Məmur islahata müqavimət göstərir

17:00 03-03-2021 279

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Prezidentin verdiyi sərəncamlar yerinə yetirilmir

 Azərbaycan nüstəqillik qazandıqdan sonra ölkəmiz Rusiyanın vasitəsilə vəzifəyə təyin olunmuş rüşvətxor və korrupsioner nökərlərin dövlətə və xalqa qarşı amansız sınaq meydanına çevrilib. Hakimiyyətdə təmsil olunan məmurlar, qanunla tam qadağan olunduğu halda, həm dövlət strukturlarını, həm də bütün istehsal, ticarət və xidmət sahələrini ələ keçirib, xalqı  amansızca soyurlar. Ölkədə istisnasız olaraq, məmurların nəzarətində olan bazar, market və mağazalarda dövlət nəzarəti yoxdur, qiymətlər durmadan artır, pul dəyərdən düşür, təqaüdlər 11,4 faiz artdığı halda, ərzaq və gündəlik zəruri təlabat mallarının qiyməti artıq 32-35 faiz artıb.

Tarif Şurasının suyun və yanacağın qiymətini qəflətən gecəykən qaldırması, ölkədə elektrik enerjisinin və qazın əhaliyə limitlə verilməsinin yaratdığı çətinliklərin üzərinə məmur özbaşınalığı və pandemiya nəticəsində düşən hazırkı ağırlıq, onsuz da pis durumda olan xalqın vəziyyətini daha da ağırlaşdırır.

Ölkəmizin sadə və kasıb insanlarının övladlarından təşkil olunmuş Müzəffər Ordumuzun və Qəhrəman Şəhidlərimizin 44 gün ərzində erməni terrorçu qrupları məhv edərək, 30 il düşmən işğalı altında qalmış torpaqlarımızı azad etməsi xalqımızda ruh yüksəkliyi yaratsa da, məmurların yaramaz fəaliyyətilə baş verən mənfi hallar əhaliyə qələbənin yaratdığı sevinc   hissini doyunca yaşamağa imkan vermir, əksinə, insanları ruhdan salır.

Ölkəmizdə hökm sürən xaotik durumun getdikcə dərinləşməsinin əsas səbəbi, ilk növbədə islahat nəticəsində var-dövlət mənbəyi olan kürsünü itirən məmurların və onların ətrafının Prezidentin həyata keçirdiyi islahatlara qarşı sabotaj etmələrilə daha çox bağlıdır. Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini uzun illər talayaraq, milyardları ələ keçirmiş məmurlar hazırda dövlət üçün ən böyük təhlükə mənbəyinə çevrilib. Artıq dövlətimiz qanunsuz yolla milyardlara sahiblənmiş rüşvətxor və korrupsioner məmurlar ordusu ilə üz-üzədir. Hakimiyyətin zor aparatının dəyənəyilə əzilmiş və küt kütləyə çevrilmiş əhali haram hesabına qudurmuş məmurlara qarşı müqavimət göstərmək gücündə deyil. Bunu hiss edən məmurlar Prezidentin əhatəsində keçilməz informasiya blokadası yaratmışlar, demək olar ki, əhali ilə Prezident arasında əlaqəni tam kəsmişlər və bu səbədən arxayın çirkin fəaliyyətlərinə davam edirlər.

Azərbaycanda xalq ilə Prezident arasında əlaqənin kəsilməsi ölkə əhalisinin parçalanması üçün daxili və xarici düşmənlərin birgə düşündüyü hiylədir. Ölkəmizin parçalanması və zəif düşməsinə hesablanmış bu hiylənin qarşısını almağın ən yaxşı və yeganə yolu isə Xalqla Prezidentin birbaşa təmasının yaradılmasıdır.

Əgər fikir verdinizsə, Ermənistanda Rusiyanın təsirilə N. Paşinyana qarşı təşkil edilən aramsız mitinqlərin qarşısı son günlər Paşinyan tərəfdarlarının İrəvanda təşkil etdikləri izdihamlı mitinqlə, qismən də olsa, alındı. Bu, hakimiyyəti devirmək istəyənlərin qarşısını xalqın gücü ilə almağın ən yaxşı yoludur.

Azərbaycan Prezidentinin məmurların müqavimətini tez qırması üçün Xalqın gücündən mütəşəkkil istifadə etmək üsulundan istifadə çox faydalıdır. Mərhum Prezident Heydər Əliyev 1994-1995-ci illərdə bu üsuldan məharətlə istifadə etdi və çevrilişə cəhd edənləri məğlub etdi.

Düşünürəm ki, xarici düşmənlərin və ölkə daxilində düşmənə xidmət edən xəyənətkar qüvvələrin və məmurların müqavimətini qırmaq və onları zərərsizləşdirmək üçün Prezidentin Xalqla birbaşa təmas qurmasına hazırda çox ehtiyac var. Pandemiyanın yaratdığı çətinlikdən çəkinmədən, "Azadlıq" Meydanda Xalqla Prezidentin görüşünün təşkil edilməsinin cümlə düşmənlərimizə ən böyük zərbə ola biləcəyinə şübhə etmirəm.

Prezident hazırda ölkəmizin ahngdar inkişafını təmin etmək məqsədilə, demək olar ki, hər gün Sərəncamlar imzalayır, qurumlar yaradır, açılışlar edir, vacib tədbirlər görür. Lakin qeyd edim ki, bu qədər çəkilən zəhmətin, xalqın güzəranını yaxşılaşdırmaq istiqamətində dövlətin atdığı addımların  cəmiyyətdə təsiri hiss olunmur.

Çünki Prezidentin qəbul etdiyi qərarları, imzaladığı Sərəncamları layiqincə icra etmək bacarığına qadir olan, təmiz ələ və xarakterə sahib, yeni dövrün tələb və çağırışlarına uyğun kadrlar yoxdur. Son illər vəzifəyə irəli çəkilən gənc kadrların fəaliyyəti isə, əvvəlkilərdən heç nə ilə fərqlənmir. Əksinə, bir çox hallarda gənc kadrlardan əvvəl vəzifədə işləmiş köhnə məmurların çirkli fəaliyyəti daha pis formada təkrar olunur.

Məsələn, Xalq hələ də  bilmir ki, "İçərişəhər" dövlət qoruğunun rəhbərliyindən öncə Təhsil naziri, Vergilər naziri və sonra da İqtisadiyyat Nazirliyində bir neçə dövlət qurumunu birləşdirib Mikayıl Cabbarovu həmin nazirliyə rəhbər təyin etməyin dövlətə və xalqa hansı faydası var?!..

Son illər ölkədə yüksək vəzifəyə təyin olunmuş çoxsaylı gənc kadrlar arasında xalqın rəğbətini qazanan yeganə şəxs Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevdir! O, Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən üzərində qazandığı möhtəşəm qələbənin informasiya təminatını dünyada böyük uğurla yerinə yetirməyi bacardı!

Müharibə dövründə yeni təyin olunmuş Xarici İşlər naziri Ceyhun Bayramovun da nəzərəçarpan, gərgin fəaliyyətini qeyd etmək lazımdır!

Lakin bu 2 nəfərdən başqa irəli çəkildiyi vəzifədə müsbət fəaliyyətilə fərqlənən məmur adı çəkmək, nümunə gətirmək olmur. Çünki gınc kadr bankında  potensialımız yox səviyyəsindədir, bu barədə ciddi tədbir görmək lazımdır.