Badamdarda yenidən torpaq sürüşməsi baş verdi

11:15 09-03-2021 495

Bakının Səbail rayonunda torpaq sürüşməsi baş verib.  APA-nın yaydığı xəbərə görə, baş verən hadisə nəticəsində yaxınlıqda olan restoranın pəncərəsi sınıb.

Sürüşmə ilə əlaqədar bir neçə gün əvvəl təmizlənən Badamdar şosesinin yenidən bağlandığı da bildirilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli geoloji Kəşfiyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib.

"Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də, son zamanlar atmofser yağıntıllarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir", - o qeyd edib.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən milletinsesi.info-a verilən məlumata görə, hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Məlumat verildiyi kimi, FHN tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan üç ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər iki quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur.

FHN-dən bildirilib ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq.

Bu gün baş vermiş lokal axıntı gözlənilən olub. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir.