmiş olur. 

Bura, obyeklərin çoxunda suyun olmamasını, dönərə vurulan yuyulmamış tərəvəz və göyərtiləri də əlavə etsək, elə həmin finnozdan tutmuş botulizmədək arzuolunmaz xəstəliklər qazanmış oluruq.

Dönərin ucuz qiymətinə görə belə risklərə getməyinizdən əminsinizmi?

Pandemiya və gigiyena tələbləri

Əslində, hələ koronavirusdan öncə sanitar-gigiyena normalarına əsasən dönərçilər ilk növbədə sağlam olmalı (bunun üçün müvafiq arayışa malik olmalı), ikincisi isə, papaq və əlcəkdə işləməli idilər. Özü də bu əlcəklər fərqli və birdəfəlik istifadə üçün olmalıdır: Xam ətlə işləmək üçün bir əlcək, tərəvəzlər və dönərin digər inqrediyentləri üçün digər əlcəkdən istifadə edilməlidir. 

Bundan əlavə, doğrama taxtasından tutmuş mizin üst taxtasına və stolüstü alətlərədək mətbəxdəki və dönərxanadakı bütün səthlər hər saat xüsusi məhlulla təmizlənməlidir. 

Əslində isə, “dönərçilər”in yalnız bir cüt əlcəyi olur ki, onu da yalnız reydlər zamanı istifadə edirlər. Halbuki onlar fasiləsiz olaraq işləyir və dönər hazırlanması prosesində əllərini yumurlar.

İnsafən demək lazımdır ki, onların çoxu maska taxır, amma bir qayda olaraq, çənələrinə... 
Su xəttinin olmadığı 1-2 kvadrat metrlik bu obyektlərdə ətin düzgün doğranması və məhsulların yuyulmasından söhbət gedə bilərmi? 

Əgər hətta ət təzə olsa belə, alıcı “dönərçi”nin natəmiz əllərindən, yuyulmamış tərəvəzdən və ya sadəcə, xəstə obyekt işçisi ilə ünsiyyətdən hansısa xəstəliyə yoluxa bilər. 

Beləliklə, məsələ göründüyündən də ciddidir. 

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun bu barədə nə deyir?

Bu cür şəraitdə ilk növbədə elə istehlakçılar əziyyət çəkir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vəziyyəti belə şərh edib:

“Təəssüf ki, “dönərxanalar” mövzusu bitmək-tükənmək bilməyən mövzulardandır. Azad İstehlakçılar Birliyi olaraq, biz və KİV artıq onlilliklərdir ki, mütəmadi olaraq bu obyektlərdə hazırlanan məhsulların təhlükəsizliyi məsələsini qaldırırıq. 

Şübhəsiz ki, geridə qalan dövr ərzində çox şey dəyişmişdir. Məsələn, dönərxanalara ətin yalnız 2 müəssisədən daxil olmasını nəzərdə tutan standartlar meydana gəlmişdir. Sözügedən şirkətlər “Azprotein foods group” və “Səhliyalı” şirkətləridir. Bu şirkətlərdə dönərxanalar üçün ətlər tələb olunan bütün sanitar-gigiyena qaydalarına, saxlama və daşınma, həmçinin yüksək keyfiyyət normalarına riayət etməklə hazırlanır. Lakin təəssüf ki, dönər satışı ilə məşğul olan heç də bütün ticarət obyektlərinə ət bu şirkətlərdən daxil olmur. Hazırda həqiqətən yüksək keyfiyyətli dönər istehsal edən yalnız 0,5 % müəssisə bu şirkətlərin müştərisidir. 

Kiçik dönərxanaların böyük əksəriyyəti isə əti sərbəst şəkildə əldə edir və onların bəziləri əti cəmdək satışı ilə məşğul olan şəxslərdən almaqdan belə çəkinmirlər. Kimsə bunu bilməməzlikdən, kimsə şüurlu şəkildə edir. Axı bu cür ət xeyli ucuz başa gəlir. 

