Yol Polisi hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT EDİB

09:52 12-03-2021 234

Baş Dövlət Yol Polisi İdarəsi kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağa çağırıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda yağış, qar yağması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə sürücülərin son dərəcə diqqətli və ehtiyatlı olmağı tövsiyə olunub.

Belə ki, yollarda sürücülərin qəfil tormozlama aparmamaları, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələri, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi tövsiyə edilib.

Məlumatda zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələri də qeyd olunub.