Həbsdə olan Eldar Həsənovun vəkili: "Qısa müddətdə həyatını itirə bilər"

10:03 12-03-2021 324

Həbsdə olan keçmiş səfir və baş prokuror Eldar Həsənovun vəkili onun həyatının təhlükə altında olduğunu deyir.

Yeniavaz.com xəbər verir ki, vəkil Adəm Məmmədov əgər təcili tədbir görülməsə, müvəkkilinin qısa müddətdə həyatını itirə biləcəyini deyib: "Bir neçə gün bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında Eldar Həsənovla görüşmək istəsəm də, o, ağrılarına görə kameradan çıxa bilmədi. Səhhətində təhlükəli problemlər var. Bu da kəskin ağrılar verir", - deyə vəkil bildirib.

Məmmədov müvəkkilinə tibbi yardım göstərilməsi üçün Baş Prokurorluğa müraciət edib. Dediyinə görə, müraciətdən bir aydan çox vaxt keçsə də, heç bir cavab ala bilməyiblər: "Belə münasibət Eldar Həsənovun fiziki cəhətdən məhv olmasının arzulandığını göstərir. Dövlətinə uzun müddət xidmət edən 66-yaşlı şəxsə qarşı bu ədalətsiz və qanunsuz münasibət dünyanın heç bir yerində yoxdur", – vəkil belə deyir.