Qanunu pozan bələdiyyələr - Nazir müavini Milli Məclisdə hesabat verdi

17:26 09-03-2021 414

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim edilib. Məlumatımıza görə, hesabatı Ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. 

O bildirib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 3206 müraciətə baxılıb və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib. 

Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. 

“Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan ikisi təmin edilib. 

Nazirlik tərəfindən verilmiş təklif və ya iddiaların təmini nəticəsində bütövlükdə 8217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib”, - deyə V.Zahirov əlavə edib. 

Onun sözlərinə əsasən, 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib: 

“İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”. 

Aqşin Kərimov