Qayıdış sorğusu...

18:26 03-03-2021 306

Azərbaycan dövləti məcburi köçkünlərə nə qədər borcludur?

 Bu gün Azərbaycan cəmiyyətini düşündürən ən aktual məsələ işğaldan azad edilən torpaqlara qayıdışın təmin edilməsidir. "Dədə Qorqud" dastanında deyildiyi kimi, torpağı qorumursansa, onu əkib-becərməyə, əkib-becərmirsənsə qorumağa dəyməz. Yəni torpaq potensial həyat mənbəyidir, bu potensialı reallaşdırmaq üçün cəhdlər göstərilməlidir, onu real həyat mənbəyinə yalnız insan əməyi çevirə bilər. Digər tərəfdən, artıq o torpaqlar Azərbaycan xalqı üçün digər ərazilərdən daha müqəddəsdir. Çünki o torpaqlar 30 il ərzində 40 minə yaxın şəhidin qanı ilə suvarılıb - hər bir ailədən, nəsildən və ya şəcərədən o torpaqda qan tokən - şəhid olan var.

Son zamanlar işğaldan azad edilən torpaqlara qayıdış barədə çox müzakirələr gedir, hələlik dəqiq rəsmi yol xəritəsi ortada olmasa da, ölkə prezidentinin dilindən bu formatın təxmini eskizləri səsləndirilib. Məsələn, dövlət başçısı keçirdiyi geniş mətbuat konfransında belə bir fikir səsləndirdi ki, biz məcburi köçkünlər arasında işğaldan azad edilən torpaqlara qayıdıb-qayıtmayacağı barədə sorğu keçirəcəyik. Prezident deyir ki, qayıtmayanlar və ya qayıtsalar da daim yaşamayanlar üçün dövlət orada şərait yaratmaq fikrində deyil. Məsələnin bir hissəsi ilə razılaşmaq olar ki, orada yaşamaq istəməyən məcburi köçkün üçün dövlət vəsait xərcləməməlidir, belə bir dövrdə büdcə vəsaitlərinə qənaət edilməlidir. Lakin bu gün məcburi köçkünü seçim qarşısında qoyub, onu dilindən tutmaq, dədə-baba yurduna qayıtmamağı barədə öhdəlik götürməyə məcbur etmək ədalətsizlik olmaqla yanaşı həmdə təhlükəlidir. Hazırda işğaldan azad edilən ərazilər həm təhlükəli, həm də xarabazara çevrilib, heç bir normal düşüncəyə malik insan Bakıda 30 il ərzində qurduğu yaşayışı qoyub işğaldan azad edilən rayonlara köçməz. Bu səbəbdən də biz məcburi köçkünləri və digər ölkə sakinlərini sözügedən ərazilərdə yaşamağa stimullaşdırmağın yollarını axtarmalıyıq, nəinki, onların dilindən tutub məsələni birdəfəlik ac qurd kimi marığa yatmış oliqarxiyanın xeyirinə həll etmək.

Fikrimizcə, ilk növbədə bütün ərazilər ən qısa zamanda minalardan təmizlənməlidir. Sevindirici haldır ki, bu istiqamətdə işlər təqdirəlayiq şəkildə davam etdirilir. Bunun ardınca işğaldan azad edilən ərazilərdə torpaq islahatı həyata keçirilməlidir. Ölkənin digər kənd təsərrüfatı rayonlarında kolxoz və sovxozlar necə islahata gedibsə, işğal altından azad edilən rayonlarda da həmin qaydada islahat həyata keçirilməlidir. Bunun üçün ilk növbədə həmin rayonların kolxoz və sovxozlarının inventarizasiyası aparılmalı, təsərrüfatların torpaq fondu və işğaldan əvvəl malik olduğu əmlak müəyyən olunmalıdır. Bunun ardınca həmin kolxoz və sovxozlarda fəaliyyət göstərmiş işçilər və onların ailə üzvlərinin siyahısı dəqiqləşdirilməlidir. Ermənilər kolxoz və sovxozların əmlakını dağıtsa da, torpaqları ki, özləri ilə aparmayıb. Torpaqlar digər aqrar rayonlardakı kimi, kolxozçulara və sovxoz üzvlərinə paylanmalıdır. Hər bir kəndlinin işğaldan əvvəl malik olduğu həyətyanı torpağı və ona çatacaq pay torpağı rəsmən öz sərəncamına verilməlidi. Bu hər bir məcburi köçkünün hüququdur - biz bu gün qayıdış barədə sorğu keçirib, dilindən mənfi cavab almaqla onu bu hüquqdan məhrum edirik. Bu məhrumetmə əməliyyatının arxasında nələr dayanır, bu barədə bir qədər sonra yazacağıq.

