Qadın nə istəyir? – MÜSAHİBƏ + FOTO

22:35 08-03-2021 279

8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində uğurlu və gözəl səkkiz qadın məşhur suala cavab verib, həyatlarındakı ən unudulmaz kompliment və ən dəyərli hədiyyələrdən danışıblar.

Brilyant Dadaşova, müğənni:

Çoxlu pul, çoxlu mənzil, yeni maşınlar, brilyantlar... (gülür) Ancaq bu barədə ciddi danışırıqsa, qadın sevgi və diqqət istəyir. Qadını təkcə bayramlarda deyil, həmişə sevmək, qayğısına qalmaq lazımdır! 

Bir dəfə bir qadın mənə dedi: “Siz sadəcə gözəl oxumursunuz, bunu həm də ağılla edirsiniz”. Bu sözləri çox bəyəndim və deyilənləri yadımda saxladım. Həyatımda olan kişilər - həyat yoldaşım və oğlum məni həmişə bayramlarda təbrik edir. Cahad hər il 8 Martda atası ilə birlikdə mənə hədiyyə seçməyə yollanır. Cahad mənim işdən sonra həyat yoldaşımı qarşılamağımı ona qulluq etməyimi çox bəyənir...Və həyatımdakı ən əziz və ən qiymətli hədiyyəm uca Tanrım tərəfindən mənə bəxş edilmiş yeganə övladımdır!

Elnarə Nəhmətova, “Beauttech” gözəllik salonları şəbəkəsinin rəhbəri:

Yəqin ki, Sovet dövründə oxuyan hər kəs ibtidai sinifdə qızların oğlanları 23 fevral - Vətən Müdafiəçisi Günü ilə əlaqədar təbrik etməsini, 8 Martda isə əksinə oğlanların qızları təbrik etməsini yaxşı xatırlayır. Bu, böyük bir ritual idi: sinif rəhbəri ilə birlikdə kimin kimi təbrik edəcəyini müəyyən edirdik, hədiyyələrimizlə məktəbə gələrdik və ən həyəcanlı məqam başlayardı - kim kimə nə hədiyyə edəcək.

Çox yaxşı yadımdadır, sinfimizin dəcəl şagirdi, mənə Sovet standartlarına görə lüks hesab edilən kuklanı hədiyyə etmişdi. Bir çox oğlanın bəyəndiyi qıza etdiyi kimi, sonrakı illərdə bu oğlanın mənim bir neçə dəfə göz yaşı tökməyimə səbəb olacağını bilmədən, hədsiz dərəcədə xoşbəxt və qürurlu idim (gülür). Sevginin bax belə qəribə forması.

Çox kompliment eşitmişəm, amma ən yadda qalanı “siz o qədər cəlbedici və özünə arxayınsız ki, sizə yaxınlaşmaqdan ehtiyat edirik” (gülür).

Kamilə Babayeva, model:

Həyatımda ən sadə - çiçək və ətirdən başlayaraq bahalı zinət əşyalarına qədər çox hədiyyələrim olub. Ancaq 8 Martda ən yaddaqalan hədiyyəni qızımdan almışam. Bir neçə il əvvəl o, mənim şəkillərimdən kolaj düzəldərək hər fotoya mənə olan arzusunu qeyd etmişdi! Qızım tənbəllik etməyərək nənəsindən, babasından, xalasından, özünün və mənim yaxın dostlarımdan onların məni təbrik etməsini və öz arzularını deməsini istəmişdi! Böyük hərflərdən ibarət “ANA, 8 MARTIN MÜBARƏK!” kollajı hələ də evimizin divarındandan asılı qalır.

Hədiyyə necə olmalıdır? Əsas odur ki, sizə verilən hədiyyə başqasına bağışlanmış olmasın, daha pisi isə - orijinal adı altında saxta olmasın(gülür)

Bu, hədiyyə edilən insana, həmçinin insanın özünün özünə hörmətsizliyidir. Qadınlardan kompliment eşitmək məni həmişə məmnun edir: kişilər öz heyranlıqlarını mütəmadi bildirirlər, ancaq bir qadının xoş bir şey söyləməsi daha uzun müddət xatırlanır. Heç vaxt yadımdan çıxmaz: hamiləliyin səkkizinci ayında toyda iştirak edirdim, bir qadın mənə yaxınlaşdı və “hələ hamiləliyin bir qıza bu qədər yaraşdığını görüşmədim!” dedi.

Kəmalə Piriyeva, aktrisa:

Artıq neçənci sinifdə olduğu yadımda deyil, oğlanlar 8 Martda sinif rəhbərimizin təşəbbüsü ilə pul toplayıb sinif qızlarına ləzzətli şokolada qonaq etmişdilər.

Hər il bacımla birgə anamızı təbrik edirdik. Bacımla şəhəri gəzib, gözəl açıqca axtarıb tapar, oraya təbrikimizi yazar və mütləq əvvəllər məşhur olan -  şüşə flakonda ətri hədiyyə edərdik.

Nigar Vəkilova, fotoqraf:

Ümumiyyətlə, mənim həyat yoldaşım sözün yaxşı mənasında təəccübləndirməyi bacarır – tanışlığımızın ilk günündəcə məndən soruşdu: “Necə də gözəl gözlərin var, onlar özünündür?” – bu suala mən “xeyr, qonşudan borc götürmüşəm!” cavabını verdim. Beləcə biz tanış olduq. O vaxtdan həyat yoldaşım heç dəyişməyib.

