Bir günlük qarın fəsadları yaxud, hər şeydən bir az

18:44 03-03-2021 594

 Hə, millət,  bu ilin də qarlı gününü gördük, ən çox sevinən cocuqlar olsa da, ölkə əhalisinin böyük əksəriyyətini pərişan etdi. "Qar ruzidir, bərəkətdir",-deyib atalarımız. İndi isə qar istər şəhər, istərsə də, kənd əhalisinin baş bəlasına çevrilib. Hələ bir çoxlarının: "qar istəyənin lap belə...", kimi ifadələrini eşitmək də, heç kimə xoş deyildi.

Ancaq onu da qeyd edim ki, qarın yaratdığı bu problemlərdə günahkar heç də qar deyildi. Qışın oğlan çağıdır və təbiətin qanunları deyir ki, qarda yağsın, yağışda. Günahkar şəhər və kəndləri qışa hazırlamaqda görəvli olan, bunun üçün dövlətdən külli miqdarda vəsait alan qurumların rəhbərləridir.

Bu qardan sonra da, bir daha tam əmin olduq ki, həmin qurumların rəhbərləri insanların düşdükləri ağır vəziyyətdən heç də narahatlıq keçirməyiblər. Ələlxüsus da Bakı şəhər və rayon icra hakimiyyətləri. Çünki ölkəmizdə normal fəaliyyət göstərən dövlət idarəetmə strukturu mövcud deyil. Bütün xidmət sahələri də müxtəlif dövlət qurumlarına məxsusdur. Əslində isə kimin hansı işlərlə məşğul olduğunu "heç kim" bilmir. "Azərsu", "Azərişıq", Azəriqaz", "Azəristilaktəchizat", "Azəravtoyol" kimi qurumların rəhbərləri özlərini elə göstərdilər ki, guya bütün bu işlərin onlara heç bir aidiyyəti yoxdur. Bütün günahlar vətəndaşlardadır ki, belə havada bayıra çıxmaq istəyirlər, yaxud evlərində soyuqdan donurlar. Yəni qışdır, belə də olmalıdır.

Xatırlayırsınızsa, bu məmurlar çetesi hələ qış mövsümü başlamazdan xeyli əvvəl bütün suallar cavab verirdilər ki, "ötən illərdən fərqli olaraq bu il vətəndaşlar qışda heç bir problem yaşamayacaqlar, qışa 100% hazırıq". Lakin fakt odur ki, bu məmur çetesi təkcə vətandaşları deyil, dövlət başçımızı belə, aldatmaqdan çəkinməyiblər. Onlar bütün tədbirlərdə prezident İlham Əliyevin qışa hazırlıq barədə sorğularına da, "tam hazırıq" cavabını verirdilər. Lakin bir gün yağan qar onların bütün yalanlarının üstünü açdı və fəaliyyətlərinin nə dərəcədə yarıtmaz olduğunu açıq şəkildə ortaya qoydu.

Bir günlük qarın fəsadlarından bir həftə vaxt keçsə də, redaksiyaya Bakının müxtəlif rayonlardan gələn zənglərin arası kəsilmir. Buna görə də o qarlı günlərdə şəxsən özümün müşahidə etdiyim bir sıra məqamları diqqətinizə çatdırmağa çalışacağam. İndi isə İctimai Televiziyada qarla bağlı keçirilən müzakirələrdən bəzi faktları şərh etmək istəyirəm.

Onu da qeyd edim ki, vətəndaşların daha çox şikayət etdiklər "Azərişıq"ın nümayəndəsi ümumiyyətlə müzakirələrə qatılmadı, yəqin ki, xalqa deyəcək bir sözü olmayıb. Başqalarına nisbətən  problemi az olan "Azəriqaz" təmsilçisi isə hamıdan aktiv idi və buna görə də hər kəsin təşəkkürünü qazandı. Görünür bu məmur öz sahəsində olan problemlərini də yaxşı bilir ki, kiminsə sualından da qaçmır. "Azərsu" təmsilçisi isə müxtəlif bəhanələrlə öz qurumunun yarıtmaz fəaliyyətini örtbasdır etməyə çalışdı. Amma onun çıxışı bir çox maraqlı məqamları ortaya çıxardı. Məsələn, özünə 200 milyonluq villa tikən, 200 milyonluq ofis tikməyə hazırlaşan "Azərsu" rəbərinin sözçüsü etiraf etdi ki, qar yağan gün onlara 2 mindən çox müraciət olunub. Diqqət etdinizsə, 200 milyon, 200 milyon və 2 min zəng. Bu isə o deməkdir ki, bu qurumun ən azından 2 min problemi var. Amma qurumun rəhbərini bu problemlər əsla maraqlandırmır və özünə 200 milyonluq ofis tikdirməyə hazırlaşır. Belə bir cəmiyyətdə hansı qanundan, ədalətdən danışmaq olar? Bu insanlar nəinki adi vətəndaşları, hətta Prezidenti belə aldatmaqdan çəkinmirlərsə, demək ki, cəmiyyətimiz tam olaraq məmurların girovundadır.