O ki qaldı kolxoz və sovxozların ermənilər tərəfindən talan edilən əmlakına, bu əmlakdan hər bir kolxozçuya və sovxoz üzvünə düşən pay həcmində dövlət kompensasiyası verilməlidir. Bununla yanaşı, hər bir vətəndaşın müharibə nəticəsində itirdiyi şəxsi əmlakı da dövlət tərəfindən kompensasiya olunmalıdır. Çünki dövlətin ümdə vəzifələrindən biri vətəndaşları və onların əmlakını qorumaqdır, o bunu bacarmayıbsa, mütləq vətəndaşa çəkdiyi zərər həcmində kompensasiya verməyə borcludur. Məsələyə bu prizmadan baxanda biz dövlət olaraq məcburi köçkünlər arasında keçiriləcək sorğunun nəticələrinə əsaslanaraq çiynimizə düşən yükün altından çıxa bilmərik. Lakin Azərbaycan dövləti (daha döğrusu, hökumət) buna uğursuz cəhd edir. Bütün yuxarıda qeyd etdiyimiz proseslər yekunlaşdıqdan sonra, kim istiyər dədə-baba yurdunda yaşayar, kimdə istəyər şəhərə köçər...

1996-cı ildən başlayaraq 3 il ərzində 2,7 milyon Azərbaycan vətəndaşına islahat nəticəsində pay torpağı verilib. Biz həmin vətəndaşlara ölkənin şəhərlərində yaşamağı qadağan edə bilərikmi? Əlbəttə yox... Elə isə biz dövlət olaraq yerindən-yurdundan didərgin düşən, əmlakını, var-dövlətini, isti yuvasını və yaxınlarını itirən məcburi köçkünlərə nədən bu qadağanı qoymağa hazırlaşırıq? Azərbaycan dövləti məcburi köçkünlərin həyatını və əmlakını qoruya bilmədiyinə görə, müharibədə itirdiklərinin kompensasiya edilə bilən bütün hissəsini təmin etməyə borcludur.

Azərbaycan dövlətini idarə edən hazırkı hökumət isə bütün bu borcların üzərindən bir sorğu ilə "krest" çəkərək, çoxdankı arzusunu reallaşdırmaq istəyir. Hamıya bəllidir ki, ölkədə kənd təsərrüfatı bərbad vəziyyətdədir, aqrar sahənin inkişafı adı altında xeyli büdcə vəsaiti xərclənsə də, bu sahədə inkişaf müşahidə edilmir. Ümumiləşdirsək, bunun əsas səbəbi hökumətin indiyə qədər aqrar sahəni inhisara almaq üsullarını tapa bilməməsidir. Aqrar sahə oliqarx monopolyasında olmadığına görə orada inkişafın getməsi, varlı fermerlərin formalaşması hökumətin maraq dairəsinə aid deyil. Kənddə fermerə dəstək vermək, onun ucuz kreditlərə, "uzun pul"lara çıxışını təmin etmək əvəzinə rayonlarda kənd təsərrüfatı nazirliyinin idarələrini açır, tərəvəz anbarları tikir - bunların hamısının korrupsiya mənbəyi olduğu heç kimdə şübhə doğurmur. Buna da ad qoyurlar ki, kənd təsərrüfatına investisiya qoyuruq. Halbuki, bu cür investisiya yatırmaq "əti atın, otu  itin qabağına qoymaq"dan başqa heç nəyə bənzəmir.

Torpaqların işğaldan azad edilməsini oliqarxlar aqrar sahədə böyük kənd təsərüfatı şirkətləri qurmaqla inhisarçıya çevrilmək üçün bir fürsət kimi qiymətləndirir. Ona görə də hökumət üzvlərindən heç kim məcburi köçkünlərin kütləvi şəkildə dədə-baba yurdlarına qayıdışını arzulamır. Bu səbəbdən də indiki qeyri-müəyyən dövrdə sözügedən sorğunu keçirməklə məcburi köçkünü dilindən tutmağa çalışırlar. Biz bütün məcburi köçkünlərə müraciət edərək onları bu sorğunu baykot etməyə, dövləti onlara olan - yuxarıda sadaladığımız borclarını verməyə məcbur etməyə çağırırıq. Əks təqdirdə, oliqarxların hazırladığı tələyə düşəcək - dədə-baba torpaqlarınızı onlara bağışlamış olacaqsınız. Bunun baş verməməsi üçün bütün məcburi köçkünlər işğaldan əvvəl yaşadığı ərazidən pay torpağını, üzvü olduğu kolxoz və sovxozun əmlakından ona düşən payı dövlətdən tələb etməlidir. Digər kənd təsərrüfatı rayonlarında yaşayan vətəndaşlarımız kimi bu payı aldıqdan sonra məcburi köçkünlər də adi vətəndaş kimi yaşayacağı yeri seçməkdə azad olmalıdır. Bu prosesdən sonra keçmiş  məcburi köçkün ona düşən pay torpağını daşınmaz əmlak kimi, kimə istəsə sata bilər, dövlət buna heç bir qadağa qoya bilməz. Yəni, bu gün dövlət məcburi köçkündən deyil, məcburi köçkün dövlətdən soruşmalıdır ki, mənim pay torpağımı və itrilən varidatımı nə zaman qaytaracaqsan?

 Akif Nəsirli