Həbsdən yayınmaq üçün məmur bəhanələri: “Xərçəngəm, sabaha sağ çıxmağa ümidim yoxdur

19:03 10-03-2021 423

Azərbaycanda rüşvətxor və korrupsioner məmurlara qarşı başladılan mübarizə yeni həbslərlə müşayiət olunur. Vaxtilə Naxçıvan Muxtar Respublikasında yüksək post tutmuş Əhməd Əhmədovun və Məmməd Qəribovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması bu prosesin davamlı xarakter aldığını göstərir. Siyasi müşahidəçilər qarşıdakı günlərdə daha səs-küylü həbslərin olacağını proqnozlaşdırırlar.

Yenisabah.az xatırladır ki, sabiqlərin həbsiylə bağlı proses 2013-2018-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışmış Səlim Müslümovun saxlanılması ilə start götürüb. Keçmiş nazirin həbsindən dərhal sonra onun “sağ əli” sayılan Əjdər Cəbiyevin saxlanılması bu “xəmirin” hələ çox su aparacağı qənaətini yaratdı. Vaxtilə ƏƏSMN-də yüksək post tutmuş daha bir neçə keçmiş məmurun istintaqa cəlb edilməsiylə bağlı xəbərlərin dövriyyəyə buraxılması bu ehtimalı daha da qüvvətləndirib.

Naxçıvan Muxtar Respublikasında Daxili İşlər, Təhsil naziri vəzifələrində çalışmış Əhməd Əhmədov və Məhəmməd Qəribovun həbsi diqqəti yenidən sabiq məmurlara yönəldib. Növbədə kimlər var? Daha hansı keçmiş məmur ərəb şeyxlərinə xas həyat tərzini ağır və məşəqqətli həbsxana mühiti ilə əvəzləyə bilər?

Qeyd edək ki, mətbuatın fəaliyyətini ən çox təftiş etdiyi sabiq məmurların siyahısına Prezidentin keçmiş köməkçisi Əli Həsənov başçılıq edir. KİV Fondunun icraşı direktoru Vüqar Səfərlinin həbsindən sonra Əli Həsənovun personası daha çox müzakirə olundu. Vüqar Səfərlinin külli miqdarda dövlət əmlakını məhz Əli Həsənovun himayəsi nəticəsində talan etdiyi, əldə olunan vəsaitin böyük hissəsinin birinciyə çatdığına dair xəbərlərin yayılması onun da zindanın ağır qapılarının astanasında olduğunu düşünməyə əsas verirdi.  Səfərli ilə bağlı istintaq hərəkətlərinin yekunlaşmaması bu ehtimalı hələ də qüvvədə saxlayır.

Yeri gəlmişkən, qeyd edək ki, Əli Həsənov onu gözləyən təhlükədən xəbər tutan kimi həbsdən yayınmaq üçün ağlasığmaz üsullara əl atdı. Onun ötən ilin avqustunda qəfildən ölkəni tərk etməsi birmənalı qarşılanmamışdı. Sabiq şöbə müdiri Türkiyəyə üz tutmağını səhhətiylə əlaqələndirib, bir müddət özünün məzlum görkəmini yaratmağa nail olsa da, diqqəti uzun müddət hədəfdən yayındıra bilmədi. Hətta “kəskin ürək ağrılarından əziyyət çəkirəm, sabaha sağ çıxmağa ümidim yoxdur” məzmunlu bəyanatları da Həsənovun köməyinə çatmadı. Media ictimaiyyəti Əli Həsənovun itintaqa cəlb edilməsiylə bağlı tələbi davamlı təkrarlayandan sonra o, Azərbaycana qayıtmağa qərar verdi. Özünün dediyinə görə, hazırda “ev şəraitində müalicə olunur”.

Xatırladaq ki, analoji təcrübədən yararlananlardan biri də “yeraltı dünyasının kralı” Tağı Əhmədovdur. Uzun illər Bakı Metropoliteninə rəhbərlik etmiş Tağı Əhmədov sahib olduğu sərvətin miqyasına görə, ölkənin ən avrlı adamlarından biri sayılır. Deyilənlərə görə, istintaq orqanları da bunun fərqindədir və Əhmədovun “qaranlıq dünya”da qazandıqlarını “işığa” çıxarmaq niyyətindədir. Digər sabiq məmurlarla yanaşı, Tağı Əhmədov barəsində də istintaq hərəkətlərinin aparılması gözlənilir.

Məlumatlara görə, sabiq rəis bunun fərqində olduğu üçün “özünü xəstəliyə vurub”. Yaxın keçmişə nəzər salmaqla analoji xəbərlərin mətbuata yol tapdığını görə bilərik. Həmin xəbərlərin məzmunu təxminən belədir: “Tağı Əhmədovun vəziyyəti ağırdır, həkimlər ayağının birini kəsib”.

Onu da bildirək ki, Tağı müəllimin səhhətinin pisləşdiyinə dair xəbərlər dövriyyəyə buraxıldığı ərəfədə onun mobil telefonuna həyat yoldaşı cavab verirdi.

Sonda qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimovun da eyni üsuldan yararlandığını söyləmək mümkündür. Uzun müddətdən bəri ABŞ-da müalicə olunan nazirin xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkdiyi bildirilir. Maraqlısı isə odur ki, müavinləri hər gün Azad müəllimlə danışdıqlarını, nazirliyin onun tərəfindən idarə olunduğunu bildirirlər...