Salmonella təhlükəli qida infeksiyasıdır

18:42 03-03-2021 288

Qida mənşəli xəstəliklərə bəzən salmonella növləri ilə çirklənmiş məhsullar səbəb ola bilir. Qeyd edək ki, salmonellalar Salmonella cinsinə və Enterobacteriaceae ailəsinə mənsubdur. Onlar qrammənfi və çubuqvari mikroorqanizm olduğundan spor əmələ gətirmir. Salmonellalar aerob, eyni zamanda fakultativ anaerob bakteriyalardır. Lakin bəzi növləri mikrokapsula əmələ gətirir. Həm də salmonellaların əksər növləri qamçılara malikdir və hərəkətlidir. Polipatogen bakteriya növü kimi salmonellaların eyni serotipi insanlar və heyvanlar arasında xəstəlik törədə bilir. Lakin S.typhi və S.paratyphi isə yalnız insanlarda xəstəliyə səbəb olur.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, K. Əliyeva və Ç. Süleymanovanın hazırladığı məqalədə bəhs olunur.

Salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Eyni zamanda qida toksikoinfeksiyalarının da əsas mənbəyi hesab olunur. Salmonelyozlar - antroponoz (xəstəlik mənbəyi xəstə insanlardır) və zoonoz (xəstəlik mənbəyi xəstə heyvanlar və heyvan mənşəli qida məhsullarıdır) olmaqla iki qrupa bölünür. Zoonoz salmonelyozlar insanlara salmonelyozlu xəstə ev heyvanları ilə (iri və xırdabuynuzlu heyvanlar, quşlar və s.) təmas və ya salmonellalarla sirayətlənmiş çiy və ya yarıbişmiş halda olan heyvan mənşəli qida məhsullarının istehlakı (ət məhsulları, süd məhsulları, yumurta, xərçəngkimilər və s.) nəticəsində yoluxur. Qida məhsullarından insanlara yoluxan və bağırsaq divarında məskunlaşan salmonellalar (S. typhimurium, S.enteritidis və b.) həyat fəaliyyəti dövründə enterotoksinlər, öldükdən sonra isə neyrotrop təsirə malik endotoksinlər ifraz edir və bu, insanlarda mədə-bağırsaq və sinir pozğunluqları, eləcə də septisemiya ilə nəticələnən qida zəhərlənmələrinə səbəb olur. Qida zəhərlənmələrinin əsas törədicilərindən sayılan salmonellalar heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə həmin məhsulların tərkibində geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) həmin bakteriya növünün əsas daşıyıcısıdır. Salmonelyoza yoluxmuş heyvan və quşların ifrazatları ətraf mühitin - torpağın, suyun, eləcə də meyvə-tərəvəzin daha çox çirklənməsinə səbəb olur və bakteriyanın intensiv çoxalması üçün əlverişli şərait yaradır. Həmin infeksiya növünün yayılmasında və insanlar arasında salmonelyozların baş verməsində həşəratların da böyük rolu var.

Salmonelyoza yoluxmuş insanlarda xəstəlik nəticəsində baş verən intoksikasiyalar temperaturun yüksəlməsi, halsızlıq, iştahanın azalması, qusma, ishal və digər əlamətlərlə müşahidə edilir.

Ətraf mühitin müxtəlif amillərinə, o cümlədən aşağı temperaturun təsirinə qarşı davamlı olan salmonellalar xarici mühit şəraitində həyat fəaliyyətini uzun müddət (torpaqda 18 ay, suda 5 ay, ət və ət məhsullarında 6-12 ay, quş ətində 12 ay, süddə 3 həftə, yumurta qabığında 3 ay və s.) qoruyub saxlaya bilir. Hətta dondurulmuş və ya duzla konservləşdirilmiş heyvan mənşəli məhsulların tərkibində də salmonellalar uzun müddət sağ qalır. Buna baxmayaraq, birbaşa günəş şüalarının təsirindən salmonellalar 5-9 saat ərzində məhv olur. Dezinfeksiyaedici maddələr (2 faizli fenol məhlulu, 3 faizli natrium hidroksid məhlulu, 5 faizli aktiv xlor məhlulu, 3 faizli formaldehid məhlulu) salmonellaları 15-20 dəqiqə ərzində məhv edir.

Salmonellalar proteolitik xüsusiyyətə malik deyil. Ona görə də qida məhsullarının orqanoleptik görünüşü, qoxu və ya dadında dəyişikliyə səbəb olmur və bu, salmonellalarla çirklənmiş qida məhsullarının təhlükəsiz qidadan ayırd edilməsində çətinlik törədir. Ona görə yaxşı bişirilməyən heyvan mənşəli qida məhsullarının istehlakı yolverilməzdir.

Qeyd edək ki, uzun müddət saxlanılan yumurtaların qabığında mövcud olan salmonellalar onun səthindən daxilinə sirayət edir və orada aktiv şəkildə artıb çoxalır.

Ümumiyyətlə, salmonellaların S.enterica və S. bongori növlərinə aid olan 2500-dən çox serotipi mövcuddur. S.enterica növünə mənsub olan patogen salmonellalar (xüsusilə S.enteritidis) zoonoz mikroorqanizm kimi daha çox qida infeksiyalarının baş verməsinə səbəb olur.

Salmonellalar temperaturun 4-45 dərəcə C və pH göstəricisinin 4,1-9,0 olduğu mühitdə inkişaf edir. Lakin temperaturun 35-37 dərəcə C və pH-ın 7,2-7,4 olduğu mühit bakteriyaların artıb çoxalması üçün daha optimal hesab olunur. Yüksək termiki təsirə (60-75 dərəcə C) davamsız olan həmin bakteriyalar qaynadılma nəticəsində (100 dərəcə C-də) daha qısa müddətdə (5-10 dəqiqə) tələf olur. Bəzən qida məhsullarında təsadüf edilən S.typhimurium 75 dərəcə C-yə 25 dəqiqə, 85dərəcə C-yə isə 40 dəqiqə müddətində davamlılıq göstərir. Nəzərə almaq lazımdır ki, qida zənciri boyu rast gəlinən salmonellaların bir sıra növləri (S.typhimurium, S.enteritidis və b.) antibakterial preparatlara qarşı davamlılıq göstərir. Bu isə salmonelyoza yoluxan insanların müalicəsi zamanı effektiv antibiotiklərin seçimində böyük çətinliklər yaradır.

Təhlükəli qida infeksiyası kimi tanınan salmonellalardan qorunmaq məqsədilə bəzi tövsiyələrə əməl etmək lazımdır:

- Heyvan mənşəli qida məhsullarının saxlanması, daşınması və realizasiyası dövründə baytarlıq-sanitariya qaydalarına riayət olunmalı;

- Baytarlıq ekspertizasına cəlb olunmayan heyvan mənşəli qida məhsulları istehlak edilməməli;

- Çiy və ya yarıbişmiş halda olan heyvan mənşəli qida məhsulları istehlak edilməməli;

- Heyvan mənşəli qida məhsullarının soyuducuda saxlanması dövründə mal qonşuluğuna riayət edilməli;

- Soyuducuda saxlanılan hazır qidaların yaxşı qızdırılmadan istehlakına yol verilməməli;

- Çiy və bişirilmiş halda olan heyvan mənşəli qida məhsulları üçün istifadə olunan mətbəx əşyaları ayrı olmalı;

- Şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir.