ANALOQSUZ ÖLKƏNİN ÖLÜMÜNÜ GÖZLƏYƏN VƏTƏNDAŞLARI

18:47 03-03-2021 351

Bəzən təsadüflər zərurətə çevrilir. Zəruri olan isə əlçatmaz olur. Azərbaycandakı kimi. Sən demə bu məmləkətdə ölüm belə əlçatan deyilmiş. Ötən gün bunun şahidi oldum.

Bu ölkədə artıq heç nə məni təəccübləndirə bilməz deyə düşünürdüm. Əşya mahiyyətli, adam görnüşlülərin alınıb-satılması, məqsədli siyasət, riyakar ritorika, Don Kixotluq, siyasi divanəlik, siyasətdə neytron və ya proton ölçülülərin təkəbbürü, pula səcdə və s. və i.a. Sən demə yanılmışam. Çoxdan tanıdığım, lakin uzun müddətdir görmədiyim biri ilə təsadüfi görüşüm özüm üçün müəyyən etdiyim qənaətimin dəyişməsinə səbəb oldu. Ənənəvi olaraq “necəsən, nə edirsən?” – sualıma, tam ciddiyətilə “evdəyəm, ölümümü gözləyirəm” – cavabını verdi. “Nə olub, xəstə deyilsən ki?” – deyə soruşdum. “Yox” – qısa və konkret cavab. Sözsüz ki, cavabdan narahat olmuşdum. Lakin illərlə özümü inandırdığım qənaətimdən məni bir cümləsi ilə imtina etdirən tanışımın məlum qənaətinin səbəbini öyrənmək də sanki həmin an hava, su qədər zərurətə çevrilmişdi. Xeyli söhbətdən sonra məlum oldu ki, adam illərdir ki, sabahını ümidsiz, güvənsiz şəkildə açır. Və bu güvənsizlik onun həyatda qalma istəyini öldürüb. Yəni adam sadəcə cismən və zorən bu dünyadadır.

SSRİ dağılarkən hamı, yəqin ki, ölümünü gözləyən tanışım da düşünmüşdü ki, “bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür”. Lakin nə baş verdi? Vətəndaş böyük imperiyanın caynağından aldığı ölkəsində azad oldumu?

İllərdir ki,ölkə bir nəfər tərəfindən şəkilləndirilir. Hər şey vətəndaş iradəsindən kənar düşünülür, qərar verilir, nəyin düz, nəyin səhv olduğu müəyyən edilir. Ölkə qadağalarla idarə olunur. Fikrini azad ifadə etmə. Düşündüyünü yazma. Qanunsuzluqları görmə. Efirdən eşitdiyinə inan və itaət et. Vətəndaş müstəqil baxış məhdudiyyəti içərisindədir. Hakmiyyətin cızdığı yol isə dumanlıdır. Nəinki sabahı, hətta bir addım önü görməyəcək qədər dumanlı.  

Qadağalardan yalnız bir qrupun qurtuluşu var. Toplum isə daim qadağalar girdabındadır. Soljentsin “Almaniyadan məktublar”ında yazırdı ki, “Ən yüksək inkişafa nail olmuş bir cəmiyyəti dağıtmaq üçün kiçik bir qrupa hər şeyə icazə verib, yerdə qalanlara hər şeyi qadağan etmək lazımdır.” Qadağalar yalnız sadə vətəndaş üçündür. O zaman maraqlı məqam yaranır. Analoqsuz deyə qəsd etdiyinizi dağıtmaqmı istəyirsiniz? Yoxsa hər kəs, yəni hər şeyi qadağan etdikləriniz məmləkəti tərkmi etsin? Məmləkəti cinlərin civit atdığı məkana çevirəcəksinizmi?

Ölkədə yalnız milli sərvət deyil, milli dəyərlər də istismar olunur. Milli imkanlardan bir ovucluq qrup yararlanır. Vətəndaş nəfəs ala bilmir. Və bu hal olduqca təhlükəlidir. Lakin unudulur. Əgər toplum halında nəfəs almağa cəhd edilsə, o zaman qasırğa qopacaq, tufan olacaq.