Hesab edirəm ki, bu problemlərin aradan qaldırılması istiqamətində ən düzgün fəaliyyəti DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirir. Cinayətkar dəstələrin üzvləri saxlanılır və layiqli cəzalarını alırlar. 

Dönərxanalara nəzarət edən digər dövlət orqanlarının fəaliyyəti cərimələrlə məhdudlaşır.

Hazırda məhsulların təhlükəsizliyinə Qida Təhlükəsizliyi Agentliyi, keyfiyyətinə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi nəzarət edir. Qeyd etmək istərdim ki, Sahib Məmmədovun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilməsi ilə bu qurumun fəaliyyətində müsbət dəyişikliklər gözləyirəm. 

Bundan əlavə, problemi həll edərkən onun səbəbini aradan qaldırmaq lazımdır. Problemin səbəbi ondan ibarətdir ki, nə qədər ki, keyfiyyətsiz ucuz ətə, o cümlədən, ölü heyvan ətinə tələb var, təklif də olacaq. Səbəblərdən biri də budur ki, 1995-ci ildə Azərbaycanda qəbul edilmiş İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun dəyişikliklərə ehtiyac duyulur, çünki hazırda bizdə istehlakçılardan daha çox iş adamları qorunur. Təbii ki, bu işə məsuliyyətlə və fanatizmə yol vermədən yanaşmaq lazımdır. Yəni, qanun həm istehsalçıların, həm də istehlaçıların hüquqlarını müdafiə etməli və bu zaman birincilərin məsuliyyəti və ikincilərin təhlükəsizliyinin zəmanəti arasında balans qorunmalıdır. 

Daha əvvəl də qeyd etdiyim kimi dönərxanalarla bağlı problem bir ilin problemi deyil. Təəssüf ki, bu biznes kifayət qədər gəlirlidir və məhsulun ucuz olması səbəbindən bu cür obyektlərə təkcə bizim ölkədə deyil, digər ölkələrdə də əhali arasında tələbat yüksəkdir. Restoranda yemək üçün pulu olmayan insanlara yolüstü dönərxanalarda qəlyanaltı yeməyi qadağan etmək mümkün deyil. Bu səbəbdən, mən onları yalnız yeməyin hazırlanması üçün ətin haradan alınması ilə maraqlanmağa, sertifikat tələb etməyə çağıra bilərəm... Düzü, inanmıram ki, şəhərin dörd bir tərəfində səpələnmiş kiçik obyektklərdə bu mümkün olsun. İnsanlarımızın çoxu öz sağlamlığına məsuliyyətsiz yanaşır. Bundan başqa, bəzi dönərxanalarda hansısa sertifikatlar olsa da, onların həqiqi olduğuna zamin dura bilmərəm. 

Lakin qeyd etmək istəyirəm ki, İctimai Şuranın üzvü olaraq, Qida Təhlükəsizliyi Agentliyinin fevral ayının sonunda keçiriləcək növəti iclasında dönərxanalar məsələsini yenidən qaldıracağam. 

Hələlik isə bu məşhur fastfud növünün istehlakçılarına tövsiyəm odur ki, dönəri yoxlanılmış, özünü yaxşı tərəfdən tanıtmış yerlərdən alsınlar. Hətta çox ac olsalar belə, kiçik çirkli ticarət nöqtələrindən dönər almaqla özlərini riskə atmasınlar”, - deyə E.Hüseynov fikrini tamamlayıb. 

Qeyd olunanları yekunlaşdıraraq, hər ehtimala dəqiqləşdirmək istəyirik:

Heç birimiz populyar və dadlı yemək olan dönərin əleyhinə deyilik. Biz öz sağlamlığına və mövcud qanunlara laqeyd yanaşmanın əleyhinəyik. Nə qədər ki, məsələ ölü nöqtədən tərpənməyib, oxucularımıza israrla tövsiyə edərdik ki, sevimli “sürətlə hazırlanan yeməyin” nə dərəcədə təhlükəsiz olması barədə ciddi şəkildə düşünsünlər.