Digər maraqlı məqam "Azəravtoyol" şirkəti təmsilçisinin açıqlamaları zamanı baş verdi. Şirkətin təmsilçisi vətəndaşları və studiyada oturanları inandırmağa çalışırdı ki, yolların təmizlənməsində heç bir problem yoxdur və hər dəfə "əsas yollar" ifadəsini işlədirdi. Anlamaq olmurdu ki, əsas yollar dedikdə, o, hansı yolları nəzədə tutur. Çünki vətəndaşların və naqliyyatın normal hərəkəti üçün bütün yollar əsas sayılır. Əslində isə bu mötəbər şəxsin hansı yolları nəzədə tutduğunu anlamaq heç də çətin deyil. Amma yenə də maraqlıdır, nə üçün məhz əsas yollar, digər yollarda bəyəm insanlar və nəqliyyat hərəkət etmir? Ölkəmizdə sosial təbəqələşmə o həddə çatıb ki, artıq insanlar kimi yolları da katqoriyalar bölüblər ki, bu yoldan məmurlar keçir (əsas yol), bu yoldan isə kasıblar (ara yollar, enişli-yoxuşlu yollar və s.).

Məsələn, yaşadığım Masazır qəsəbəsinin əsas yolu Əliağa Vahid küçəsidir, çünki bu küçədən oliqarx-məmurlar öz villalarına gedib-gəlirlər. Qəsəbənin digər ərizilərindəki yolların da hamısı demək olar ki, bu yola çıxır. Enişli-yoxuşlu, dərəli-təpəli bu yollarda heç vaxt təmir işləri belə, aparılmadığı halda, Ə.Vahid küçəsinin əhəmiyyətini qaldıran da yuxarıda qeyd etdiyim məmur amilidir. Demək ki, bu yol təmizləndisə, problem yoxdur. Qəsəbənin onminlərlə əhalisini bu yola necə çıxacağı isə heç kimin marağında belə deyil. 

Bir məqama da diqqət edin, şirkət təmsilçisi qeyd etdi ki, şirkətin 700 texnikası var və istənilən problemi aradan qaldıra bilər. Aparıcı xəbər aldı ki, "təkcə Bakı şəhərində", "yox, respublika üzrə bütün əsas yollarda, hətta növbətçi texnikalarımız da var". Həqiqətən gülməli vəziyyətdir, çünki 700 texnika, belə bir vəziyyətdə, təkcə Bakı və Bakıətrafı yollar üçün belə azdır. Bunlar isə iddia edirlər ki, bu texnika ilə bütün respublikada qar problemini həll etməyə qadirdirlər, əsas yollarda!? Onların yəqin ki, bu texnikadan səmərəli istifadə etmək üçün "Ələddinin sehirli çarağı" var. 

Studiyaya daha çox nəqliyyatın fəaliyyətsizliyi barədə daxil olan sualları cavablandıran "BakBus" təmsilçisi heç bir suala etiraz etmədi və problemin mövcudluğunu da qəbul etdi. Amma yenə də təmsil etdiyi qurumu təmizə çıxarmaq üçün təbiəti günahkar çıxardı: "Bakının yolları enişli-yoxuşlu olduğundan orada ictimai nəqliyyat hərəkət edə bilmir".

Sözün açığı, o, danışanda mən gülməyimi saxlaya bilmədim, ancaq heç də gülməli deyildi. Bu insanlar, sanki ölkəmizə hansısa planetdən bu gün gəliblər və Bakın şəhərinin enişli-yoxuşlu olduğunu da qar yağandan sonra biliblər...

