COVİD-lə mübarizə aparan həkimlər: Dekabrdan maaşa əlavəni ala bilmirik

10:15 13-03-2021 405

“Bizə əməkhaqqı ödəmək istəmirlər, amma Kubadan dəvət edilən həkimlərə 6 min avro maaş ödənilib”

Koronavruslu xəstələrlə işləyən həkimlərin əməkhaqqına edilən əlavələrin 50 faiz azaldıldığı bildirilir. Meydan TV-yə bu barədə adının açıqlanmasını istəməyən baş həkim məlumat verib. Onun sözlərinə görə, tibb işçilərinə bu haqda martın 11-də məlumat verilib.

Bildirilib ki, həkimlərin maaşına əlavələr 50 faiz, tibb işçilərin maaşına əlavələr isə 30 faiz azaldılıb: “Tibb işçiləri dekabr ayından indiyədək koronaviruslu xəstələrlə işlədikləri üçün əlavələri ala bilmirlər”.

Məlumatı Klinik Tibbi Mərkəzdə çalışan iki həkim də təsdiqləyib.

Şikayətçilər deyiblər ki, hələlik adlarının açıqlanmasını istəmirlər, çünki narazılıq edənlərə son 3 ayın əlavələri ödənilməyə bilər:

«Səbəb kimi son vaxtlar infeksiyaya yoluxanların sayının azalması göstərilir. Lakin əvvəlcədən xəstələrin sayının azalacağı təqdirdə ödənişlərin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilməyib. Xəstə sayı azalsa da, gərgin rejimdə çalışmışıq, günlərlə yaxınlarımızın, doğmalarımızın üzünə həsrət qalmışıq. Aramızda xəstəliyə yoluxanlar çoxdur. İş prosesində yoluxsaq da, öz vəsaitimizlə müalicə almışıq. Bizə əməkhaqqı ödəmək istəmirlər, amma Kubadan dəvət edilən həkimlərə 6 min avro maaş ödənilib. Halbuki biz onlarla bərabər, həyatımızı təhlükəyə atıb işləmişik».

Həkimlərdən biri deyib ki, xəstəxanada şöbələr sığortalı xəstələr üçün hazırlanır. Narazı həkimlərə ixtisar adı ilə işdən uzaqlaşdırılacaqları ilə bağlı hədə-qorxu da gəlinib:

«Təsəvvür edin, elə vəziyyət yaranıb ki, TƏBİB Səhiyyə Nazirliyinə rəhmət oxudur. Heç kim TƏBİB rəhbərliyinə yaxın düşə bilmir, yazılan müraciətlərə baxılmır. TƏBİB-in binası qalaya çevrilib, həkimlər qəbula gedib dərdin deyə bilmirlər, Ramil Bayramlının qapısı önündə bir neçə mühafizəçi keşik çəkir. Baş həkim və onun müavinləri də həkimləri dinləmir, çünki problem yuxarı qurumlardan qaynaqlanır. Gələn ay Bakıda tibbi sığorta tətbiq ediləcək, ancaq həkimlərin özləri belə tam məlumatlı deyil. Bir az pulu, adamı olanlar özəl klinikalara gedirlər, yarı faizə işləmək daha sərfəlidir. Həkim dolanmaq üçün xəstəyə yüklənir, çünki məcburiyyət qarşısında qalıb».

Koronaviruslu xəstələrlə işləyən təcili yardım həkimlərindən biri isə bildirib ki, ilin əvvəlindən əlavələrin azaldılacağını elan etməyiblər. Onsuz da koronaviruslu xəstələrlə işləmək istəyənlər azdır, bu qərardan sonra daha da azalacaq: «Təcili yardımda çalışanların əksəriyyəti orta yaşlı həkimlərdir. Cavanlar nə dövlət xəstəxanalarında, nə də təcili yardım xidmətində işləmək istəmirlər. Gərgin rejimdə çalışırıq, buna baxmayaraq əlavə ödənişlər də kəsilib. Artıq prossesə nəzarəti itiriblər, şikayətlərə baxan yoxdur».

Həkimlər onu da deyirlər ki, pulun azalması müqabilində iş saatı azaldılmayıb. Onlar iş günlərinin azaldılmasını təklif edirlər. Hazırda ölkə rəhbərliyinə müraciət üçün imza toplandığı bildirilir.

Nazirlər Kabineti ötən ilin martında “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib. Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində, pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində əlavələr ödənilməsi nəzərdə tutulub. Tibb işçiləri sonuncu dəfə bu ilin yanvarında dekabr ayının əlavə ödənişlərini ala biliblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə açıqlamasında bildirib ki, yanvar ayı üzrə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələrin ödənişi davam edir. Ödənişlərin 11 mart tarixində başa çatması nəzərdə tutulur. Dövlət tibb müəssisələri tərəfindən siyahılar göndərildikdən sonra agentlik fevral ayı üzrə də ödənişlərə başlayacaq.

Ancaq həkimlər bildiriblər ki, martın 11-də günün sonunadək əlavələr ödənilməyib.

Yazı dərcə hazırlanarkən təkrar şikayətçilərlə əlaqə saxladıq və onlar hələ də pullarını ala bilmədiklərini bildiriblər: “Hələ almamışıq. Deyiblər ki, yanvar ayı üçün 50 faiz az ödəniləcək”.