Millət acdır. Bəli hər kəsin mədəsinə gün ərzində bir şeylər gedir. Ölmür, yaşayır. Lakin sadəcə yavanlıqsız çörək, ətsiz, yağsız nahar. Artıq bu ölkədə çörək aslanın ağzında deyil, çünki aslan özü də acdır.

Ölkə mediası, sosial şəbəkə hər gün bir və ya bir neçə məmurun milyonluq, milyardlıq əmlakından yazır. Vətəndaş hər oxuduğu məlumatın şokunu yaşayır. Ölkədəki qəbirstanlıq sükütu həmin şoklarla bağlıdır. Hakim partiya üzvlərindən ibarət iqtidar komandasının əmlakları üst-üstə Azərbaycan dövlətinin nəinki büdcəsindən, hətta ehtiyat fondundan belə çoxdur. Lakin partiya susur. Funksioner susur. Komanda susur. Hamı susur. Məlumatlarımı yoxdur? Bu mümkünmü? Sıravi jurnalistin, ictimai fəalın bildiyinimi bilmirlər? Mən elə hesab etmirəm. Ola bilsin ki, kimsə daha yumşaq formada düşünərək “məlumat vermirlər” – deyəcək. O zaman yeni bir sual yaranır. Axı doğru məlumat həm də mətbuatdan alınır.

Ölkədə qütbləşməni dərinləşdirən siyasi nəzakətsizlik hökm sürür. Halbuki mövcud situatsiyada buna son verilməlidir. İttiham köynəyini çıxarıb, milli görüş, milli birlik, bərabərlik, vahid olma, var olma çabası göstərilməlidir. Zatən ölkəni idarə edənlər xalqdan qopmuş şəkildə yaşayırlar. Efirdən, ekrandan xalqın yaşam tərzini dilə gətirərkən öz həyatlarını təsvir edirlər. Sistemin dayaqlarından möhkəm yapışan məmur təyinatından sonra sahib olduqları fonunda özünü asimanda hesab edir. Məmur göydən yerə baxır. Lakin vətəndaşı görə bilmir. Çünki vətndaş quyudadır. Dibi görünməyən qaranlıq quyuda. Məhz həmin məmurun vətəndaşa münasibətinin nəticəsi olaraq vətndaş o dərinliyə qədər enib. Zehniyyətlər islah olunmalıdır. Müdriklər deyir ki, çox tez əldə olunmuş uğur keçici olur, çünki o, istedadın yox, təsadüfün bəhrəsidir. Və müdriklər onu da deyirlər ki, qarın gözdən qanacaqlıdır, heç olmazsa doymaq qabiliyyəti var.    

İslahat deyirik. Əslində biz, yəni vətəndaş demir. O cür təqdim olunur. Sual olunur yeni təyinatlılar xalqı tanıyırlarmı? Görünən odur ki, yox. Tanımırlar. Həm də heç tanımırlar. Çünki o yeni təyinatlını xalq yetişdirmədi. Onlar sistemin övladlarıdırlar. Xalqı sistemin baxış acısından tanıyır yeni təyinatlılar. Sistemin övladları siyasi yoxsullardır. Çünki sistem onlara özünə lazım olan qədər öyrədib, yeni təyinatlıya lazım olan qədər yox.

İqtidarla xalq arasında dərin uçurum yaranıb. Ən azı maddiyat baxımından. Mövcud və ya sabiq, bu iqtidarda təmsil olunan və ya olunmuşlarla xalqın yaşam tərzi ayrı-ayrı planetlərdəki həyat kimidir. Sadə vətndaş məmurun gündəlik həyatını təsvir belə etmir. Zatən təsvir bir az görünənə, bir az da xəyala əsasən formalaşır. Vətəndaş Azərbaycan məmurunun həyatını ona görə təsvir edə bilmir ki, çünki o həyatı qismən belə yaşamayıb. Məhz ona görə də təsvir imkanları yaranmır. Hakimiyyət sanki heç nəyin fərqində deyil. Sanki xalqla zarafat edirlər. Ac xalqla zarafat, təbiətdə yaşayan şirə yaxınlaşmaq qədər təhlükəlidir. Nədən təhlükəni hiss etmirsiniz?

