Təhsil eksperti: “Əmək haqqının az olması keyfiyyətli işləməmək üçün səbəb deyil”

23:55 11-03-2021 315

Dövlət qurumunda, xüsusilə dövlət təhsil müəssisələrində çalışan işçilər keyfiyyətli nəticənin olmamasını əmək haqqının az olması ilə əlaqələndirirlər.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov “Facebook”da paylaşıb.

O bildirib ki, əmək haqqı ən vacib faktordur, amma bunun günahkarı şagirdlər deyil. 

“Misal üçün, məktəb psixoloqları 250-300 manat əmək haqqı alır. Bəli, bu məbləğə heç nə etmək mümkün deyil. Amma bu işləməmək, yəni keyfiyyətli işləməmək üçün səbəb deyil. Əmək haqqı qane etmir? Zəhmət olmasa, çıx işdən. Ancaq şagirdlərini bədbəxt etmə.

İşinin öhdəsindən layiqincə gəlməyə çalışanlar və gələnlər var, lakin onlar çox azdır. 
Mən bütün məktəblərin sosial şəbəkə səhifələrini, internet saytlarını axtardım, nə motivasiya məqaləsi, nə psixoloji test, nə də stimul verici araşdırma tapa bildim.

Amma o ştat vahidini tutanlar sosial şəbəkələrdə qalaq-qalaq təriflər yazıb, paylaşımlar edirlər. 
Nazirliyin hansına əməkdaşı canlı yayım edəndə girib şərhlərə “filan məktəbin psixoloqu, salam” yazırlar.

Mən bütün çatışmazlıqların günahını psixoloqlarda görmürəm. Təhlükə böyükdür. Hər kəs daşın altına əlini qoymalıdır. Yoxsa mənim əmək haqqım azdır deyib, kənara çəkilmək olmaz. 
Məktəb direktorlarının şəkil çəkdirməkdən başları ayılsa, internet resurslarına nəzarət edərdilər”, - ekspert bildirib.