TAPŞIR ÜRƏYİNƏ UNUTSUN MƏNİ....

22:07 06-03-2021 1386

 

Tapşır ürəyinə unutsun məni,
Məni sevməyinə nə gərək vardı?
Əzəldən belədir,saf sevgilərə
Nədənsə bu dünya qəfəsdi,dardı.


Tapşır ürəyinə unutsun məni,
Kiçik bir yer tutdum onsuz da orda.
Hey yağdı üstümə kədərin,qəmin,
Sevinci axtarım,arayım harda?

Tapşır ürəyinə unutsun məni,
Axı bu məhəbbət nə verdi bizə.
Mən səni çox sevdim axı ay zalım,
Doğmaykən yad olduq bir birimizə.


Tapşır ürəyinə unutsun məni,
O qədər olub ki unudulanlar.
Ayrılıb getmisən, de, bundan sonra-
-Məni düşünməyin nə mənası var?


Tapşır ürəyinə unutsun məni,
Axtarma bir daha.,arama bir də.
Nakam sevgilərin yuvası olmaz,
Duz basma qanayan yarama bir də.


Tapşır ürəyinə unutsun məni,
Mən də rahatlaşım,sən də rahat yat.
Amma unudanlar unudulmaz kii.
Bu qanun üstündə qurulub həyat.

Tapşır ürəyinə unutsun məni,
Get öz həyatını könlüncə yaşa.
Nə gərək boşuna ümid bağlayaq,
Bu eşqin yolları dirənib daşa.

Tapşır ürəyinə unutsun məni,
Qapından qovarsan bir daha gəlsəm.
Gəldiyim kimi də çıxıb gedərəm
Mən də unudaram,bacara bilsəm...

Müəllif:. MƏLƏK. ƏLİQIZI