İctimai nəzarət deyilir. Lakin bu funksiyanın icrası üçün icazə yalnız miskin varlıqlı, manqurt zehniyyətlilərə verilir. Halbuki adamın ruhu əzilib. Yaltaqlığın, gözükölgəliliyin, riyakarlığın etdiyi nəzarət müstəvisində hansı havaya istəyirsən oyna. Fərq edərmi? Əlbəttə etməz.        

Artıq bir ildir vətəndaş bəlli kurallarla yaşayır. Pandemiyadır, həyat üçün təhlükədir deyib, dözür vətəndaş. Lakin əvəzində hakimiyyət nə edir? 25 gün vətəndaşı evə qapayır, ayın sonuna 5 gün qalmış məhdudiyyəti götürür və sonucda ac vətəndaşına verdiyi cüzi məbləği – 190 manatı da vermir. Qorxu ilə evə qapatma əvəzinə insanları maarifləndirmək lazım deyildimi? Evdə qal təbliğatını da meyxana ilə start verdi bu hakimiyyət. Vətəndaşın hökumətinə etibarsızlığının göstəricilərindən də biri budur. Bu gün nə baş verir? Vətəndaş ölkəyə gətirilən və həyatı üçün əhəmiyyətli olan vaksinə də etibar etmir. Durun, Allah xatirinə, vaksin təbliğatını da meyxana ilə etməyin.

Həzrəti Əli (ə) Müaviyəyə məktubunda yazırdı ki, “Şeytan sənin cismində bütün istədiklərinə nail olub.” Düşündürücüdür. Əlinin (ə) böyüklüyü də məhz onun hər kəlamının düşündürücü olmasında idi. Avropanı keçdik. Hətta Türkiyədə nazir iradəsinin əksinə baş verən hadisə zamanı istefa mədəniyyəti göstərir. Bir müdət əvvəl Süleyman Soylu, şənbə günü Fahrettin Qoca və s. Dövlət başçısının bu istefaları qəbul etməməsi bir başqa nüansdır. Lakin adamlar məhz elə türklərin özlərinin sözləri ifadə etsək qeyrət göstərirlər. Yəni artıq mənlik deyil. Azərbaycanda isə vəziyyət başqadır. Məmur təyin olunubsa yer-yerindən oynasa belə, hava ona xoş. Çünki dövlət görəvi sərvət toplamaq üçün ən optimal yerdir. Məmur böyümək istəyir. Onu böyük göstərən istedadı deyil, əldə etdiyi sərvətidir. Dünya vətəndaşını böyüdür, bizdə isə məmur əldə etdiklərinin fonunda böyüyür. ABŞ-ın 28-ci prezidenti Tomas Vilson deyirdi ki, “Vətənin böyüklüyü onun sıravi vətəndaşının böyüklüyü ilə müəyyən olunur”. Azərbaycan məmurunun baxış nöqtəsində vətəndaş üfüqdə belə görünmür. Və Vilson onu da deyirdi ki, “Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamaq lazımdır”. Müharibə o deyil ki, əlinə sialh alasan, səngər qazasan və s. Çarəsiz vəziyyətə məhkum edilmiş, evində ölümünü gözləyən tanışım həyatla müharibə edən passiv döyüşçüdür. Lakin müharibədir, özünə məxsus kuralları olsa da, situatsiyaya uyğun dəyişiklikləri də qaçılmaz deyil. Ölümünü gözləyənlər ölməyə də bilərlər.

 Hacı Bakir Həsənbəyli