8 Martda ən təsirli hədiyyəni də həyat yoldaşımdan almışam: o, mənə sürpriz hazırlamışdı. Baham adalarına səyahət: delfinlərlə üzmək, təmiz ağ qum, şəffaf dəniz, palmalar və əsrarəngiz gün batımı. Bunların həyatımdakı ən parlaq və unudulmaz təəssüratlar olduğunu desəm, yanılmaram. Ümumiyyətlə, 8 Marta gəlincə, hər il ilk növbədə həyat yoldaşım və oğlum məni təbrik edirlər - bu gün xüsusilə məni əzizləyirlər. Mənə səhər yeməyi hazırlayırlar, möhtəşəm gül dəstəsi, özlərinin hazırladıqları təsirli bir açıqca hədiyyə edirlər. Mən bu açıqcaları əziz xatirə kimi saxlayıram.

Fəxriyyə Xələfova, modelyer:

Hədiyyənin anlamı maddi mahiyyəti deyil, diqqətdir, onun hansı duyğularla seçilib hədiyyə olunmasıdır. Ən əsası bu gündə unudulmamaqdır. Kişilər heç bir halda sevdikləri qadınlardan soruşmasınlar: “Sənə nə hədiyyə edim?”. Sevdiyiniz insanı nəyin sevindirə biləcəyini əvvəldən düşünməli, zövqünü bilməlisiniz - əvvəldən soruşanda bütün məğzi itir, hədiyyə artıq xoşagələn sürpriz olmur.

Keçmişdə, Sovet dövründə qərənfillər ümumiyyətlə və xüsusən 8 Martda ən aktual çiçəklər idi. 6 saylı məktəbdə oxumuşam, bizim sinifimizin oğlanları hər il qızlara bir qərənfil və hansısa suvenirləri hədiyyə edirdilər. İnanmazsınız, ancaq 8 Martı bütün siniflə qeyd etmək ənənəsi hələ də qalıb. Hər il bir araya gəldiyimizi deyə bilmərəm, amma tez-tez görüşürük ...

Ən dəyərli hədiyyələrdən danışarkən hər zaman atamı xatırlayıram. O, ümumittifaq səviyyəli deputat idi və tez-tez dövlət miqyasında iclaslara gedirdi. Deputat korpusunun ərazisində isə fransız ətirlərinin satıldığı bir mağaza var idi. Əzamiyyətdən qayıdarkən anama, bacıma və mənə ətir gətirirdi. O zaman belə şeylər əlçatan deyildi, fransız ətirləri ümumiyyətlə nadir tapılırdı. Elə indi də ətirlər hər zaman məni sevindirir – bu ən xoş hədiyyədir.

Nigar Köçərli, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri:

Son illər kişilərin 8 Martda qadınlara kitab hədiyyə etmələri məni sevindirir... Hədiyyə yalnız hədiyyə xatirinə olmamalıdır. Başa düşürəm ki, bu, kişilərin işini çətinləşdirir, ancaq biz qadınlar yalnız hədiyyə deyil, həm də davranış istəyirik... Kişilər mütləq həmişə sevgi verməlidirlər.

Üçüncü sinifdə oxuyarkən 8 Martda sinif yoldaşım mənə gözəl bir mücrü hədiyyə etdi. Həmin mücrünü bu yaxınlarda qızıma verdim, öz bəzək əşyalarını orada saxlayır. Həmin sinif yoldaşımı məktəbdən sonra görmədim, ancaq uşaqlığın belə gözəl xatirələrdən ibarət olması hər zaman xoşdur.

Kreativliyi daha çox sevirəm - keçən il həyat yoldaşım mənə böyük və gözəl dekorativ ağac hədiyyə etdi: həmin ağac ofisimdədir və məni sevindirir, bundan əlavə indi ofisdə həmişə təmiz havadır.

Kamilə Babayeva, teleaparıcı:

Çox əvvəl, erkən gəncliyimdə, dəqiq xatırlamıram, bəlkə də 15-20 il əvvəl - ərim İbrahim mənə böcək şəklində bir asqı verdi. İbrahimin mənim taleyim olduğunu xəyal belə edə bilmirdim. Bu gün bir ailə olduğumuz zaman onun bu hədiyyəsi mənim üçün bir növ talisman halına gəldi, evliliyimiz bunun mənə təsadüfən verilmədiyinə işarə oldu: bu uğur böceyi xoşbəxt evliliyimizin simvoludur.

Bu bayrama xüsusi əhəmiyyət vermirəm – hədiyyə arxasınca bütün bu təlaş, qaçaqaç “hədiyyə edim və qurtarım, sonra öz işimlə məşğul olum” kimi görünür. Qabiliyyətli oğlan hər zaman öz anasına, bacısına, sevdiyinə və ümumiyyətlə zərif cinsə qarşı diqqətli olmalıdır...

Son illərdə qızım Natella məni bayram münasibətilə təbrik etməyə başlayıb. O, mənə sevimli cizgi filmi personajları ilə bəzədilmiş, çiçəklər və arzular yazılmış açıqca verəndə ürəyim fərəhlənir.

Əgər kişi onun sevdiyini nəyin şad edəcəyini bilmirsə, bu, ciddi problemdir. Ümumiyyətlə, kişi yalnız bayramlarda və yalnız öz yaxınlarına qarşı deyil, həmişə kişi kimi dürüst, nəcib, diqqətli, ləyaqətli qalmalıdır.

Seymur Zəkəriyayev