Başqa bir maraqlı məsələ şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsidir. Elə olur ki, insan hansısa səbəbdən evdən çıxmalıdır, bazar və şənbə günlər işləyən bir çox sahələr var və orada minlərlə insan çalışır, nəqliyyat isə işləmir. Bunun koronavirus pandemiyası ilə əlaqəndirmənin isə heç bir məntiqi əsası yoxdur.

 Nazirlər Kabineti yanında Opertiv Qərargahın bu qərarı, ancaq taksi mafiyasına xidmət edir. Biz həmin qar yağan günü bir neçə taksi şirkəti ilə zəngləşib Yasamaldan Xətaiyə getmək üçün taksi sifariş etmək istədiyimizi bildirdik. Məsələn, axşam saat 18 radələrində bu məsafə üçün bizdən 3 manat 60 qəpik, gecə yarısı isə eyni məsafə üçün 7 manat 86 qəpik istədilər. Bu da sənə mədəni xidmət. Həmin gün növbədə olan məsələn, fəhlənin əmək haqqı, heç on manat eləmir, yaxud da günü 10 manata işləyir, bu pulu necə ödəsin?

Onu da qeyd edim ki, keçən bazar günü tələbələr magistraturaya imtahan verirdilər. Bilmirəm, DİM bildiyi halda ki, bazar günü ictimai nəqliyyat işləmir, nə üçün imtahanı məhz o günə salıb?

Operativ Qərargah belə bir tədbirin olacağını, tələbə və valideynlərin bir neçə gün əvvəldən etdikləri müraciətləri nəzərə alaraq, bazar günü nəqliyyatın işləməsinə icazə verə bilərdimi? Bilərdisə, bəs nə üçün vermədi? Bax, əsas məsələ də elə budur. Məmurlar ölkədəki sosial durumu bildiyi halda, onu daha da gərginləşdirməkdə maraqlı görünürlər. Bu da onun açıq təzahürü.

 Bütün bunlardan qaçmaq olardımı? Olardı. Bunun üçün lazımdır ki, dövlət vəzifələrində çalışan məmurlar, təkcə özlərini və ətrafını yox, həm də xalqı düşünsünlər. Bu gün isə Azərbaycanda xalqın durumunu düşünən bir məmur belə yoxdur, olsaydı belə, onu vəzifədə saxlamazdılar. Çünki bütün məmləkət bu acgöz və tamahkar məmurların girovundadır. Ölkəni bu məmurların girovundan qurtarmağın isə bir yolu var- bu yol həmin məmur çetesinə qarşı cihaddan keçir. Heç kim elə düşünməsin ki, mən insanları inqlaba, itaətsizliyə çağırıram. Həz. Əli deyir: "Zalımın qarşısında divar kimi tikilməyən kəs, gələcəkdə ondan gördüyü zülmə də qatlaşmalıdır". Bugün Azərbaycan xalqı məhz, bu durumdadır. Bir qrup məmur çetesi öz rifahı naminə xalqı zəlil gününə qoyur, xalq da buna dözmək zorundadır.

Peyğənbər (s.ə.s.) isə deyir: "Sizdən kim bir Münkəri (pisliyi) görərsə, onu əl ilə, gücü çatmazsa dili ilə, ona da gücü çatmazsa ruhu ilə yox etsin". O, daha sonra deyir: "Ancaq onlar öz aralarında münkərin işlədiyini görüb, gücləri çatdığı halda ona qarşı heç bir tədbir görməzlərsə, o zaman əzab ümumi olar". Yəni bu gün məmurların (münkəri) zülmünə dözən xalq sabah axarət dünyasında da eyni zülmü görəcək.

Bəli, son illər dövlət başçımız, prezident İlham Əliyev də, ölkəmizi pisliklərdən təmizləmək üçün çox işlər görür, lakin alaq otu kimi bütün məmləkəti bürüyən bu pisliklər hələ də meydanadırlar və məğlub olmaq istəmirlər. Məhz buna görə də onlara qarşı birgə mübarizə aparmaq lazımdır. Əks təqdirdə, bu dünyanın münkərləri tərəfindən yaradılan zülmə dözdüyümüz üçün o dünyada da cəhənnəm əzabına düçar olacağıq.

 Yusif Seyid