Masallının Qəriblər kənd məktəbinin direktoru ancaq qohum-əqrabasın işə götürüb?!

22:40 08-03-2021 369

Masallı rayonu Qəriblər kənd tam orta məktəbin direktoru haqqında redaksiyamıza şikayət məktubu daxil olub.

Şikayət məktubunda bildirilir ki, Qəriblər kənd tam orta məktəbin direktoru ancaq qohum-əqrabasını işlə təmin edir və məktəbi istədiyi kimi idarə edir.

Adını açıqlamasını istəməyən şikayətçinin (işdən çıxarılmağından ehtiyat etdiyinə görə) məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

"Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin şagirdlərinin adları qonşuluqda yerləşən Şığdaş və Qodman ümumtəhsil məktəblərinə saxta siniflər açmaq üçün transfer edilir. Bəzən isə bu kəndlərdə yaşayan şagirdlər, daha doğrusu, onların adları Qəriblər kənd tam orta məktəbinin şagirdləri sırasına yazılır.

Bunda məqsəd tədris ilinin əvvəlində tam və ya dərsləri bölünən siniflər açmaqla dərs saatlarını artırmaq və həmin şagirdləri bir müddət sonra yerdəyişmə etməklə təkrar faktiki oxuduqları məktəblərə qaytarmaqdır.

Şərafət Əliyevin oğlu və gəlini Bakıda yaşasalar da, adları məktəbdə müəllim və laborant kimi qeyd olunub.

Məktəb direktorunun oğlu Fürsənd Əliyev və gəlini Ülkər Məmmədli Bakıda yaşasalar da, bu məktəbdən maaş alanlar sırasındadırlar. Masallı Rayon Təhsil Şöbəsi müdirinin imzası ilə verilən 3 iyul 2015-ci il tarixli, 105/1 nömrəli məktubda məktəb direktorunun oğlunun 2011-ci ilin noyabr ayından işdən azad edildiyi və gəlininin məzuniyyətdə olduğu bildirilir.

Lakin Masalı Rayon Sosial Müdafiə Fondundan məcburi sosial sığorta ödəmələri haqqında çıxarışın fotosürətində məktəb direktorunun oğlu Fürsənd Əliyevin bu tarixdən uzun illər sonralar belə yüksək maaş aldığı və məcburi dövlət ödəmələrinə cəlb edildiyi görünür.

Bu azmış kimi, həmin sənəddə məzuniyyətdə olduğu bildirilən və Bakıda yaşayan gəlini Ülkər Məmmədlinin də laborant işləməklə bu vəzifənin stavkasına uyğun omayan yüksək əmək haqqı aldığı açıq-aydın öz əksini tapıb. Belə ehtimal edilirdi ki, məktəb direktoru laborant işləyən gəlininin adına əlavə dərs saatları da tarifləşdirib.

Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi Masallı RTŞ-nin nümayəndəsi ilə birgə şikayətçinin iştirakı ilə məktəbdə yoxlamadan sonra tərtib etdikləri aktda Şərafət Əliyevin oğlunun qonşu Şıxlar kənd ümumi orta məktəbində müəllim işlədiyi, daha doğrusu həmin məktəbin “ölü canlar”ı arasında olması rəsmiləşdirilib, lakin məlum səbəbdən tərtib edilən aktın bir nüsxəsi şikayətçiyə verilməyib.

Qarşılıqlı sürətdə qohumbazlıq və qrup halında cinayət edərək məktəbdə işə çıxmayan müəllim saxlayan bu iki direktor barəsində Təhsil Nazirliyinin heç bir tədbir görməməsi isə çox qəribədir. Ümid edirik ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin yeni rəhbərliyi keçmiş əməkdaşlarının etdiyi, daha doğrusu nəyinsə müqabilində gizlətdiyi saxtakarlıq faktını yenidən üzə çıxardacaq. 

Məktəb direktorunun qardaşı qızı Əliyeva Şahanə Lənkəran rayonunun Liman qəsəbəsində yaşayır, amma bu məktəbin müəllimidir. Bu qədər uzaq məsafədən hər gün dərsə gəlmək sinif müəlliminə mümkün olmadığı üçün onu məktəbdə tapmaq olmur. 

Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilən zaman Təhsil Nazirliyinin saytında bu məktəbdə ibtidai sinif müəllimi olan Məmmədova Yeganə adlı şəxsin də işlədiyi məlum oldu. Lakin bu adamı nəinki məktəbdə görən, heç onun kimliyini tanıyan belə yoxdur. 

Bu məktəbdə ayrı-ayrı illərdə bir sıra texniki işçilər saxta yolla işə götürülüb və maaşı mənsimsənilib. Hazırda adı məktəbdə xadimə kimi rəsmiləşdirilən Firəngiz Məmmədovanı buna misal gətirmək olar. Bu adamın məktəbə bircə gün belə gəlmədiyini bütün məktəb kollektivi təsdiq edə bilər.

Kənd məktəbinin stadionunun satılması barədə iddialara məktəbin direktoru Şərafət Əliyev mətbuata özünəməxsus formada cavab verir: Bu futbol meydançası məktəbə yaxın olsa da məktəbin ərazisinə daxil deyil. Güya rayonda hansısa məktəbin, o cümlədən bu məktəbin ərazisinin rəsmi sənədi var və direktor yaxşı edib ki, onun olan-qalan sənədsiz ərazisini də satmayıb. 

Məktəbin direktoru Şərafət Əliyev Təhsil İnstitutuna "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsinə qoşulmaq üçün onlara rəsmi məktubla müraciət edib. Layihə daxilində məktəbdə otaqlardan biri təmir edilib və ora mebel, ləvazimat və digər əyani vəsaitlər yerləşdirib. 

Daha sonra isə Təhsil İnstitutu tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə vakansiya elan edib. Bu zaman məktəb direktoru tərbiyəçi-müəllim kimi qohumlarından birinin işə götürülmsəini tələb edib. Lakin layihə rəhbərliyi kadrların yalnız test imtahanı daxilində işə təyin ediləcəyini bildirəndən sonra məktəb rəhbərliyinin layihə barədə fikri dəyişilib.

Direktor yeni işə təyin edilən tərbiyəçi-müəllimin məhz hicablı olmasını əsas gətirib onun işdən azad edilməsinə nail olmağa cəhd edib. Tərbiyəçi-müəllim kiçik yaşlı uşaqların olduğu və xalça döşənmiş otağa məktəb direktorunun ayaqqabı ilə daxil olmasına dözməyib ərizə verib işdən çıxır.

Bundan sonra yenə də test üsulu ilə keçirilən imtahanda qohumunun tərbiyəçi-müəllim təyin edilmədiyini görən məktəb direktoru icma əsaslı məktəbəqədər qrupun istifadəsində olan otaqda quraşdırılan elektrik sobasının məktəbin elektrik naqillərində qısaqapanmaya səbəb olduğunu bəhanə edib və məktəbə verilən elektrik enerjisini söndürüb.

Qrupun yerləşdiyi otağa xüsusi naqillərlə elektrik çəkiləndən sonra isə məktəb direktoru məktəbdə sinif otağı problemini bəhanə edib və məktəbəqədər qrupun bağlanması üçün müraciət edib. Halbuki, direktor özü Təhsil İnstitutuna məktəbdə qrupun fəalyyəəti üçün şərait olduğunu bildirən rəsmi məktub göndərəndən sonra həmin icma əsaslı məktəbəqədər qrup açılmışdı.

Sonda yazılanlar həm də bu məktəb direktorunun tərbiyəsi və məktəbdə işləyən müəllimlərə münasibəti barədə hər şeyi deyir.

Beləliklə ucqar bir kənddə oturub Təhsil Nazirliyinə meydan oxuyan, onlara açıq-aydın hörmətsizlik edən və onun ən ciddi strukturu olan Daxili nəzarət şöbəsini ələ alan bilən direktor tipi ilə tanış oldunuz".

Qeyd: Qarşı tərəflərin mövqeni öyrənmə bilmədik. Adıçəkilən şəxslərin fikirlərini ictimailəşdirməyə hazırıq.

tehsil

tehsil1

tehsil2

Mənbə tehsil.biz